Dekabrın 6-da Müsavat Partiyası Şirvan təşkilatının həbsdə olan sədri Əlikram Xurşidovun hüquqlarını müdafiə komitəsinin ilk iclası keçirilib.
Müdafiə komitəsinin sədri Gülağa Aslanlıdır.
Bastainfo.com xəbər verir ki, Müsavat Partiyasının qərargahında keçirilən toplantıda Gülağa Aslanlı Əlikram Xurşidovun hüquqlarının müdafiəsi istiqamətində vəkil Nemət Kərimlinin və Müsavat Partiyasının gördüyü işlərdən danışıb.
O bildirib ki, müdafiə komitəsinin hazırkı tərkibində Osman Kazımlı, Elman Fəttah, Razim Əmiraslanlı, Nemət Kərimli, Fərəc Kərimli, Fəridə Ələsgərova, Mustafa Hacıbəyli, Saday Hacılı, Kəmalə Bəhlulova, Əbülfəz Sadıqbəyli, Tofiq Yaqublu, Hidayət İsmayılov və Xuraman Bağırova var.
Gülağa Aslanlı komitənin tərkibinin açıq olduğunu, Əlikram Xurşidovun müdafiəsində fəal iştirak etmək istəyən hər kəsin bura qəbul oluna biləcəyini qeyd edib.
Yığıncaqda Müsavat başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, hüquq müdafiəçisi Samir Əsədli, vəkil Osman Kazımlı, müdafiə komitəsinin üzvləri Saday Hacılı, Elman Fəttah və Mustafa Hacıbəyli çıxış ediblər.
Çıxışlarda Əlikram Xurşidovun fəal müxalifətçi mövqeyinə görə siyasi sifarişlə həbs olunduğu vurğulanıb, onun tezliklə azadlığa buraxılması üçün görülməli olan işlər barədə təkliflər irəli sürülüb.
İclasda iştirak edən Əlikram Xurşidovun anası Əntiqə Xurşidova oğlunun fədakar mübarizəsi ilə qürur duyduğunu söyləyib.
Novator.az bildirir ki, Əlikram Xurşidovu noyabrın 22-də Şirvan polisi tutub. İki sutkaya yaxın polis şöbəsində saxlandıqdan sonra ona qarşı xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. Noyabrın 24-də Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Cinayət işi Cinayət Məcəlləsinin 221.2.2-ci və 221.3-cü maddələri ilə aparılır.
Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törədilməsi barədədir. Maddəyə əsasən, bu əməl 2 ilədək müddətə islah işləri və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
221.3-cü maddə silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi barədədir. Bu əməl 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əlikram Xurşidov hazırda Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanır.