2017-ci ildə Cinayət Məcəlləsinin 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) yeni bənd əlavə olunub. Həmin bəndə əsasən, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır.
57-ci maddədə yeniliyə görə, məhkəmə ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumun ən azı 25 il həbsdə olduğunu, cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq azadlıqdan məhrumetməni 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
Dövlət Statistika Komitəsinin hesabatına görə, 1998-2016-cı illərdə Azərbaycanda 260 nəfər ömürlük həbs cəzası alıb.
1998-ci ildə ölüm cəzası ləğv olunandan sonra bu hökm altında yatan şəxslərin cəzası ömürlük həbslə əvəzlənib. Həmin məhbuslar cəzalarının müddətli həbslə əvəzlənməsini istəyirlər. Onların içində 25 ildən çox cəza çəkənlər var.
Ömürlük məhkumlardan cəzadan azad olunmaq üçün müraciət edənlər varmı?
2017-ci ilin mayında yaradılmış Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı fevralın 1-də Novator.az-a bununla bağlı açıqlama verib. Ömürlük məhbusların işi ilə müntəzəm məşğul olduqlarını deyən komitə sədri bildirib ki, onlarla bağlı müsbət qərarların veriləcəyini gözləyirlər: “Hər həftə iclas keçiririk, sırf ömürlük məhbusların işləri və müraciətləri ilə məşğul oluruq. Bu günə qədər bizə həmin məhbuslardan 100-dən artıq müraciət daxil olub.
Ömürlük məhbuslarla bağlı əvvəlki qanunvericilikdə də 25 illik müddət yer alırdı, amma bu müddəa işləmirdi. Qanuna son dəyişikliklərdən sonra isə göstərilən müddəti nəzərə alaraq müraciət etmək imkanları reallaşıb. Əvvəlki qanunvericiliklə 25 ildən sonra müraciət edəndə həbs müddəti 15 ilə qədər uzadıla bilərdi. Yeni dəyişikliklərdən sonra bu, 10 il olub.
Qanunvericilikdə bir yenilik də var ki, ömürlük məhbuslar cəzasının yüngülləşdirilməsi üçün istənilən vaxt müraciət edə bilərlər. Ən vacib məqam da budur. Amma yeniliklər qüvvəyə minəndən sonra qeyri-rəsmi cavab verildi ki, Konstitusiya Məhkəməsi o qanunvericiliklə bağlı şərh verəcək və detallar daha aydın göstəriləcək.
Müdafiə komitəsi ömürlük məhbusların cəzasının müddətli cəza ilə əvəzlənməsi xahişi ilə dəfələrlə prezidentə, Milli Məclisə, Əfv Komissiyasına, digər aidiyyəti orqanlara müraciət edib. Fəaliyyətimiz məhz bu istəyin üzərində qurulub. Ömürlük məhbuslar hər zaman əfv və ya amnistiya olanda kənarda qalıb. İndi isə bu məsələ, hələlik nəticə olmasa da, gündəmə gəlib. Həmin məhbuslar içərisində 25 ilini tamamlayanlar, Qarabağda döyüşənlər və xidmət göstərənlər, xəstələr və digər güzəşt edilə biləcək kateqoriyaya aid olanlar var. Müraciətlərimizdə bu məqamların hamısı göstərilib”.
Vaxtilə ölüm cəzası alıb sonradan cəzası ömürlük həbslə əvəzlənən şəxslərin işinə gəldikdə, Akif Nağı bildirib ki, hazırda belə məhbusların sayı təxminən 70 nəfərdir: “Bizə müraciət edənlərin əksəriyyəti də həmin şəxslərdir. Müxtəlif rəsmi orqanlara göndərdiyimiz müraciətlərin içərisində həmin şəxslərin də adları yer alır. Axırıncı belə siyahını ötən ilin dekabrında göndərmişik və siyahıda 24 məhbusun adı var. Onların da 10-15 nəfəri elə vaxtilə ölüm hökmünə məruz qalanlardır, 25 ilini başa vuran, səhhətində problemlər yaşayan və digər kateqoriyalı şəxslərdir.
1998-ci ilədək ölüm cəzası almış şəxslərin ömürlük məhbusa çevrilməsi bir uyğunsuzluq olub. Həmin şəxslərin ömürlük məhbus edilməsi haqqında qərarı Milli Məclis verib, onun isə belə qərar vermək səlahiyyəti yoxdur. Çünki Mili Məclis məhkəmə orqanı deyil.
İkincisi, güllələnmə götürülən dövrdə bundan aşağı ən ağır cəza 15 il olub. Konstitusiya Məhkəməsinin şərhindən sonra belə şəxslərin işində ciddi irəliləyişlər gözləyirik”.