“Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır”. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a belə deyib.
Rəsmi Bakının sözçüsü əlavə edib ki, Azərbaycan cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır.
Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Yerusəlimi (Qüdsü) İsrailin paytaxtı kimi tanıdığını bəyan edib, ölkəsinin səfirliyinin Tel-Əvivdən həmin şəhərə köçürülməsi barədə qərar imzalayıb.
Novator.az bildirir ki, 1947-ci ildə yaradılmış İsrail Dövləti 1949-cu ildə Yerusəlimi özünün vahid və bölünməz paytaxtı elan edib. 1967-ci ildə İsrail hərbi güclə bütün şəhəri, eyni zamanda Fələstinin başqa ərazilərini tutub. Dünya birliyi bu ilhaqı tanımır, şəhərin şərq hissəsinin Fələstinə verilməsini istəyir. Bir çox ölkə, o cümlədən Azərbaycan Fələstin Dövlətini 1967-ci ilin sərhədləri çərçivəsində, Şərqi Qüdsü Fələstin paytaxtı kimi tanıyır.
1995-ci ildə ABŞ Konqresi ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi barədə qanun qəbul edib. Amma Donald Trampdan əvvəlki prezidentlər bu qanunun icrasını təxirə salıblar.