Yeni Azərbaycan Partiyasının fevralın 8-i Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən VI qurultayı ilə bağlı yeni məlumat var. AZƏRTAC xəbər verir ki, partiyanın sədri, prezident İlham Əliyev nitq söyləyib, YAP-ın tarixindən, təşkilatın ölkənin və cəmiyyətin həyatındakı rolundan bəhs edib.
Sonra Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevin, YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quliyevanın, Milli Məclisin deputatı Rəşad Mahmudovun, Gəncə şəhərindən olan iş adamı Elnur Camalxanovun, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanovanın, ADA Universitetinin tələbəsi Emil Aslanlının çıxışları olub. Çıxışlarda aprelin 11-də keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklif edilib.
VI qurultay İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar çıxarıb. Qərarı YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov təqdim edib.
Novator.az bildirir ki, İlham Əliyev 1961-ci il dekabrın 24-ü Bakı şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil müəssisəsinin aspiranturasını bitirib, orada müəllim işləyib.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışan İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti olub.
1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilib. Həmin ilin oktyabr ayından Azərbaycanın prezidentidir.
2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.
İlham Əliyevin atası Heydər Əliyev 1969-1982-ci (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) və 1993-2003-cü illərdə (əvvəl Milli Məclisin sədri, sonra prezident) Azərbaycana rəhbərlik edib.
11 aprel 2018-ci ildə Azərbaycan 9-cu dəfə prezident seçəcək.
1990-cı ildə prezidentlik institutu təsis olunanda ilk prezident – Ayaz Mütəllibov – parlamentdə seçilib.
Azərbaycanda ümumxalq səsverməsi ilə ilk prezident seçkisi isə 1991-ci il sentyabrın 8-də keçirilib. Həmin seçkidə dövlət başçısı Ayaz Mütəllibov qalib gəlib.
Ayaz Mütəllibov istefa verdiyi üçün 1992-ci il iyunun 7-də növbədənkənar prezident seçkisi keçirilib. Bu seçkidən Əbülfəz Elçibəy qalib çıxıb.
1993-cü ildə Əbülfəz Elçibəy istefaya göndərilib. Həmin il oktyabrın 3-də keçirilən növbədənkənar seçkidə Heydər Əliyev dövlət başçısı seçilib.
1998-ci il oktyabrın 11-də keçirilən növbəti seçkidə Heydər Əliyev yenidən prezident olub.
Sonrakı üç seçkidə – 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da İlham Əliyev prezident seçilib.