Prezident İlham Əliyev dekabrın 7-si Qubada “ASAN həyat” kompleksinin açılışında çıxış edib. O deyib ki, Qubadakı “ASAN xidmət” 12-ci mərkəzdir: “Mərkəzlərdən 5-i Bakıda yaradılıb, 7-si də Quba daxil olmaqla digər bölgələrdə. “ASAN xidmət” artıq beş ildir fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilib. Bu illər ərzində “ASAN xidmət” mərkəzlərinə 18 milyondan çox müraciət daxil olub və xidmətin fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır.
Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. “ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur. Bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə “ASAN xidmət”lə maraqlanır. Bizim “ASAN xidmət” bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə “ASAN xidmət” mərkəzləri yaradılır”.
Dövlət başçısı qeyd edib ki, 2018-ci ildə Mingəçevir, Şəki və İmişli şəhərlərində “ASAN xidmət” mərkəzinin açılışı planlaşdırılır: “Eyni zamanda gələn il 5 mərkəzin tikintisinə start veriləcək və 2019-cu ildə onların açılışı nəzərdə tutulur. Biz istəyirik ki, 2019-cu ilin sonuna qədər ölkəmizdə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərsin.
Biz “ASAN”ın funksiyalarını genişləndiririk və müvafiq sərəncamlar imzalanıb. “ASAN xidmət” fəaliyyətə başlayanda sadəcə olaraq ictimai xidmətlər göstərirdi. Bu gün artıq “ASAN kommunal”, “ASAN viza”, “ABAD” mərkəzləri yaradılır. O sahələrdə ki ölkə üçün prioritet sayılır. O sahələrdə ki qüsurlar, nöqsanlar var.
Bilirsiniz ki, biz indi turizmin inkişafı ilə çox ciddi məşğuluq və bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artıb. Keçən il 24 faiz artmışdı. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni “ASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, ilin əvvəlindən 250 min xarici vətəndaş “ASAN viza”dan istifadə edərək ölkəmizə gəlib.
Kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olub. İndi “ASAN kommunal” çox gözəl xidmət göstərir.
Kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün “ABAD” mərkəzləri yaradılır.
Bir müddət əvvəl göstəriş vermişəm ki, biz qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq. Bu da bizi daim narahat edən məsələlərdən biri olub. İnsanlar işlə təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. Biz bu vəzifəni “ASAN”a tapşırandan sonra çox gözəl sistem yaradılıb. Tikintilərdə qanunsuz çalışan 5 min insan əmək müqavilələri əsasında işləməyə başlayıb. 5 min böyük rəqəmdir. Nəzərə alsaq ki, Bakıda gedən tikintilərdə 13 min insan çalışır, onlardan 5 mini qanunsuz işləyirdi. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar. Yəni harada nöqsanlar, çatışmazlıqlar var, “ASAN” bu məsələnin həllində ön cəbhədədir.
“ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir. Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür. Amma ən çox effekt verən, ən səmərəli tədbirlər sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. “ASAN” bu məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara münasibət, öz işinə olan məsuliyyətli yanaşma “ASAN”dakı kimi olmalıdır”.
Xəbəri AZƏRTAC yayıb.