Dekabrın 14-ü Bakının Nizami rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib.
“Report”un məlumatına görə, seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri, din xadimləri, dini icma sədrləri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Novator.az bildirir ki, tədbirə qatılan rəsmi şəxslər seminar-müşavirədə və jurnalistlərlə söhbətlərində Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlərə dair faktlar açıqlayıblar.
“Trend”in məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda islam dinini siyasiləşdirməyə cəhdlər edilir, nəticədə bəzi şəxslər təsir altına düşərək radikallığa meyllənirlər: “Biz bunu 2015-ci ildə Nardaran hadisələrində gördük. Bəziləri müəyyən qüvvələrin təsiri altına düşür, bu da acı nəticə verir. Heç kim Azərbaycanda dindarların məscidə getməsini yasaqlamır. Sadəcə, din pərdəsi altında radikallar cəmiyyətin bəzi nümayəndələrini təsir altına salır”.
“Report”un məlumatına görə, Səyavuş Heydərov deyib ki, bu günədək 900 nəfərə yaxın Azərbaycan vətəndaşı xaricdəki qanunsuz silahlı birləşmələrin tərkibində münaqişələrə qoşulmaq üçün İraqa və digər ölkələrə gedib: “Onlardan 300 nəfərə yaxını həyatını itirib. 205 nəfərin Azərbaycan vətəndaşlığı ləğv olunub, 95 nəfər isə məsuliyyətə cəlb olunub. Həmin ərazilərdə və ya üçüncü ölkədə gizlənən vətəndaşlarımız barədə də məlumatlar var. Onların da müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür”.
Müharibə zonalarında qalmış azərbaycanlı uşaqların vətənə qaytarılması məsələsindən danışarkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə aidiyyəti qurumlarla işlərin görüldüyünü söyləyib: “Artıq 20-dən çox azərbaycanlı uşaq düşərgələrdə müəyyənləşib və onların Azərbaycana gətirilməsi istiqamətində işlərə başlanıb. Onların nə zaman ölkəyə gətiriləcəyi işçi komissiyasının fəaliyyətindən asılıdır. Uşaqların sayının dəqiqləşdirilməsi və hamısının ölkəyə gətirilməsi üçün lazım olan tədbirlər həyata keçirilir”.
Səyavuş Heydərov qeyd edib ki, həmin uşaqların valideynləri münaqişələrdə həlak olublar.
Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov bildirib ki, vəhhabilik və digər yad dini cərəyan nümayəndələri bu gün də Azərbaycanda fəaliyyət göstərir, qadınları və azyaşlıları bu işə cəlb edirlər. “Trend”in məlumatına görə, Rauf Məmmədov həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə zamanı 16 terrorçunun məhv edildiyini vurğulayıb: “Əməliyyatlar zamanı 21 nəfər saxlanaraq cinayət məsuliyyətinə cəlb olunub”.
Rauf Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün vətəndaşlığı ləğv edilən şəxslərin sayının 258 nəfər olduğunu deyib.
Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev 2017-ci ildə Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna zidd təbliğat apardığı üçün 159 nəfərin polis şöbələrinə gətirildiyini söyləyib. Onun sözlərinə görə, həmin şəxslərdən 2 nəfəri cinayət məsuliyyətinə, 139 nəfəri isə inzibati məsuliyyətə cəlb edilib: “Ümumilikdə həmin şəxslərdən 3 ədəd tüfəng, 12 ədəd patron, 168 ədəd dini ədəbiyyat, 144 ədəd CD, DVD və audiokaset, 115 ədəd broşür və digər vəsait götürülüb. İnzibati məsuliyyətə cəlb olunan şəxslərdən 2 nəfəri həbs olunub, 50 nəfəri ümumilikdə 82 min 500 manat məbləğində cərimələnib, 73 nəfərə xəbərdarlıq olunub. 4 nəfər azyaşlı barədə isə müvafiq tədbir görülməsi üçün toplanmış materiallar yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib”.