Ermənistanın hakim Respublika Partiyası ölkə prezidenti postuna Arkadi Qukasyanı namizəd göstərə bilər. Bunu Yerevanda çıxan “Qraparak” qəzeti yazıb.
Novator.az xatırladır ki, Arkadi Qukasyan işğalçı Dağlıq Qarabağ rejiminin sabiq rəhbəridir.
Ermənistanın hazırkı prezidenti, Respublika Partiyasının sədri Serj Sərkisyan da vaxtilə Dağlıq Qarabağ separatçılarının komandanı olub.
Bu il aprelin 9-da Serj Sərkisyanın Ermənistan prezidenti postunda səlahiyyət müddəti başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 1-10 mart aralığında seçməlidir.
40 yaşa çatmış, son 6 ildə yalnız Ermənistan vətəndaşı olmuş və həmin dövr ərzində ölkədə daimi yaşamış, erməni dilini bilən şəxs prezident seçilə bilər.
“Qraparak”ın 18 yanvar sayında iddia olunur ki, Respublika Partiyası prezidentliyə namizədinin adını yanvarın 28-də açıqlayacaq. Mümkün namizədlərdən birinin Arkadi Qukasyan olduğu bildirilir.
Novator.az bildirir ki, Arkadi Qukasyan da, Serj Sərkisyan da Azərbaycanda doğulublar. Onların hər ikisi Xankəndi şəhərində anadan olub, hər ikisi Yerevan Dövlət Universitetini bitirib və hər ikisi Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd hərəkatının liderlərindəndir.
1954-cü il təvəllüdlü Serj Sərkisyan 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri, 1995-2008-ci illərdə Ermənistan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.
Serj Sərkisyan 2007-ci ildən Ermənistan Respublika Partiyasının sədri, 2008-ci ildən Ermənistan prezidentidir.
1957-ci il təvəllüdlü Arkadi Qukasyan uzun illər Xankəndi (Stepanakert) şəhərində çıxan “Sovetakan Karabax” (“Sovetski Karabax”) qəzetinin baş redaktor müavini olub. 1992-ci ildə separatçı rejimin parlamentinə seçilib, həmin ildən “Dövlət Müdafiə Komitəsi”nin rəhbərliyində təmsil edilib, 1993-cü ildən “xarici işlər naziri” postunu tutub. 1997-2007-ci illərdə Dağlıq Qarabağ rejiminin “prezidenti” olub.
2009-cu ildə Arkadi Qukasyan Ermənistan prezidenti Serj Sərkisyanın sərəncamı ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib. Qukasyan Qarabağa dair bəzi danışıqlarda Sərkisyanı müşayiət edir.
Novator.az xatırladır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulmuş daha bir şəxs – Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti postunu tutub.
Dağlıq Qarabağda anadan olmuş Karen Karapetyan isə 2016-cı ildən Ermənistanın baş naziridir.
Ermənistan prezidentində hansı səlahiyyətlər qalacaq?
Müxalif blok prezidentliyə namizəd seçdi
Ermənistanda prezident necə seçiləcək?