Yanvar böhranı
- 08 Yanvar 2018
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Siyasətçi İsa Qəmbər “Facebook” səhifəsində 1990-cı ilin yanvar hadisələri ilə bağlı xatirələrini bölüşür. Novator.az həmin qeydləri oxucuların diqqətinə çatdırır.
İsa Qəmbər 1957-ci il fevralın 24-də Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1979-1989-cu illərdə Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. Siyasətə 1980-ci illərin ikinci yarısında qoşulan İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra İsa Qəmbər bir müddət həbsdə olub. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutmuş İsa Qəmbər hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.
6 yanvar 1990. AXC-nin III konfransının 1-ci günü
AXC-nin I (təsis) konfransı 1989-cı il iyulun 16-da keçirilmişdi. 1989-un dekabrın 10-da isə ümumi qərar olmasa da AXC İdarə Heyətinin bir neçə üzvünün təşəbbüsü ilə konfrans keçirilmişdi, biz də təşkilatın və hərəkatın birliyini qorumaq naminə həmin konfransda təşkilati məsələlərə baxılmaması şərti ilə tədbiri AXC-nin II konfransı adlandırmağa razılaşmışdıq.
Beləliklə, 6 yanvar 1990-da, dəhşətli dərəcədə soyuq və qarlı bir havada AXC-nin III konfransı Azərbaycan Elmlər Akademiyasının əsas zalında işə başladı. Ölkəmiz dərin böhran, nəhəng problemlər və nəhəng imkanlar dönəminin ən həlledici məqamına daxil olmuşdu. Qarabağ problemi dərinləşmiş, xalq hərəkatı sadəcə ərazi bütövlüyü uğrunda mübarizə mərhələsindən müstəqillik mərhələsinə keçməyə başlamışdı. 1990-ın mart ayında bütün sovet respublikaları kimi Azərbaycanda da parlament (Ali Sovet) seçkisi keçirilməli idi.
AXC-nin ilk və əbədi sədri Əbülfəz Elçibəy və 15 üzvü olan İdarə Heyətinin böyük əksəriyyəti xalqımızın tarix boyu yaranmış və yaradılmış problemlərini həll etmək, iki əsrə yaxın davam edən müstəmləkə durumundan qurtulmaq üçün yaranmış ikinci pəncərədən maksimum fayda və minimum itki ilə yararlanmaq üçün mümkün olan hər şeyi edirdi. Amma çətin idi, bu gün çox sadə görünsə də çox çətin…
Problemlər kəskinləşdikcə, mövzular böyüdükcə hərəkat rəhbərliyində, AXC İdarə Heyətində fikir ayrılıqları artırdı.
İdarə Heyətinin üç üzvü: Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlıdan ibarət qrup şərti olaraq “radikallar” adlandırılırdı.
Digər üç üzv: Zərdüşt Əlizadə, Leyla Yunus və Ələkrəm Hümmətov “solçular” hesab edilirdi.
İdarə Heyətinin əksəriyyəti – yeddi üzv şərti olaraq “liberallar” adlandırılırdı: Sabit Bağırov, Pənah Hüseyn, Hikmət Hacızadə, Tofiq Qasımov, Yusif Səmədoğlu, Canbaxış Umudov və bəndəniz İsa Qəmbər (o zaman Qəmbərov).
Nəcəf Nəcəfov və Sülhəddin Əkbər bu qruplara daxil deyildilər və tək hərəkət edirdilər. Hətta Nəcəf bəyin dekabrın sonlarında səmimi bir şəkildə mənə dediklərini unutmağım mümkün deyil: “İsa, sənə qulaq asıram, sənin mövqeyin, arqumentlərin mənə inandırıcı gəlir, Etibara qulaq asıram, onun sözləri mənə inandırıcı gəlir”.
Bu sözləri təsadüfi qeyd etmədim, əgər Nəcəf Nəcəfov kimi prinsipial, yüksək intellektə malik bir insan mövqeyini müəyyənləşdirməyə çətinlik çəkirdisə, görün bütövlükdə ictimai fikir necə böyük sarsıntıdan keçirdi. Yəni məsələ sadəcə “yaxşı-pis”, “ağıılı-axmaq”, “vətənpərvər-xain” fərqləri müstəvisində deyildi.
III konfrans dövrün çağırışlarını dəyərləndirməli, hədəfləri dəqiqləşdirməli, bütövlükdə cəbhənin, eyni zamanda İdarə Heyətinin fəaliyyətini qiymətləndirməli və yeni rəhbərliyi seçməli idi.
Reqlamentə görə hər bir İdarə Heyəti üzvü 10 dəqiqəlik çıxış edə bilərdi. Ömrümdə ilk və son dəfə israrlı şəkildə bir neçə dəfə əlavə vaxt istədim, İdarə Heyəti üzvü olan bir neçə həmkarım da sağ olsun, öz 10 dəqiqələrini mənə güzəştə getdiklərini bildirdilər.
Nəticədə nə az-nə çox, düz bir saat danışdım! Hərəkatın yaranma səbəbləri, AXC yaranandan o günə qədər fəaliyyəti, uğurları və yanlışları, 1990-cı ildə əsas hədəflərimiz, yaxınlaşan parlament seçkisinin önəmi, orda qalib gələrək əsas hədəflərimizə çatmağın mümkünlüyü, yaxın aylarda yersiz radikallığın ziyanlı ola biləcəyi, Moskvanın bundan bəhanə kimi istifadə edərək Azərbaycana yenidən hərbi qüvvə ilə hücum edib, xalqa zərbə vuracağı, AXC-nin seçkidə legitim qüvvəyə çevrilərək müstəqillik qərarlarının qarşısını alacağı təhlükəsindən və s. danışdım, üstəlik, 7 nəfərlik qrupumuzun hazırladığı, məncə, mükəmməl analitik yazının da əksər hissəsini oxudum.
Sonradan çıxışımın mətnini oxuyan bir sıra insanlar deyirdilər ki, 20 yanvardan iki həftə öncə 20 yanvar faciəsi təhlükəsindən danışmısan…
Cəbhəçilər doğrudan də mənim xətrimi çox istəyirmişlər: konfransın o gərgin mühitində, o cür vaxt qıtlığında, hamı çıxış etmək istəyərkən 1 saat mənim çıxışıma dözdülər.
7 yanvar 1990. AXC-nin III konfransının 2-ci günü
Konfransın 2-ci günü də 1-ci gün kimi çox gərgin şəraitdə keçdi. Açıq danışsaq, əslində gerçək bir xaos vardı zalda. Bunun bir çox səbəbləri vardı, mən ikisini qeyd edim.
Birincisi, o zalda Azərbaycanın ən passionar insanlarının bəlkə 70-80 faizi toplaşmışdı. Az qala hər biri bir ölkəni, bir bölgəni, bir sahəni idarə etmək gücündə olan liderlik keyfiyyətlərinə və ya iddialarına malik insanlar idi. Əksəriyyəti yüzlərlə, bəziləri minlərlə, bəziləri isə on minlərlə insanı təmsil edirdi. Hamı danışmaq, öz təkliflərini səsləndirmək, proseslərə yön vermək istəyirdi.
70 il susmağa məcbur edilən xalqın nümayəndələri DANIŞMAQ və EŞİDİLMƏK istəyirdi. Hər kəs, hətta AXC üzvü olmayanlar da cəbhəni ÖZ təşkilatı hesab edirdi. Geniş demokratik əsaslarla qurulmuş AXC-nin rəhbərliyi heç kimin söz haqqını boğmaq istəmirdi. Buna görə də hətta təşkilatın lideri Əbülfəz Elçibəy və konfrans sədrliyinə seçilmiş ən populyar ziyalılar da toplantını idarə etməyə çətinlik çəkirdilər.
İkincisi, qeyd etdiyim kimi, martda parlament seçkisi keçiriləcəkdi və ölkəmizdə müdhiş nüfuz sahibi olan AXC-nin qalib gələcəyi şübhəsiz idi. İflasa uğramış sovet kommunist rəhbərliyi və Moskvadan qorxan Azərbaycan rəhbərliyi bunun qarşısını almağın mümkün yollarını axtarırdılar. Çünki AXC-nin parlamentdə əksəriyyət əldə etməsi Qarabağın müdafiəsi və Azərbaycanın SSRİ-dən ayrılması istiqamətində legitim qərarlar və addımlar demək idi. Bu isə SSRİ-nin parçalanmasını şərtləndirəcəkdi. Bu real perspektivin qarşısını almaq məqsədi güdən kommunistlər üçün ən asan yol AXC-ni parçalamaq, eyni zamanda və ən azı yanlış hədəflərə yönləndirmək idi. Kommunist nomenklatura və KQB həm hərəkatdakı öz adamları vasitəsilə, həm də hərəkatda, cəbhədə rəhbər mövqe tutmaq üçün hər cür avantüraya hazır olan iddialı şəxslərin yanlışları ilə AXC konfransının işini pozmağa, toplantının zəruri və gerçəkçi qərarlar qəbul etməsinin qarşısını almağa, rəhbərliyə ancaq özləri barədə düşünən insanların, təsadüfi adamların seçilməsinə nail olmağa çalışırdı.
Konfransdakı atmosferi hiss etmək üçün dəyərli ziyalımız Ədalət Tahirzadənin “Meydan” xronikasını oxumağı tövsiyə edirəm. O öz gördüklərini və qeydə ala bildiklərini yazıb. Mən isə yadımda qalanı, prosesin mahiyyətini, əsas trendləri yazmağa çalışıram.
Zərdüşt Əlizadə başda olmaqla solçular cəbhədən ayrılaraq Sosial Demokrat Qrupu yaratmaq niyyətində idilər və bunu açıq bəyan etdilər. Əslində bir sıra başlıca məsələlərdə onların yanaşmaları bizim mövqeyə yaxın idi, onlar bizə dəstək versələr proseslərə intellektual yanaşma, hərəkatı dinc yolla parlament seçkisində qələbəyə aparmaq daha rahat olardı. Amma onlar öz yollarını seçdilər. Onların bu qərarı faktiki olaraq hakimiyyətin cəbhəni parçalamaq, hərəkatı radikallaşdıraraq repressiyalara yol açmaq planına xidmət etdi. Əlbəttə, Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyə patoloji nifrəti bəlli idi, amma hər halda onların qərarını impulsiv hesab etmək, hakimiyyətin kursu ilə üst-üstə düşməsini təsadüf kimi qiymətləndirmək çox çətindir.
“Radikallar”ın fəaliyyəti fərqli idi. Onlar lap əvvəldən AXC-ni və konfransı nəzarətə götürməyə çalışırdılar. Hətta 20-30 nəfərlik xüsusi mühafizə dəstəsi təşkil etmişdilər, eyni rəngli (səhv etmirəmsə göy) kostyum geyinmiş bu dəstəyə Rövşən Cavadov rəhbərlik edirdi. Dəstə Etibar Məmmədova tabe idi. Təsəvvür edin ki, onlar hətta bizim zala daxil olmaq və zaldan çıxmağımıza da nəzarət etmək iddiasında idilər. Təbii ki, bu alınmadı, alına da bilməzdi, bizim nüfuzumuz və bölgələrdən gələn qətiyyətli və fədakar konfrans nümayəndələrinin sərt mövqeyi bizim toxunulmazlığımızı təmin edirdi.
Zalda dəvət olunmuş və olunmamış xeyli qonaq var idi. Qaragüruhçular da var idi. Onlardan bəziləri səmimi, bəziləri öz kuratorlarının tapşırığı ilə “radikallar”la birgə hərəkət edirdi. Atmosferi tam hiss etməyiniz üçün bir nüansı da yazım: açıq görünməsə də, zalda xeyli silahlı adam vardı. Qarabağdan, sərhəd bölgələrdən gələnlər bunu nümayiş etdirməsələr də, qaragüruh nümayəndələri silahlı olduqlarını bəzən hiss etdirməyə çalışırdılar. Bizim tərəfdarlardan bəziləri də onları dədə-baba qaydasında başa salmağa çalışdılar ki, “liberallar”ı “intelligent” görüb çox əl-ayaq açmasınlar.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsindən də qonaqlar var idi. O dövrdə KP MK-da kifayət qədər intellektual şəxslər də çalışırdı. Onlardan bir neçəsi – professor Rafiq Əliyev, professor Kamal Abdulla və digərləri AXC konfransının qonaqları idi. Onlardan biri konfransın kuluar söhbətlərində fikir mübadiləsindən sonra düşüncəli bir əhval-ruhiyyə ilə etiraf etdi ki, bizim üçün ən təhlükəli olan siz “liberallar”ın mövqeyidir. Onları başa düşmək olardı. Çünki bizim mövqeyimiz AXC-nin rəhbərliyi, elmi idarəetməsi, dinc kütləvi hərəkat vasitəsilə xalqın tam qələbəsinə yönəlmişdi.
Konfransın ikinci günü biz yeddilərin daha bir neçə nümayəndəsi çıxış etdi. Onlar mövcud vəziyyəti dəqiq təhlil etməklə, AXC-nin yaxın dövrdə əsas fəaliyyət istiqamətlərini təqdim etməklə mövqeyimizi daha da güçləndirdilər.
Artıq edə biləcəyimizi etmişdik. Qalanı konfrans iştirakçılarının iradəsinə qalmışdı. Söhbət ondan getmirdi ki, biz həqiqətləri söyləməklə vicdanımızı rahatlamışıdq və kənara çəkilmək niyyətində idik. Məsələ bu idi ki, biz Qarabağı qorumaq və müstəqilliyə nail olmaq üçün hansı addımların atıla biləcəyi, xalqımızı dəyə biləcək zərbələrdən, təhlükələrdən qorumaq üçün isə hansı addımlardan çəkinmək gərəkdiyini aydın şəkildə ortaya qoymuşduq.
Etiraf edim ki, konfrans öncəsi bir neçə taktiki variant hazırlamışdıq və variantlardan biri mövqeyimiz qəbul edilməzsə AXC rəhbərliyindən çəkilmək, başqa bir təşkilat yaratmaq idi. Lakin konfransın gedişində müşahidə etdik ki, qaragüruhçular və onlardan faydalananlar toplantının demokratik prosedurlar əsasında getməsinə imkan verməsələr də konfrans nümayəndələrinin əksəriyyəti bizim mövqeyə üstünlük verir.
AXC-nin güclü bölgə təşkilatlarından Zaqatala, Sabirabad, Lənkəran, İmişli, Göyçay, Qazax, Ağstafa, Xaçmazdan və s. seçilən konfrans nümayəndələri Arif Hacılı, Qurban Məmmədov, Rahim Nuriyev və bir çox başqaları bizi dəstəklədikərini bəyan edirdilər və çox fədakarlıqla çalışırdılar ki, konfrans demokratik prosedurlara uyğun davam etsin. Əksəriyyətin mövqeyinə əsaslanaraq biz AXC-dən istefa vermədik, sadəcə olaraq bəyan etdik ki, yeni İdarə Heyətinə namizədliyimizi irəli sürməyəcəyik. Bununla da mübarizəmizin məqsədinin AXC-də rəhbər vəzifə tutmaq deyil, AXC-nin doğru üsullarla doğru hədəflərə irəliləməsi olduğunu sözdə yox, əməldə nümayiş etdirmiş olduq.
Bizim mövqeyimiz və sağlam, necə deyərlər, “sort” cəbhəçilərin fəaliyyəti və fədakarlığı nəticəsində iki önəmli uğur əldə edildi.
Əvvəla, AXC nizamnaməsinin sərtləşdirilməsinə, təşkilatda və hərəkatda demokratiyanın məhdudlaşdırılmasına, avtoritarizmin güçlənməsinə yönəlmiş, “radikallar”ın və onların hüquqşünas dostlarının hazırlayıb təqdim etdiyi iki layihənin qarşısı alındı.
İkincisi, konfransda açıq səsvermə ilə, “basməmmədi” seçkilərin qarşısı alındı. Konfrans xüsusi qərarla AXC-nin Məclisinə səlahiyyət verdi ki, İdarə Heyəti 8 yanvarda Məclisin toplantısında gizli səsvermə ilə seçilsin.