Xəbərin saxtası: müzakirə
- 11 Dekabr 2017
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
Dekabrın 9-da Novator.az yanlış, qeyri-dəqiq, saxta xəbərlərə həsr edilən dəyirmi masa keçirib.
Tədbiri aparan jurnalist Gültəkin Həsənova deyib ki, heç vaxt kütləvi informasiya vasitəsi indiki qədər kütləvi olmayıb: “Bunun səbəbi aydındır – internet yaranıb, onun sayəsində qəzet-jurnallar, radio-televiziyalar daha geniş auditoriyaya, daha tez və daha asan üsullarla yayılmaq imkanı qazanıb, eyni zamanda internet nəşrləri, xəbər saytları, onlayn qəzet-jurnallar, radio-televiziyalar, bloqlar, sosial şəbəkələr kimi yeni növ kütləvi informasiya vasitələri, jurnalistikanın internet jurnalistikası, bloqçuluq, xalq jurnalistikası kimi növləri ortaya çıxıb. Bu kütləviliyin xeyrindən də, ziyanından da danışmaq olar, bizim mövzu bunun ziyanı barədədir”.
Tədbirdə çıxış edən jurnalist Azər Qaraçənli deyib ki, vəzifəsi doğru xəbər yaymaq olan jurnalistikaya yanlış xəbərlərin necə böyük ziyan vurduğunu anlatmaq və faydası doğru məlumatlanmaqda olan cəmiyyətləri yalan xəbərlərin necə ziyana saldığını anlamaq çətin deyil: “Bəzən jurnalistlər xəbəri dəqiqləşdirmədən yaymalarına operativlik, rəqabətdə uduzmamaq, tiraj və reklam gəliri itirməmək kimi arqumentlərlə əsas gətirirlər. Amma xəbəri dəqiqləşdirmək – xəbər jurnalistikasının əsas prinsipidir. Jurnalist nəyi qırağa qoysa da, bunu qırağa qoya bilməz.
Jurnalistin yaydığı xəbər – artıq dəqiqləşdirilmiş xəbər deməkdir. Bu elə bir xəbərdir ki, daha onu dəqiqləşdirməyə ehtiyac olmamalıdır. Xəbər dəqiqləşməyibsə jurnalist onu ya heç yaymamalı, ya da versiyaları çatdırmaq zərurəti qarşısında qalanda bunu elə versiya, ehtimal kimi yaymalıdır, xəbər kimi yox. Ehtimal haqqında xəbər ola bilər, amma ehtimalın özü xəbər olmamalıdır. Jurnalist yaydığı materialda bu mühüm fərqi hiss etdirməli, xəbərlə ehtimal, xəbərlə şərh arasında sərhədi qorumalıdır.
Müxtəlif bəhanələrlə xəbəri dəqiqləşdirmədən yaymaq, ehtimalı xəbər kimi təqdim etmək jurnalistikanın evini yıxır. Bu elə cəmiyyətin də evini yıxır. Haqqında yanlış xəbər yayılmış ayrı-ayrı adamlar, təşkilatlar üçün bu, ciddi mənəvi-psixoloji, maddi, hüquqi problemlər yaradır. Ona görə xəbəri dəqiqləşdirməməyin, dəqiq olmayanı verəndə xəbərlə ehtimal arasında fərqi aydın göstərməməyin heç bir bəraəti yoxdur. Bunun bəraəti ola bilərsə, onda belə çıxır ki, jurnalistikaya bir peşə kimi ehtiyac qalmayıb”.
Azər Qaraçənli bildirib ki, indiki internet dövründə hər kəsin xəbər yaymaq imkanında olması xəbər yaymağın adi bir iş olması təsəvvürünü doğurmamalıdır: “Adamlara elə gəlməməlidir ki, xəbər vermək adi, asan işdir. Xeyr. Əgər şəhər sakinləri səmada uçan obyekt görüblərsə, bunu həqiqətən görüblərsə və həmin obyektin nə olduğu onlara naməlum qalıbsa, bu hələ o demək deyil ki, səmada naməlum obyekt uçub. Bu hələ yalnız o deməkdir ki, səmada onu görmüş şəhər sakinlərinə naməlum olan bir obyekt uçub. Amma ola bilsin, obyekt ümumiyyətlə naməlum deyil. Ola bilsin, araşdıranda aydınlaşacaq ki, hansısa hərbi hissəyə, yaxud rəsədxanaya həmin obyektin nə olduğu çox yaxşı məlumdur. Ona görə səmada sənə və yan-yörəndə onu görmüş hər kəsə naməlum bir obyekt uçubsa, buna dərhal “naməlum uçan obyekt” damğası vurmaq olmaz. Təəssüf ki, bizim jurnalistikada belə tələsik hökmlər çox verilir. Sonradan təkzib olunanda da belə xəbərlərin mənfi təsiri tam ötüşmür. Məhz buna görədir ki, redaksiya hətta təkzib verib üzr istəyəndə də adamların hələ də, məsələn, filan avtomobil qəzasını filankəsin törətdiyindən danışdığını eşidirsən”.
Azər Qaraçənli qeyd edib ki, saxta xəbərlər sifarişlə, qəsdən, qərəzli şəkildə də verilə bilər: “Ancaq mən daha çox jurnalistin naşılığı ucbatından yayılmış yanlış xəbərlərdən danışıram. Çünki qərəzlə verilən saxta məlumatların qarşısını tənqidlə almaq çətindir. Bundan ötrü başqa vasitələr işə düşməlidir. Ancaq qeyri-peşəkarlıqdan doğan yanlış məlumatların qarşısını tənqidlə almağa ümid etmək olar. Çünki belə məlumatların arxasında qərəzli məlumatların altındakı kimi çox mürəkkəb elementlər dayanmır. Qeyri-peşəkarlığın tənqidlə dəyişəcəyinə ümid var, qərəzin tənqidlə düzələcəyi isə ağlabatan deyil.
Səhlənkarlıqdan verilən yanlış məlumatlar qərəzli məlumatlar kimi adamları böhtana sala bilər. Deməli, yanlış xəbər motivindən – səhlənkarlığa, yoxsa qərəzə görə ortaya çıxmasından asılı olmayaraq oxşar nəticələr doğura bilər.
Doğruçuluq jurnalistikanın onurğa sütunudur. Ancaq yalançılıq da jurnalistikayla yaşıddır. İnformasiya texnologiyaları inkişaf etdikcə yalanın da yayılma dairəsi genişlənir. Onu ortaya çıxaran səbəblər isə elə də dəyişmir. Yenə həmin səbəblərdir: siyasi, iqtisadi, korporativ maraqlar, fərdi maraqlar, şəxsi qərəz, qeyri-peşəkarlıq, başqa kütləvi informasiya vasitələri ilə rəqabətdə uduzmamaq meyli, operativ olmaq istəyi və sair. Yəni texnologiyalar yalanı, böhtanı, yanlışı ortaya çıxaran səbəbləri demək olar ki, dəyişmir, texnologiyalar yalnız həmin yalan-böhtana, yanlışa yeni biçim, forma, geniş meydan verir.
Bunun ziyan vurduğu obyektlər də dəyişmir. Ziyan yenə jurnalistikaya, cəmiyyətə dəyir. Ziyanın məzmunu da həmənkidir: zərəri yenə jurnalistin nüfuzu və ictimai şüur görür.
Tələsik hazırlanıb yayılan xəbərlər gənc jurnalistlərin jurnalistika haqqında təsəvvürünü də korlayır. Bəzi gənc jurnalistlərə elə gəlir ki, hazırkı zamanda operativlik ən mühüm şərtdir, xəbərin üstündə əsmək, hər faktı dəqiqləşdirməyə çalışmaq, cümlələri qaydaya salmağa, mətni yaxşı-yaxşı redaktə etməyə, qrammatik, orfoqrafik səhvləri düzəltməyə vaxt ayırmaq, mətnə uyğun gəlməyən cəlbedici başlıqlardan qaçmaq guya köhnəlik, qocalıq əlamətidir. Guya bu işlə yalnız qoca jurnalistlər məşğul olurlar, yeni nəsil belə şeylərdən qorxmamalıdır. Bunların hamısı jurnalistika haqda korlanmış təsəvvürlərin nəticəsidir. Çünki nəinki o biri məqamlar, hətta operativliyin ən mühüm şərt kimi qəbul olunması da yanlışdır. Yeni dövr operativliyə tələbatı artırsa da, o heç vaxt jurnalistikanın dəqiqliyə riayət etmək kimi bir prinsipini sıradan çıxara bilməz.
Şübhəsiz, yeni dövr jurnalistikası bu prinsiplərin qoşa addımlamasına nail olmağa çalışmalıdır, amma onlardan birini seçmək zərurəti yarananda, yenə, heç şübhəsiz, dəqiqlik başda dayanmalıdır. Ona görə yanlış məlumatın nəinki qərəz, qeyri-peşəkarlıq kimi xoşagəlməz səbəblərinə, hətta operativlik kimi cazibədar motivinə də bəraət yoxdur”.
Jurnalist Səidə Hüseynova deyib ki, əlbəttə, o da qeyri-dəqiq, yanlış, saxta məlumatların yayılmasının əleyhinədir. Amma o bildirib ki, belə məlumatların yayılmasının köklərinə də baxmaq gərəkdir: “Hazırda dünyada bütün məhsulların, meyvə-tərəvəzin, qidanın, pal-paltarın, texnikanın, faktiki hər şeyin saxtasına rast gəlmək olur. Xəbərin də saxtası var və olacaq da.
Daha çox pul qazanmaq, karyera qurmaq, irəli getmək, varlanmaq istəyi insan övladında mənəvi dəyərləri üstələdiyi üçün saxtalaşma və yalanın da sürəti artmaqdadır”.
Səidə Hüseynova bildirib ki, bu yaxınlarda “Collins Dictionary” adlı ingilis dili lüğətinin tərtibatçıları “fake news” (saxta xəbər) söz birləşməsini ilin ən məşhur ifadəsi kimi tanıyıblar: “Saxta xəbərlər bütün dünyada, Qərbdə də baş alıb gedir. Demokratik ölkələrdə saxta məlumatlar əsasən seçki təşviqatı, siyasətçilərin, namizədlərin bir-birinə qara yaxması, bir-biriləri haqda böhtan məlumatlar yayması formasında üzə çıxır.
Hesablamalara görə, ABŞ-da 2016-cı ildə keçirilən son prezident seçkisi ərəfəsində və seçkidən sonrakı ilk dövrlərdə saxta xəbərlərin (fake news) həcmi 365 faiz artmışdı. Birini pisləmədən digərini yaxşı göstərmək olmur. Pisləyən isə tribuna kimi mətbuatdan, sosial mediadan yararlanır və bu zaman rəqibin şəxsi həyatı, siyasi fəaliyyəti və maddi durumu haqda təhrif olunmuş xəbərlərin yayılmaması faktiki mümkün deyil”.
Azərbaycana gəlincə, Səidə Hüseynova deyib ki, ölkədə yanlış xəbərlərin çoxalmasının əsas səbəblərdən biri siyasi baxımdan qeyri-demokratik mühit, siyasi və iqtisadi inhisardır: “Azərbaycanda çox sahə, o cümlədən media inhisar altındadır. Nəzarət altında olan medianın isə obyektivliyə tam riayət etməsi, qara piardan, böhtandan yayınması mümkün deyil.
Reket jurnalistika da həmin inhisarın bir təzahür formasıdır. Hətta nəzarətdən çıxmış reket jurnalistlərin də fəaliyyətinə stimul verən məmurun reketliyi, özbaşınalığı, inhisar, korrupsiyadır. Reket jurnalist həmin korrupsiyadan, inhisardan özünə pay umur və bu zaman şantajdan, böhtandan çəkinmir”.
Səidə Hüseynova vurğulayıb ki, saxta məlumat yayanları stimullaşdıran bir səbəb də ictimaiyyətin dedi-qoduya, böhtana azarkeşliyidir: “Nə qədər qəribə də olsa, adamlar şayiəni, dedi-qodunu maraqla izləyirlər. Sosial şəbəkələrdə belə xəbərlərə yazılan şərhlərin sayı-hesabı yoxdur. Doğru-düzgün bir xəbər bəzən heç bu qədər diqqət cəlb etmir. Bu, media vasitələrini məşhurlaşdırdığı üçün redaksiyalar ucuz xəbərlərə şirnikib ya tam saxta, ya da əhəmiyyətsiz, məzmunsuz mövzulara gen-bol yer ayırır. Redaksiyaların əksərində belə bir fikir hökm sürür ki, bu, oxucu, izləyici, tamaşaçı, dinləyici sayını artırmaq üçün zəruri addımdır.
Saxta, yanlış məlumatların, şayiələrin yayılmasını şərtləndirən çox ciddi səbəblərdən biri Azərbaycanda dövlət-hökumət qurumlarının mediaya qapalılığıdır. Rəsmi qurumlardan informasiya almaq çox çətinləşib. Xəbərin operativ çatdırılmalı olduğu halda bəzən jurnalist dövlət qurumuna yazılı müraciət edib, günlərlə gözləməli olur. Axırda ya heç cavab almır, ya da aldığı cavab işə yaramır. Rəsmi qurumlar jurnalistə cavabı gecikmədən, hadisənin aktual olduğu dövrdə verə bilmir. Ölkədə bir çox mühüm hadisə haqda sosial şəbəkələrdə, mediada həqiqətə uyğun olmayan, şişirdilmiş xəbərlərin yaylılmasına görə rəsmi şəxslərin üzərinə böyük məsuliyyət düşür”.
Səidə Hüseynova xatırladıb ki, bu ilin noyabrında Gürcüstan paytaxtında silahlı qrup zərərsizləşdirilərkən hüquq mühafizə orqanları 20 saat ərzində əməliyyat keçirdi: “Həmin vaxt dövlət orqanları media ilə nümunəvi şəkildə sıx əməkdaşlıq etdi. Nəticədə ictimaiyyəti çaşdıra biləcək məlumatların qarşısı bir xeyli dərəcədə alındı”.
Kütləvi informasiya vasitələrinin xəbəri tam dəqiqləşdirmədən yaymasının səbəbləri sırasında operativlik yarışını qeyd edərkən Səidə Hüseynova bildirib ki, xəbəri birinci vermək jurnalistikanın üstünlüklərindən biridir: “Müasir dövrdə isə bu üstünlük populyarlığın, reytinqin, reklam gəlirlərinin artırılmasında daha çox rol oynamağa başlayıb. Nəticədə mediadan operativlik tələbi güclənib və jurnalistlər operativlik basqısı altında qalıblar. Bu isə xəbər yayımında istər-istəməz yanlışlıqların da sayını artırır”.
Tədbirdə çıxış edən professor Niyazi Mehdi əsasən çaşdırıcı, xəbərin mətninə uyğun gəlməyən başlıqlardan söz açıb. Vaxtilə öz müsahibələrindən birinin də irəli sürdüyü fikirlərə tam zidd bir başlıqla çap olunduğunu xatırladan Niyazi Mehdi təhrif olunmuş başlıqları çağdaş medianın, xüsusilə internet mediasının düçar olduğu bəlalardan biri kimi qiymətləndirib.
Naşir, jurnalist Şahbaz Xuduoğlu peşəkar media ilə xalq jurnalistikası arasındakı sərhəddən danışıb, onların ictimai, hüquqi, mənəvi öhdəliklərinin oxşar və fərqli cəhətlərini sadalayıb.
Tədbir digər şəxslərin də iştirakı ilə müzakirələrlə davam etdirilib. Yekunda vurğulanıb ki, kütləvi informasiya vasitələrinin yanlış məlumatlar yayması qınağa layiqdir, amma bunun köklərini bilmədən onunla mübarizə aparmaq mümkünsüz, səbəbləri aradan qaldırmadan eləcə qınamaq isə faydasızdır.