İdxalı azaltmaq tapşırıqları
- 30 Yanvar 2018
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunan 29 yanvar konfransında çıxış edən prezident İlham Əliyev bəzi tapşırıqlar qoyub. O, məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisinin davam etdiriləcəyini vurğulayıb: “Bu məsələyə çox böyük diqqət göstərilir. Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Keçən il Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib – 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik.
Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr işğaldan azad olunmuş torpaqlarda icra edilib. Bu layihələrin icrası eyni zamanda onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar.
Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək. Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə – ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaq. Ancaq bu, minimum proqramdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracağıq”.
Dövlət başçısı sərmayə qoyuluşu məsələsinə toxunaraq deyib: “Bu gün bölgələrə sərmayə qoyan daha çox yerli iş adamlarıdır. Əlbəttə, burada iqlim amili də var. İndi hansısa məhsulu yetişdirmək üçün müəyyən bir regionda sərmayə qoyulmalıdır. Eyni zamanda rayonlarda yaşanan mühit, mövcud olan ab-hava, investisiya iqlimi də rol oynayır. Ona görə yerli icra orqanları bu işlərdə daha fəal olmalıdırlar. Onlar iş adamlarını cəlb etməlidirlər ki, gəlib sərmayə qoysunlar. Ancaq iş adamı sərmayə yatırmaq istəyəndə bəzi hallarda onların qabağına müəyyən şərtlər qoyurlar. Düzdür, belə hallar azalıb, amma hələ də var. Ona görə yerli icra orqanları sərmayəni cəlb etməlidirlər.
Mən keçən il cəlb edilmiş sərmayələrlə bağlı birinci yerlərdə olan rayonları qeyd etmək istəyirəm. Həm keçən il qoyulmuş sərmayənin, həm də bu investisiya layihələrinin ümumi həcmi ilə bağlı. Beləliklə, keçən il sərmayə qoyuluşuna görə ilk onluğa bu rayonlar daxil edilib – Salyan, Qəbələ, Qazax, Lənkəran, Abşeron, Ağstafa, Sumqayıt, Xaçmaz, Gəncə, İsmayıllı. Keçən il ən çox investisiyalar bu rayonlara qoyulub. Ancaq ümumi həcminə görə 100 milyon manatdan çox olan sərmayə layihələri beş rayonda icra ediləcək. Onların arasında birinci yerdə Abşeron rayonudur. Qoyulacaq sərmayənin həcmi 250 milyon manat səviyyəsində gözlənir. İkinci yerdə Sumqayıt şəhəridir, 186 milyon manat. Üçüncü yerdə Saatlı rayonudur, 152 milyon manat. Dördüncü yerdə Salyan rayonudur, 126 milyon manat. Beşinci yerdə Qəbələ rayonudur, 116 milyon manat. Yəni həcmi 100 milyon manatdan artıq olan layihələr rayon üçün, əlbəttə ki, çox yaxşı rəqəmdir. Yüz milyon manata bir qədər çatmayan, – amma mən onu da qeyd etməliyəm, – Gəncə şəhəridir, 98 milyon manat investisiya qoyuluşu nəzərdə tutulur. Yəni bunlar çox böyük rəqəmdir, çox yaxşı göstəricidir. İndi məndəki bu cədvəldə bütün rayonlara qoyulan və qoyulacaq sərmayənin həcmi var. Bu, geniş, ciddi təhlil ediləcək. Ancaq deməliyəm ki, bu proses artıq başladı. Burada həm dövlət qurumları, həm də iş adamları və yerli icra orqanları birgə işləyirlər və birgə işləməlidirlər”.
Xarici ticarət göstəricilərindən söz açan İlham Əliyev bəzi məhsullar üzrə idxalı azaltmağın mümkün olduğunu vurğulayıb: “Keçən il buğdanın alınması üçün xaricə 227 milyon dollar valyuta gedib. İndi buğdanın böyük hissəsi Azərbaycanda istehsal olunacaq. Kərə yağı – 50 milyon dollar. Yeni süd zavodlarının tikintisi və mövcud süd zavodlarında kərə yağı xətlərinin yaradılması mütləq təmin edilməlidir. İndi sahibkarlara kreditlər veriləndə də bu məsələ nəzərə alınsın. Mineral və qazlı sular – xaricə 48 milyon dollar gedir. Baxmayaraq ki, bizdə bu qədər gözəl bulaqlar, yeraltı sular var, istehsal edirik, ancaq çatmır. Nə etmək lazımdır? Mövcud su müəssisələrinin gücünü artırmaq lazımdır. Yenə də dövlət öz dəstəyini göstərsin, sahibkarlar da fəal olsunlar, Azərbaycanın daxilində 48 milyon dollarlıq bazar var. Əgər biz bunu istehsal etsək, əlbəttə ki, xaricdən az gələcək. Düyü – 36 milyon dollar xaricə gedir. İndi çəltikçiliyin inkişafı sürətlə gedir, hesab edirəm ki, biz bu rəqəmi azaldacağıq.
Maraqlı bir məsələ kartofla bağlıdır – 26 milyon dollar dəyərində satmışıq, 40 milyon dollar dəyərində almışıq. İndi kartofun istehsalı elə olmalıdır ki, ümumiyyətlə idxaldan söhbət getməsin. Ancaq daxili tələbatı ödəməliyik və ixrac etməliyik. Bu məsələ ilə bağlı çox ciddi təhlil aparılmalıdır.
Soya və ondan alınan məhsullar – 38 milyon dollar xaricə gedir. İndi soya əkini başlayır. Mənə verilən məlumata görə, bəzi yerlərdə məhsuldarlıq o qədər də yaxşı deyil. Əlbəttə, birinci, ikinci ildən sonra təhlil aparmaq bir qədər çətindir. Ancaq hesab edirəm ki, bu sahədə də yerli istehsal üçün yaxşı potensial var.
Qeyri-qida məhsulları üzrə. Dərman vasitələri – 211 milyon dollar dəyərində. Düzdür, biz onun hamısını Azərbaycanda istehsal edə bilmərik. Ancaq indi bir neçə dərman zavodu tikilir və idxaldan asılılıq müəyyən dərəcədə azalacaq.
Siqaret – 160 milyon dollar xaricə gedir. Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır. Əminəm ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün, əlbəttə, yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin. Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. Xaricə 160 milyon dollar gedir. İndi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər.
Trikotaj məhsulları – xaricə təxminən 100 milyon dollar gedir. Bizim fabriklərimiz, xammalımız var. Ona görə biz bu boşluğu doldurmalıyıq.
Sabun-yuyucu vasitələr – 100 milyon dollarlıq idxal olunub. Yuyucu vasitələrin də, sabunun da istehsalı Azərbaycanda təşkil olunmalıdır. Bu o qədər çətin məsələ deyil. Ona görə bu məsələyə mütləq baxmaq lazımdır.
Şüşə və ondan hazırlanan məhsullar – təxminən 80 milyon dollar xaricə gedir. Bu məsələ öz həllini tapacaq. Sumqayıt Kimya Sənaye Parkında müasir şüşə zavodu tikilir. Burada inşaatda istifadə olunan ən gözəl, müasir şüşələr istehsal ediləcək, xaricə ehtiyac olmayacaq. Bizim şüşə qablar zavodumuz da var. İndi orada yeni xətlər qurulacaq ki, özümüzü həm məişətdə, həm də tikintidə istifadə olunan şüşə ilə təmin edək.
Gübrələr – 55 milyon dollar həcmində. Karbamid zavodu işə düşəndən sonra bu məsələnin də həlli nəzərdə tutulur. Yəni ancaq sadaladığım bu pozisiyalar üzrə təqribən bir milyarddan çox dollar xaricə gedir ki, getməyə bilər, getməməlidir və getməyəcək. Ona görə qeyd etdiyim bu məsələləri həm dövlət orqanları, həm özəl sektor icra etməlidir. Bu il biz bunun icrası ilə bağlı fəal işləməliyik və beləliklə, idxal azalacaq, ixrac isə artacaq”.