Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2017-ci ildə əvvəlki illə müqayisədə 5,6 faiz çox olmaqla 3911 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Rəsmi hesabata görə, 3561 nəfər (o cümlədən əlilliyi olan 82 şəxs) üçün Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində isə 350 nəfər gənc peşə təliminə qəbul edilib.
Ümumilikdə ötən il peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 432 nəfəri əlilliyi olan şəxslərdir.
Kurslarda əməliyyatçı mühasib, inşaat rəngsazı, elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, kompüter istifadəçisi, qənnadıçı, dərzi, arıçı, xalçaçı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər və s. peşələr öyrədilib.
2017-ci ildə Dövlət Məşğulluq Xidməti əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil edilən peşəyönümü tədbirlərində 105,3 min nəfər gəncə əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verib.