Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ilin iş vaxtı norması və istehsalat təqvimini təsdiq edib. Qərara əsasən, 2018-ci ildə 1, 2 yanvar Yeni il bayramı, 20 yanvar Ümumxalq Hüzn Günü, 8 mart Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 9 may Faşizm Üzərində Qələbə Günü, 28 may Respublika Günü, 15 iyun Azərbaycan Xalqının Milli Qurtuluş Günü, 15, 16 iyun Ramazan bayramı, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, 22, 23 avqust Qurban bayramı, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin günlər iş günü hesab edilmir.
İstirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18, 19 iyun, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun istirahət günləridir.
17 oktyabr iş günü hesab edilməyən prezident seçkisi günü kimi nəzərə alınır.
2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü, iş günü hesab edilməyən 108 istirahət günü, 1 səsvermə günü və 1 Ümumxalq Hüzn Günü var.
Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2018-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. İş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.