Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-i Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT sədrinin şəxsi nümayəndəsi və ermənistanlı həmkarı ilə görüşlər keçirib. Görüşlərdən sonra Elmar Məmmədyarov bəyan edib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar kreativ fikirlər irəli sürüb, bu ideyalar əsasında müzakirələri davam etdirmək məqsədilə fevralın əvvəlində regiona səfər edəcəklər.
Kreativ nə deməkdir? Novator.az bildirir ki, kökü latın dilinə gedib çıxan, ingiliscəyə (creative) 14-cü əsrin əvvəllərində daxil olan kreativ sözünün ilkin mənası “yaratmaq”, “ərsəyə gətirmək” deməkdir.
Kreativ sözünü ingilis ədəbiyyatına şair Cefri Çouser gətirib. O, əsərlərinin birində kreativ ifadəsini “ilahi yaradıcılıq” (divine creation) mənasında işlədib.
Antik yunan, qədim Çin, qədim hind mədəniyyətlərində kreativ ifadəsinə rast gəlinmir. Qərbdə isə ifadə xristianlıq mətnlərindən qaynaqlanıb və “Tanrıya məxsus bacarıq” kimi başa düşülüb.
18-ci əsrdən, Avropada maarifçilik hərəkatından sonra kreativ sözü yaradıcılıq kontekstində işlənib.
19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində riyaziyyatçı alimlər yeni nəzəriyyə axtarışını kreativlik kimi təqdim etməyə başlayıblar.
Ötən əsrin əvvəllərindən kreativ ideyaların ortaya çıxması bir neçə mərhələli proses kimi qeyd olunur: diqqətin problem üzərinə köklənməsi və onun miqyasının müəyyən edilməsinə başlanması; məsələnin şüuraltı yetişməsi; həll yolunun tapıldığına daxili inam; kreativ ideyanın qəti dərk olunması; ideyanın yoxlanması, formalaşdırılması və tətbiqi.
Müasir ingilis dili lüğətində kreativ sözü bu cür mənalandırılır: problemə, yaxud situasiyaya yeni baxış bucağından nəzər yetirmək üsulu; yeni ideya, fikir və ya fiziki obyektlərin yaradılması ilə bağlı fəaliyyət.
Kreativə bu anlamlar sinonim olaraq təqdim edilir:
– yaratmaq gücünə və məziyyətinə malik olmaq;
– ilkin fikirdən, ifadədən qaynaqlanan yeni təxəyyül;
– orijinallıq, məhsuldarlıq;
– qeyri-real görünən nəsə yaratmaq.