1990-cı ilin yanvar hadisələri ilə bağlı xatirələrini “Facebook” səhifəsində bölüşən siyasətçi İsa Qəmbər növbəti qeydlərini təqdim edib.
İsa Qəmbər xatirələrini 2018-ci ilin yanvar ayının əvvəllərindən bölüşməyə başlayıb (Bax: 1, 2). Amma 1990-cı ilin yanvar ayının 8-dək olan hadisələr barədə qeydlərini yayandan sonra onun səhhətində problemlər baş qaldırıb və bu səbəbdən prosesdə fasilə yaranıb.
Fevralın 1-də İsa Qəmbər mövzuya qayıdaraq 1990-cı ilin yanvar ayının 8-dən sonra baş verənlərin qısa xronologiyasını təqdim edib.
İsa Qəmbər 1 fevral qeydində bildirib ki, əslində o, 1990-cı ilin yanvar hadisələri haqda, hətta çox qısa da olsa, memuar kimi bir şey yazmalıydı: “Bu isə indilik mənim planlarıma daxil deyildi. Vaxt da çox az idi. Elə bütün bunları düşünürkən hər şey öz-özünə həll olundu: xəstələndim, 4-5 günümü xəstəxanada keçirməli oldum, yazı-pozu işləri təxirə düşdü.
Belə qərara gəldim ki, yazdıqlarımı ümumiləşdirim və təqdim edim. Qismət olarsa mövzuları davam etdirərik”.Novator.az saytı İsa Qəmbərin 1990-cı ilin yanvar hadisələri ilə bağlı fevralın 1-də “Facebook” səhifəsində yaydığı qeydləri oxucuların diqqətinə çatdırır.
8-11 yanvar. Ölkəmizdə vəziyyətin ağırlaşması, cəmiyyətdə gərginliyin artması.
9-10 yanvar. Xanlar rayonunda sovet əsgərlərinin və sovet helikopterlərinin iştirakı ilə dinc əhaliyə atəş açılması.
11 yanvar. AXC Lənkəran rayon təşkilatının Lənkəran şəhərində bütün dövlət idarələrini nəzarətə götürməsi və bunun “SSRİ rəhbərliyinin Qarabağ məsələsində yanlış və ədalətsiz siyasətinə cavab və xəbərdarlıq olduğunu” bildirən bəyanat yayması.
12 yanvar. AXC konfransından və Məclisindən sonra ilk dəfə İdarə Heyətinin iclasında iştirakım.
13 yanvar. Azərbaycan Kommunist Partiyası rəhbərliyinin bilavasitə iştirakı və təşviqi ilə “radikallar”ın liderlərinin Milli Müdafiə Şurası yaratması.
13 yanvar. AXC İdarə Heyətinin iclası (əslində 12 yanvardan başlayaraq 23 yanvara qədər İdarə Heyəti demək olar ki, fasiləsiz iş rejimində idi), Milli Müdafiə Şurasının yaradılmasının müzakirəsi, şuraya münasibətin müəyyənləşdiriliməsi və Azadlıq meydanında mitinq.
13 yanvar. Bakıda sovet KQB-sinin təşkil etdiyi iğtişaşlar.
14 yanvar. KP MK binasında AXC rəhbərliyi ilə SSRİ və Azərbaycan rəhbərliyinin təmsilçiləri arasında görüş.
16 yanvar. KP MK binasında AXC rəhbərliyi ilə SSRİ və Azərbaycan rəhbərliyinin təmsilçiləri arasında ikinci görüş.
15-18 yanvar. Gərginliyin və cəmiyyətdə radikallaşmanın yüksəlişi.
17-21 yanvar. KP MK binası qarşısında fasiləsiz mitinq.
18 yanvar. KP MK binasında AXC rəhbərliyi ilə Əbdürrəhman Vəzirov arasında görüş.
19 yanvar. AXC İdarə Heyətində gərgin müzakirələr və qırğının qarşısının alınması cəhdləri.
19 yanvar axşam. AzTV-ni KQB diversantlarının partlatması. Bizim İdarə Heyətinin bir neçə üzvü ilə ora gedərək minlərlə qəzəbli insanın qarşısında çıxış etməyimiz və onları TV həyətinə və binasına daxil olmaqdan çəkindirməyimiz.
19 yanvardan 20 yanvara keçən gecə. SSRİ rəhbərliyinin 20 Yanvar cinayəti.
20 yanvar. Səhər. Mərkəzi Komitənin binası qarşısında mitinqdə iştirakım.
20 yanvar. AXC İdarə Heyətində müzakirələr. Bəyanat qəbul etdik və baş verən faciəni Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin cinayəti, Əbdürrəhman Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyinin bu cinayətdə iştirakı kimi qiymətləndirdik. Eyni zamanda bu faciədə AXC rəhbərliyi, xalq hərəkatı rəhbərliyi kimi öz səhvlərimizin olduğunu da qeyd etdik.
20 yanvar axşam. KP MK qarşısında mitinqdə iştirak etdim və çıxışımda AXC-nin qeyd etdiyim bəyanatını da oxudum. Sovet tankının dinc kütləyə hücumu.
21 yanvar. Növbəti dəfə mitinqdə olduq və bəyanatı bir daha iştirakçılara oxudum.
21 yanvar axşam. AXC rəhbərliyinin qərarı ilə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasının keçirilməsini təşkil etdik, kommunist rəhbərliyin müqavimətinə baxmayaraq fədakar bölgə cəbhəçilərinin fəaliyyəti nəticəsində sessiyada yetərsayı təmin etdik.
22 yanvara keçən gecə. AXC rəhbərliyinin israrlı təkidi və yenə də bir sıra cəbhəçinin fədakarlığı ilə Ali Sovetin 20 Yanvar cinayəti ilə bağlı çox sərt, güclü və tarixi qərarlarının qəbul edilməsinə nail olduq.
22 yanvar. Şəhidlərimizin dəfn mərasimi təxminən 2 milyon adamın iştirakı ilə baş tutdu. Tanklar və silahlı əsgərlərlə hər tərəfi sarmış sovet ordusu bu möhtəşəm hadisəyə müdaxilə edə bilmədi. Dəfn mərasimində çıxış etdim və AXC-nin mövqeyini xalqa təqdim etdim.
23 yanvar. Sovet ordusu AXC-nin qərargahını ələ keçirdi və biz bir neçə ay qərargahsız fəaliyyət göstərməli olduq.
23 yanvar. İnformasiya daxil oldu ki, bu gün AXC İdarə Heyətinin üzvləri həbs ediləcək. Həbs təhlükəsi daha real olan İdarə Heyəti üzvlərinə xəbəri çatdırdıq ki, ehtiyatlı olsunlar, tövsiyə etdik ki, bir neçə gün evdə gecələməsinlər. Mən özüm də 30 yanvara qədər bir həftə müxtəlif ünvanlarda gecələdim. Sonradan məlum oldu ki, həmin günlər bir sıra İdarə Heyəti üzvlərinin evinə gəliblər. Qonşularımın dediyinə görə, bizim evə də gəliblərmiş.
23-30 yanvar. Dediyim kimi, evdə gecələməsəm də gündüzlər şəhərə çıxır, AXC rəhbərliyi və fəalları ilə görüşür, müzakirələr və fikir mübadiləsi aparır, müvafiq qərarlar qəbul edirdik. Məhz həmin günlərdə Azərbaycanda 40 gün davam edən ümumrespublika tətili başladı. Biz bu tətili idarə etməyə, fəhlə və işçilərə yardım etməyə çalışırdıq.
27 yanvar. Şəhidlər xiyabanında şəhidlərin yeddi mərasimində iştirak etdim və çıxış etdim. AXC-nin ümumrespublika tətilinə münasibətini, qərar və tövsiyələrini xalqa çatdırdım.
30 yanvar. Baltikyanı respublikaların xalq hərəkatı liderləri Riqada AXC və Erməni Ümummilli Hərəkatı təmsilçilərinin görüş və danışığını təklif etdi. Biz AXC rəhbərliyində təklifi hərtərəfli dəyərləndirdikdən sonra qəbul etdik. AXC-ni təmsil etmək hüququ verdiyimiz Sabit Bağırov və Hikmət Hacızadənin ora gedib çıxa bilməsi üçün variantları araşdırdıq. Ən maraqlı variantlardan birini dəyərli dostumuz Ağamalı Sadiq Əfəndi təklif etdi: onun maşınında Mahaçqalaya gedib, oradan uçaqla getmək. Sonra daha sadə variant tapıldı.
P.S. Bu il 20 Yanvar mövzusu hər zamankından daha dərin araşdırılmağa başlandı, o dövrün sənəd və çıxışları üzə çıxmağa başladı, köhnə və yeni xatirələr cəmiyyətə təqdim olundu. Ola bilər ki, bunun üçün mənim qısa qeydlər taktikam da işə yaradı.
Ciddi bir yenilik ortaya çıxdımı? Mənim üçün yox.
Əsas odur ki, mövzu aktuallaşdı!
Mənim də istədiyim bu idi. Çünki ötən 28 ildə mənim 20 Yanvar hadisəsinə baxışımda heç bir ciddi yenilik olmayıb. 1990-cı il yanvarın 20-də qəbul etdiyimiz AXC İdarə Heyətinin bəyanatında təqdim etdiyimiz tezislər (1. Baş verən faciənin Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin cinayəti olması, 2. Əbdürrəhman Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyinin bu cinayətdə iştirak etməsi; 3. Eyni zamanda bu faciədə AXC rəhbərliyi, xalq hərəkatı rəhbərliyi kimi öz səhvlərimizin olması) həm də mənim mövqeyim idi. Və bu mövqeyim indiyə qədər də dəyişməyib.
Son günlər gedən müzakirələrdə isə əsas gəldiyim nəticə bundan ibarət idi ki, 20 Yanvar hələ də bitməyib. Bu fikrimi Müsavat Məclisinin 27 yanvar 2018-ci il tarixli sessiyasında ifadə etmişəm: “Azərbaycan üçün 20 Yanvar bitməyib. Çünki Azərbaycanı gerçək müstəqil həyatı ilə yaşamağa imkan verməyən Rusiya imperializmi mövcudluğunu davam etdirir. Bu siyasəti davam etdirən Putin hakimiyyəti mövcudluğunu davam etdirir. Vəzifə naminə, hakimiyyət naminə Moskvanın hər bir tapşırığını həyata keçirməyə hazır olan şəxslər Azərbaycanda hakimiyyətdə əyləşiblər. Sabah onlara deyilsə, SSRİ-nin bərpasına da imza atarlar, rus ordusunun Azərbaycana gəlməsinə də imza atarlar. Yenə də şöhrət naminə populizmə hazır olan, vəzifə naminə, karyera yüksəlişi naminə hər cür avantürizmə hazır olan insanlar Azərbaycan siyasətində at oynatmaqda davam edirlər.
20 Yanvarı doğuran şərtlər bu gün bütün gücü ilə ortadadır”.
İsa Qəmbər 1957-ci il fevralın 24-də Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1979-1989-cu illərdə Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.
Siyasətə 1980-ci illərin ikinci yarısında qoşulan İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra İsa Qəmbər bir müddət həbsdə olub.
1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutmuş İsa Qəmbər hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.