Emin HÜSEYNZADƏ
Bugünlər mediamızı gəzib-dolaşan növbəti yalan xəbəri həm araşdırmaq, həm də bunu necə etdiyimi göstərmək istəyirəm.
Özünü “tərəfsiz” adlandıran xəbər saytlarımız Türkiyədə baş vermiş “hadisənin” təfərrüatını danışır. Qısa kəssək, deyilənə görə, “Keyf Tur” adlı bir şirkətin rəhbəri Sadi Erkılıç 120 nəfər yaşlı kişini Ümrə ziyarəti əvəzinə Rio festivalına aparıb, indi onların ailələri ziyarət üçün ödədikləri pulların qaytarılmasını tələb edilər.
Bu xəbəri paylaşanlar gülür, bir-birinə danışırlar. Halbuki xəbər başdan-ayağa yalandır.
Azərbaycan mediası da bu yalan xəbəri durmadan tirajlayır. Aralarında Bakupost.az, A24.az, Unikal.org, Big.az, Regionxeberleri.com, Gununsesi.info və digərləri var. Türkiyə saytlarının sayı isə saysız-hesabsızdır.
Bir. Xəbərdə istifadə olunan foto adətən yazını gücləndirmək, ona həqiqətə uyğunluq imici yaratmaq məqsədi güdür. Əslində gördüyünüz foto Braziliyada, Rio-de-Janeyroda yox, elə Türkiyədə çəkilib.
Bu və bu “xəbər”də istifadə olunan digər fotoların əsl mənbəyi Tekirdağda keçirilən 52-ci Gilas Festivalıdır. Həmin festival 2016-cı ilin iyun ayında olub. Bunu asanlıqla araşdıra, internetdən tapa bilərsiniz.
Deməli, foto sadəcə olaraq yalanı dəstəkləmək üçün seçilib və şəkildəki adamların Braziliyaya heç bir aidiyyəti yoxdur.
İki. Şirkətin adı… Xəbərlərdə onun “Keyf Tur” kimi qeydiyyatdan keçmiş turizm agentliyi olduğunu bildirirlər. Kiçik araşdırma göstərir ki, hazırda TÜRSİAB-ın (Türkiyə səyahət agentlikləri birliyi) qeydlərində bu adda şirkət yoxdur. Bəlkə əvvəl olub, indi lisenziyası ləğv edilib?
2009-2017-ci illərdə lisenziyası dayandırılmış 1173 agentlik arasında da “Keyf Tur”un adı çəkilmir. Türkiyədə “Keyif Travel” və “Keyif Tur” adlı başqa şirkətlər var, ancaq onların həm adı, həm yerləşdiyi məkan (məsələn, “Keyif Travel” İstanbulda deyil, Antalyadadır), həm də fəaliyyət istiqaməti fərqlənir. Belə ki, onlar konqres təşkilatçılığı və şimali Avropa ölkələri ilə bağlı turizm sahəsində işləyirlər.
Məlumatı araşdırmaq və dəqiqləşdirmək bacarığı jurnalist üçün çox vacibdir. Növbəti üçüncü səbəbi oxusanız, bu şirkətin ümumiyyətlə olmadığını daha əyani görəcəksiniz.
Üç. Bu “xəbər”in ilkin olaraq harada və nə vaxt yayıldığına baxmağa məni başqa səbəb də sövq elədi. Məsələ burasındadır ki, Riodakı karnaval hələ heç başlamayıb da! Növbəti karnaval 2018-ci ilin fevral ayının 9-14-də olacaq.
Bəs azərbaycanlı oxucular niyə aldadılır? Diqqətlə araşdırdıqdan sonra bu barədə ilk yalan xəbərin nəinki ayının, hətta ilinin fərqli olduğu müəyyənləşdi. İlk dəfə bu “xəbər” 2013-cü ilin mart ayında peyda olub.
Dörd. 2013-dəki və indiki yazının fərqi yalnız adlardadır. İndiki “Keyf Tur” ilkin variantda “Turaz Tur” idi. Şirkətin rəhbərinin adı da fərqli idi: Sadi Erkılıç əvəzinə Ömər Sandırı.
Bax, belə gülməli!
Beşinci və sonuncu məqam. Türkiyədə bu tip xəbərləri paylaşan saytlar zarafat etdiklərini, qeyi-ciddiliklərini öncədən vurğulayırlar. Azərbaycandakı saytlar isə özlərinin professional olduqlarını deyirlər. Bax, əsl problem budur. Belə xəbərləri paylaşan “Zaytunq” saytı açıq-aydın bəyan edir ki o, “Dürüst, Tərəfsiz, Əxlaqsız xəbər” mənbəyidir.
Yazının həm də klikbeyt (insanları xəbərə keçid etməyə məcbur edən başlıq) nümunəsi olduğunu nəzərə alsaq, “Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu” yazısını oxumağı məsləhət görürəm.
Müəllifin başqa yazısı:
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir