Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür. Milli Şuranın, Müsavat Partiyasının və digər demokratik qüvvələrin təmsilçiləri yanvarın 31-də Bakının Novxanı kəndində Rəsulzadəni anıblar. Mərasimlər Rəsulzadənin abidəsi önündə keçirilib.
Azadliq.org-un məlumatına görə, Müsavat Partiyasının anım mitinqində çıxış edən başqan Arif Hacılı bu il keçiriləcək prezident seçkisinə toxunub, seçkidə cümhuriyyətin gerçək dəyərlərini bərpa etmək niyyətində olduqlarını bildirib.
Novator.az bildirir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Novxanı kəndində anadan olub. Bakıdakı II rus-müsəlman məktəbində, Bakı Texniki Məktəbində təhsil alıb.
1903-cü ildə Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial Demokrat Təşkilatının yaradıcılarından olub. 1907-ci ildə RSDFP-dən uzaqlaşıb rus müstəmləkə üsul-idarəsinə qarşı fəaliyyətə başlayıb.
1911-ci ildə Müsavat Partiyasının qurulmasında iştirak edib. Partiyanın ilk başqanı olub. 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan edən Milli Şuraya sədrlik, daha sonra Azərbaycanın ilk parlamentində Müsavat fraksiyasına başçılıq edib.
1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə həbs olunub, azadlığa çıxandan sonra Moskvada yaşayıb. 1922-ci ildə Finlandiyaya, oradan Fransaya, sonra Türkiyəyə gedib. 1955-ci il martın 6-sı Ankarada vəfat edib, “Əsri” qəbiristanlığında dəfn olunub.