Vəkil Elçin Sadıqov AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsinin süni şəkildə uzadıldığı qənaətindədir.
Gözəl Bayramlı ötən ilin may ayından həbsdədir. O, mayın 25-i axşam Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunun Şıxlı sərhəd məntəqəsində saxlanıb. Rəsmi məlumata görə, onun üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb.
Mayın 26-da Gözəl Bayramlı Bakıya gətirilib, mayın 27-nə keçən gecə Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Gözəl Bayramlı qaçaqmalçılıqda ittiham olunur. Ona qarşı cinayət işi Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində başlanıb. Sonradan istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
AXCP, bir sıra digər müxalifət təmsilçiləri, hüquq müdafiəçiləri Gözəl Bayramlının həbsini siyasi sifariş sayır.
İş üzrə məhkəmə prosesi 2017-ci ilin noyabrından başlanıb. Qazax Rayon Məhkəməsinin hakimi Ağarza Səmədovun sədrliyi ilə keçirilən proseslə əlaqədar Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasından Gəncə İstintaq Təcridxanasına köçürülüb.
2017-ci il yanvarın 10-da növbəti məhkəmə prosesindən sonra vəkil Elçin Sadıqov “Turan” agentliyinə deyib ki, indiyədək hakim müdafiə tərəfinin heç bir vəsatətini təmin etməyib.
Vəkil vurğulayıb ki, məhkəmə birtərəfli aparılır, hakim ittiham mövqeyindən çıxış edir. Ona görə vəkil də, təqsirləndirilən şəxs də məhkəmə prosesinin formal xarakter daşıdığı qənaətindədir: “Biz işin süni surətdə uzadılmasından narahatıq. Gözəl Bayramlı da hakimin nəzərinə çatdırdı ki, onunla bağlı hər şey aydındır və məhkəmənin uzadılmamasını xahiş etdi”.
AXCP sədri Əli Kərimli də məhkəmənin süni şəkildə uzadıldığını düşünür. Azadliq.info-nun məlumatına görə, yanvarın 10-da keçirilən prosesdən sonra Əli Kərimli jurnalistlərə deyib: “Biz hamımız şahidik ki, Gözəl Bayramlını şərləyirlər. Bugünkü məhkəmədə vəkil cinayət işində olan vacib məqamı üzə çıxardı. Məlum oldu ki, Gözəl Bayramlı haqqında cinayət işi başlanmazdan, ona qarşı ittiham irəli sürülməzdən 6 saat əvvəl Dövlət Sərhəd Xidməti yaydığı bəyanatla Gözəl xanımın gələcəkdə hansı maddə ilə ittiham olunacağını bildirib. Bu da sübut edir ki, əvvəlcədən verilmiş sifarişdir, qurama cinayət işidir. Bütün dünyaya Azərbaycanı korrupsioner ölkə kimi tanıdanlar Gözəl Bayramlını haqq işi uğrunda apardığı mübarizəyə görə həbs eləyiblər, girov götürüblər. Məhkəmə prosesini də süni şəkildə uzadırlar. Bu gün də yenə süni şəkildə uzadıldı və təxirə salındı. Amma Gözəl xanım da hər məhkəmə iclasında hakim rejimin ifşasını davam etdirir. Gözəl Bayramlı ilə mübarizədə onun yazılarına, çıxışlarına cavab verə bilmədikləri, onun ortaya qoyduğu arqumentlərə cavab olaraq arqument tapa bilmədikləri üçün onu şərləyib həbs ediblər.
Haqq sözdən, ədalətli mövqedən və belə mövqeyin yayılmasından qorxurlar. Bu gün oğrular doğruları məhkəmə qarşısına çıxarıb. Gözəl Bayramlı Azərbaycanı sümürüb talan eləyən, milyardları mənimsəyib ofşorlara aparan bu korrupsioner hakimiyyətin girovudur. Ona görə girov götürülüb ki, mübarizə simvoludur. Bu gün məhbəsdə ola-ola da mübarizəsini davam etdirir, əyilməzlik nümayiş etdirir və bütün Azərbaycan xalqını bu rejim qarşısında mübarizə aparmağa çağırır”.
Yanvarın 10-da hakim Ağarza Səmədov Gözəl Bayramlının işi üzrə növbəti məhkəmə iclasını ayın 23-nə təyin edib.
Gözəl Bayramlı saxlanıb
Gözəl Bayramlıya qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb
Gözəl Bayramlı: 3 aylıq həbs, evində axtarış
Şikayətlər verilib
Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun Gözəl Bayramlı haqda məlumatı
Vəkil: “Gözəl Bayramlının problemləri daha da ciddiləşib”
Gözəl Bayramlının həbs müdddəti uzadılıb
Gözəl Bayramlının həbs müddəti uzadıldı
Gözəl Bayramlının işi üzrə ibtidai istintaq yekunlaşdı
Gözəl Bayramlının məhkəməsi başlanır
Gözəl Bayramlı ilə bağlı bəyanat araşdırılacaq