“Təhlillər göstərir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 10 Dekabr Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş konfransda belə deyib.
AZƏRTAC-ın məlumatına görə, Hicran Hüseynova bildirib ki, daha çox erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına gətirib çıxarır.
O qeyd edib ki, belə ailələrdə köməksiz qalan qadınların hüquqlarının müdafiəsi məsələni aktuallaşdırır: “Hazırda dünyada ekstremizm, qarşıdurmalar ailə institutuna mənfi təsir göstərir, onu zəiflədir. Bununla belə, Azərbaycanda ailə institutu qorunub saxlanılır. Bu gün ailə institutuna təsir edən hallar var. Bəzi hallarda ailədə ünsiyyət problemləri, sosial-psixoloji mühitin gərginliyi, erkən və qeyri-rəsmi nikah, məişət zorakılığı, uşaqların təhsildən yayınması ailənin zəifləməsi və ya dağılması ilə nəticələnir”.