16-29 dekabr 2017-ci ildə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin hesabatı yayılıb. Qeyd olunur ki, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntularına görə 185 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 18 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə 53 iş üzrə 39550 manat məbləğində inzibati cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 57 iş üzrə 27569,83 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 200 iş üzrə 38885,64 manat məbləğində ödəmə tətbiq olunub.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 35, icra qurumlarına 52, məhkəmələrə 27 iş göndərilib.