İsmayıl RAFİQOĞLU
Elçinlə adətən qohum-əqrəbanın xeyir-şərində, daha çox ad günlərində görüşərdik. Təbiətcə çox sakit adam idi, az danışardı, gözə girməyi sevməzdi. Elə bir tərəfdə oturub danışanları dinlərdi. Heç domino, nərd və ya başqa oyunlarla da başını qatmazdı. Yanaqlarında daima bir təbii qızartı olardı.
Bir həftə öncə adətincə işdən çıxıb maşınına minir, evə gedəsiymiş. Birdən əl telefonunu iş yerində qoyduğunu xatırlayır. Durub geri dönür, kaş dönməyəydi heç… Yolu keçərkən bir taksi onu vurur, 2 saat sonra xəstəxanada keçinir.
Elçinin ölümü son illər yol qəzasına düşmüş başqa qohum-əqrəbamı, tanış-bilişimi də yadıma saldı. Televizorda kriminal xəbərləri biganəliklə dinləyirik, düşünürük, bizdən yan ötəcək, amma ötmür. Kinoxronika kimi xatırladım qəza qurbanlarını…
Arifin cəmi 55 yaşı vardı, ömrünü sükan arxasında keçirmişdi, iri yük maşınlarında çalışırdı. Özünün isə bir “Zaparojets”i vardı, çox əla vəziyyətdə. Yaxın dostumun qohumuydu, ara-sıra gələrdi, oturub söhbətləşərdik. Bir gün eşitdim avtomobil qəzasına uğrayıb. Özü sükan arxasında bir dəfə də qəza törətməmişdi, amma dostunun maşınında zərbəyə düşüb keçinib. Sürücü sağ qalıb, o isə dünyadan köçüb.
Rafiq nəhəng bir insan idi, gecə-gündüz dövlət qulluğunda, vəzifə başında. Elə həmin gün də iş dalınca gedirmiş. Yol bir az sürüşkən olduğundan maşının idarəsini itirib, birbaşa uçuruma yuvarlanıb. Yaxın qohum idi, düşünürdüm, belə boy-buxunda insan gərək yüz il yaşasın. Qisməti başqaymış…
Rafiqin oğlu Əhməd də çox yaşamadı, bir müddət sonra Vətənə əsgər borcunu verməyə getdi. İşə bax, elə o da avtomobil qəzasında həlak oldu. Hərbi maşının arxa hissəsində başından zərbə alıb, yanındakı hərbçilərə heç nə olmayıb, o isə dünyasını dəyişib. Əhmədi atasının yanında dəfn etdilər.
Rəhmətlik atamın yas məclisini çox abırlı bir molla aparırdı. Bilgəhdə məxsusi hörməti vardı. Ağabala “Yasin” oxuyanda hamı təsirlənərdi. Fiziki cəhətdən də sağlam adam təsiri bağışlayırdı, çox mehriban idi. Düşünürdüm, atamın ilinə də onu çağıracam. Qismət olmadı. Ağabalanın bir köhnə “Zaporojets”i vardı, elə onda da qəzaya düşdü. Özü-özünü çaşdırıb, bir yekə maşınla toqquşub. Yanındakı nəvəsi də qəzadan sağ çıxmadı. Hazırda hər ikisi yan-yana Bilgəh qəbiristanlığında uyuyur.
Ölümlə bitməyən qəzalar da var. Özümü də maşın vurub, yaxın insanlardan avtobus qəzasına da düşən olub. Şükür, salamat çıxmışıq. Bir dəfə isə atam maşınında 4 adamla birğə dağdan aşmışdı, Allah üzünə baxdı, hamı salamat qurtardı. Sonra o maşını xeyli təmir etməli olduq.
Xatırladıqca bitən deyil. Elə bil bizə düşmən kəsilib, yol da, nəqliyyat da. Amerika kimi dövlətdə əhali sayına nisbətdə bizdən az yol qəzası olur. Ölümlə bitən yol qəzaları xüsusilə çoxdur Azərbaycanda. Bir də görürsən bütöv ailə həlak olur. Taksi və avtobusda çalısan sürücülərin bir hissəsi kriminal tipli insanlardır. Bu yaxınlarda açıqlanan monitorinqin nəticələri də bunu göstərdi. Demə, ictimai nəqliyyatda çalışan sürücülərin 400 nəfəri vaxtilə cəzaçəkmə müəssisində cəza çəkibmiş. Taksi fəaliyyəti ilə məşğul olanların arasında narkotik aludəçisi də az deyil.
Söz sözü çəkər. Bir ayın söhbətidir. Bir qohumumuz kiçik oğlu ilə evinə dönürmüş. Dar dalanda az qala bir taksi hər ikisini vuracaqmış. Bu zəmində münaqişə yaranıb, qohum münaqişəni bitirməyə, oğlunu götürüb evə dönməyə qərar verib. Taksi sürücüsü isə çıxarıb bıçağı, vurub onu arxadan, bıçağın tiyəsinin ürəyinə çatmasına bir neçə santimetr qalıb. Belə işi yalnız kriminal düşüncəli insan edər, özü də namərdcəsinə, arxadan və uşağın gözü qabağında.
Yollarda baş verən “terroru” dayandıraq gərək, yoxsa millət bir-birini qırıb qurtaracaq. Kriminal tipli insanları, sürücülük vəsiqəsi olmadan avtobus sürənləri sükan arxasından düşürək gərək. Taksi sürücülərini də heç olmasa 2-3 ildən bir psixoloji testdən keçirək, yoxsa bu millətdən kimsə qalmaz.
Elçinin yanvar ayında 50 yaşı tamam olacaqdı, qəza onu yubileyinə bir neçə həftə qalmış haqladı. Övlad toyu görmədən, nəvə əzizləmədən köçdü bu dünyadan. Ölümü də sakit qarşıladı, heç kimə əziyyət vermədən. Allah rəhmət eləsin!
Əzizimiz Elçin Məmmədova ithaf olunur.
Müəllifin başqa yazıları:
Qaranlıqdan aydınlığa yönəldən azanın səsi
İngilisin dilini öyrənə bilirikmi?
Donald Tramp: Made in USA, bir də yetimə gəl-gəl deyən çox olar