Jurnalist Yusif Rzayevin 50 yaşı tamam olur. Yusif Rzayev 1968-ci il yanvarın 12-də Ağcabədinin Rəncbərlər kəndində anadan olub. Orta məktəbi Ağdamda bitirib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Ədalət” (müxbir), “Müxalifət” (müxbir, şöbə müdiri), “Respublika” (baş redaktor) qəzetlərində çalışıb. “525-ci qəzet”in ilk redaktoru olub. Hazırda həmin nəşrdə baş redaktorun birinci müavinidir. Evlidir, iki oğlu var.
Telefonumda adı rəqəmlə gedir – 525. Amma 525 rəqəmi “525-ci qəzet”in ilk redaktoru Yusif Rzayevi nişan verən yeganə rəqəm deyil.
2-dən başlayaq. 1985-ci ildə 17 yaşlı Yusifi Xalq Təsərrüfatı İnstitutunun binasından sevinə-sevinə çıxan yerdə, imtahan həyəcanından üzülmüş doğmalarına sarı qışqıran görüblər. İki barmağını başının üstünə qaldırıb “İki!!!” deyə qışqırıb – yəni imtahandan 2 aldım, kəsildim.
Atası Məmməd kişi riyaziyyatı su kimi içən oğlunun mühasib olmasını (onun sənətini davam etdirməsini) çox istəyirmiş. Evdə qırğın gedib sənədləri hara vermək üstündə. Oğul Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsi deyib, ata Xalq Təsərrüfatı İnstitutu. Atanın dediyi olub. Ancaq Yusifi rəqəmli sənətə – mühasibliyə sürüyən yolu 2 rəqəmi bağlayıb. Coğrafiya imtahanından kəsilib.
1020. Bu, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində Yusifin oxuduğu qrupun – I kursun nömrəsidir. Həmin qrupda oxumaq mənə də qismət olub. Bir partada oturmuşuq.
I kursu bitirəndən sonra Yusif 1020-ci qrupdan ayrıldı. Əsgərliyə getdi. Amma araya düşən ayrılıq onu parta yoldaşından heç ayırmadı. 26-cı ildir birgəlik davam edir və Yusifi nişan verən ən azı 26 rəqəm bilirəm.
Həmin rəqəmlərin başında 525 gəlir.
1992-ci ildə Rəşad Məcidin təsisçiliyi, Yusifin redaktorluğuyla yaradılan qəzetin adı rəqəmsiz də ola bilərdi. Amma ürəyə yatan adların hamısı zəbt olunmuşdu. Çıxmasa da, o adda qəzetlər vardı. Ad axtarışı davam edən zaman bilindi ki, indiyəcən 524 yazılı nəşr qeydiyyatdan keçib. Bir anda qərar verildi – “525-ci qəzet”.
Populyar nəşrlərdə anonsu gedən təzə qəzetin adını lağa qoyurdular. Hələ universitet tələbəsi olan bir redaktorun qəzet buraxa biləcəyinə inanmayanlar da vardı. Amma mən Yusifin qəzet buraxacağına, özü də yaxşı qəzet buraxacağına inanırdım.
Məni pərt eləmədi. Ağız büzənləri mat qoydu. Elə birinci nömrədən – 17 noyabr 1992-ci ildən. “525” ilk sayından əl-əl gəzən qəzet oldu.
Bir göz qırpımında populyarlaşdırdığı qəzetindən ayrılmağı da olub. 1993-cü ildə dostlar onu Nazirlər Kabinetinin qəzeti olan “Respublika”ya baş redaktor apardılar. Yaxınlarından yalnız bir nəfər israrla “vəzifənin böyüməsinə” qarşı çıxdı. Mən. “Öz qəzetini qoyub Pənahın qəzetinə niyə gedirsən?” deyirdim (baş nazir postunu dostumuz Pənah Hüseyn tuturdu).
Yusif “Respublika”nı da yaxşı buraxdı, amma hələ də o fikirdə qalıram ki, o zaman nahaq məni eşitmədi.
İndi də qarşısında çox vaxt məni görür. Əvvəl-əvvəl danlaqlara “Sən öl, sənin adını telefonumdan silərəm!” deyib kükrəyir. Az sonra kövrəlib “Saa qurban olum” deyir.
İpə-sapa yatmasa da, ondan imtina etmək mümkün deyil. Çünki Yusif çox diri adamdır.
Cavanlığında gözəl şeirlər yazıb. Yaxşı şeir deməyi indi də var. Jurnalist kimi də özünü çoxdan təsdiq edib. Yusif Azərbaycan mətbuatına fərqli üslub, fərqli intonasiya, fərqli dizayn gətirmiş qəzetçidir. Özü də bu işi cəmi 24 yaşında görmüş qəzetçi. Bunu gərək deyəsən, bilməyənlər bilsin, unudanlar xatırlasın.
Zarafatlarından da heç olmaz. 1020-ci qrupun qapısında çalınan ilk toyda elədiyi zarafatı xatırlayıram. 1991-ci ili. Ələsgərin toyunu. Şəmkirin Çaparlı kəndini.
Bəy tərifi gedirdi. Tamada orta məktəbdə Ələsgərə ədəbiyyat dərsi demişdi. Başladı, nə başladı:
– Ələsgər – kəndimizin fəxri! Ələsgər – elimizin dirəyi! Ələsgər – bizim ürəyimiz!
Tamada bəyə tərif yağdırır. Ağzınacan dolu olan mağar vəcdə gəlib. Hətta gözü dolanlar var.
Bu təntənəni Yusifin qəfil atmacası pozdu:
– Qardaş, sən hansı Ələsgərdən danışırsan?!
Bəy tərifi getdi işinə. Bayaqdan sel kimi guruldayan tamadanın dili topuq vurmağa başladı, Ələsgərin toyunacan bəlkə min dəfə əzbər dediyi şeirlərdə çaşdı, biabır oldu.
Həmin toyda baş verən rəqəmli bir hadisəni də nəql edim.
Çaparlı kəndindən üç oğlan əllərində kart meydan oxuya-oxuya gəlib düşdülər tələyə. Oyun başlayanda Yusif məni yanında oturtdu:
– Amma xahiş eləyirəm mənim işimə qarışma (çox zaman “xahiş eləyirəm”i əmr formasında deyər).
Dəqiqələr keçir və məni həyəcan, əsəb boğurdu, çünki Yusif uduzurdu. Başladım dümsükləməyə. Yəni nə qədər gec deyil, çıx aradan. Üzünü bozartdı:
– Mənim işimə qarışma!
Az sonra nələr oldu…
Kart paylanır, oyun gedir, pul ortalıqda qalaqlanır, şərik oynayan şəmkirlilər baxışırlar (yəni kimin əlində nə xal var), ikisi yatır (yəni oyundan çıxır), biri qalır.
Kartlar açılır.
Şəmkirli: 29!
Yusif: 30!
Yenə pul ortalıqda qalaqlanır. Şəmkirlilər baxışırlar, ikisi yatır, biri qalır.
Kartlar açılır.
Şəmkirli: 30!
Yusif: 31!
Bütün rəqəmləri rəqəmlə vurdu…
Hər dəfə ortalıqdakı pulu siyirəndə mənə göstəriş verdi:
– Dəstələ!
Hər uduşdan sonra məndən soruşdu:
– Qaqaaa, bu kəndin adı nədir?
– Çaparlı!
Bu kinayəli sual-cavabın ardından hər dəfə necə güldüsə, axırda az qaldı dava düşsün…
Udduğu pula bütün dostların əvəzindən toya nəmər yazdırandan sonra getdik bəy tərifinə. Bəy tərifində də həmin hadisə baş verdi.
Dostlar onun zarafatlarına hər dəm dözməsə də, belə şeyləri ona keçir. Çünki Yusif çox doğmadır.
“525-ci qəzet”də maaşını istəyən işçiyə “Nə maaş, ayın 3-dür hələ, heç prezident də maaşını almayıb” deyə bozaran Yusif elə həmin “525-ci qəzet”də maaş günü “sobrazim”lə qurulan məclislərdə müxbirlərin əvəzinə çox pul verib. Bir dəfə yox, dəfələrlə.
Dost məclislərini onsuz təsəvvür eləmək çətindir. Bu məclislərdə iki dost birdən dillənərik:
Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi.
Başdaşımı bəsdi basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama…
Heyf ki, daha şeir yazmır. Amma nə yaxşı ki, Ramizin şeirlərini hələ də əzbər deyir:
Deyəsən, ləngidin yenə,
sevgi səni haxladı.
Yollarını dörd tərəfdən bağladı.
İndən belə bu sevgidi
suyun da, çörəyin də.
Sünbül kimi ürəyində
bu sevgi dən bağladı.
Onun bir sözü var:
– Noolar, maa döz…
Necə dözməyim? 43-ü ondan əvvəl yola saldım, 44-ü ondan əvvəl qarşıladım. Onun 44-ü indi gəlir. Bu 44 ilin yarıdan çoxunu birgə olmuşuq. Biz də bir-birimizə dözməsək, kim bizə dözər? Qanımız axıb göllənər, qan dəryasında boğularıq.
O, yoxluqlar çəkən, yoxluqların qanında üzən dostuna çox dözüb.
Mən də dözürəm.
Çünki o, Yusifdir…
Hikmət SABİROĞLU
5 yanvar 2012-ci il