Gəncə şəhər sakini Elnarə Tağıyeva evində Qarabağ müharibəsinin ağrı-acısını əks etdirən muzey yaradıb. AZƏRTAC-ın bölgə müxbiri Elnarə Tağıyevanın evində muzeylə tanış olub, onunla söhbətləşib. Həmin söhbətdən hazırlanan reportajı Novator.az-ın oxucularına da təqdim edirik.
Ağ-qara, rəngli şəkillərdən boylanan yaralı, xəstə, bəzən xəfif gülüşlü insan baxışları, odlu-alovlu müharibənin dəhşət saçan, qandonduran səhnələrini əks etdirən saysız hesabsız fotolar, al-qana boyanmış əsgər geyimləri, hərbi ləvazimatlar, dəlik-deşik köynəklər, parça-parça olmuş çəkmələr, gilizlər, qəlpələr, möhürlü sənədlər, saralmış qəzet-jurnal səhifələri…
Ermənistan-Azərbaycan münaqişəsinin ağrı-acılarını özünə yaşadan bu eksponatlar Gəncə şəhər sakini Elnarə Tağıyevanın evində qoruyub saxladığı və ildən-ilə zənginləşdirdiyi şəxsi kolleksiyasındandır.
Dağlıq Qarabağ müharibəsinin başlandığı ilk illərdən əsgərlərimizə aid eksponatları toplayan Elnarə Tağıyeva evində yaratdığı bu məkanı Vətən İgidləri Muzeyi adlandırır. Hazırda 2280-dən çox eksponat, eləcə də şəhidlərə aid yüzlərlə şəkil, onlar haqqında yazılmış çoxlu sayda qəzet, jurnal və kitablar burada qorunur.
Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyir ki, həmin vaxt onun 23 yaşı olub: “Müdafiə Nazirliyinin nəzdindəki Əşya-Əmlak Xidməti Kombinatında çalışırdım. O zaman bizim çamaşırxana Gəncə qarnizonunu və bütün cəbhəboyu bölgələri təmiz hərbi geyimlə təchiz edirdi. Müharibə getdikcə qızışırdı, cəbhədən ağır xəbərlər alırdıq. Hər dəfə paltarları aparmağa ayrı-ayrı əsgərlər gəlirdi. Geyimlərin bir neçəsini isə orada qoyub gedirdilər. Kombinatda yeni işə düzəldiyimə görə ilk günlər nələrin baş verdiyinin fərqində deyildim. Aparılmayan paltarları səliqə ilə bir kənara qoyur və həmin paltarların sahiblərini gözləyirdim. Bir gün kombinatımıza gələn zabit dedi ki, həmin paltarların sahibləri artıq həyatda deyillər, onlar şəhid olublar. O zaman anladım ki, bura gələn əsgəri niyə sonra görə bilmirəm. Artıq bu gün gördüyüm əsgəri bir də görəcəyimə ümidim yox idi. Ona görə də hər dəfə kombinatımıza gələn əsgərlərdən xahiş edirdim ki, öz siqaretlərindən bir papiros çıxarıb, üzərinə ürək sözlərini və tarixi yazıb mənə bağışlasınlar. Sonra cəbhədə baş verənləri evdə valideynlərimə danışdım və onların razılığı ilə şəxsi mənzilimizin bir otağını muzeyə çevirdik”.
Müharibənin sonrakı illərində ağır döyüşlərin getdiyi cəbhə bölgələrində, hospitallarda olan Elnarə Tağıyeva dəfələrlə ölümlə üz-üzə də gəlib. Güllələrin göydən yağış kimi yağdığı, mərmilərin yanında partladığı anlarda ağır yaralanan, bəzən də şəhid olan əsgərləri öz gözləri ilə görüb. Döyüşlərdən birində başını sıyırıb keçən gülləni muzeyində saxlayan müsahibimiz deyir ki, hər dəfə efirdə yaralanan, yaxud şəhid olan əsgər xəbərini eşitdikdə əvvəlcə onun ünvanını axtarıb-tapır, sonra da yaşadığı evə gedir. Yaralı əsgərlərlə, şəhid ailələri ilə həmsöhbət olur, geri qayıdanda isə ya onların özündən, ya da ailə üzvlərindən muzeyi üçün bir əşya istəyir.
Beləcə, illərdir ki, nə müharibə bitib, silahlar susur, nə də Elnarə Tağıyevanın şəhərlərə, kəndlərə gedib qapısını döydüyü yaralı əsgərlərin, şəhidlərin ünvanı qurtarır. Hər dəfə də eyni nisgil, eyni acı və göz yaşları. Muzey isə ildən-ilə böyüyür, eksponatları artır.
Elnarə Tağıyeva ilə sonrakı söhbətimiz eksponatlar və əşyalar haqqında oldu. Buradakı hər əşyanın bir acı xatirəsi, arxasında neçə-neçə insanın göz yaşı, həsrəti var. Ona görə də muzeydəki eksponatlara həyəcansız baxmaq mümkün deyil.
O, əsgər çəkmələrinin sıralandığı cərgəyə yaxınlaşır və bir tayı olmayan parçalanmış çəkməni qaldırıb deyir: “Bu çəkmələrin sahibləri şəhid olub. Əlimdəki tək və parçalanmış çəkmə isə minaya düşən əsgərindir. Ondan qalan yalnız budur. Divardan asılmış əllə hazırlanan tüfəng isə Gəncənin ilk şəhidlərindən olan Bəxtiyar Əliyevindir. Müharibənin ilk illərində nə ordumuz var idi, nə də silahımız. Əsasən Çaykənddə yuva salmış erməni nankorları qonşuluqdakı Azərbaycan kəndlərinə meydan oxuyurdular. Bəxtiyar erməni quldurlarının Çaykənddə fəallaşdığını eşidib, evə dönür, silah hazırlayır və düşmən üstünə gedir. 1990-cı il Todanın müdafiəsində qəhrəmancasına şəhid olur…”
Şəhid fotoları arasından bir qadın şəkli də boylanır. Muzey sahibi bu şəklin Gəncənin yeganə qadın şəhidi olan Sevda Cabbarovaya aid olduğunu deyir. Sonra didilmiş əlcəkləri göstərib onun minaya düşən hansı şəhidə aid olduğunu, qanlı bayrağa kimin büküldüyünü, öldüyü düşünülüb morqa qoyulan, lakin beş gündən sonra meyitlər arasından çıxarılıb cərrahiyyə olunan və yenidən həyata qayıdan qazinin hekayəsini söyləyir. Stolun üstünə düzülmüş, üstünə adlar və soyadlar yazılmış irili-xırdalı qəlpələr və güllə başlıqlarının hər biri bir evin işığını söndürüb, bir vətən oğlunu bizdən ayırıb. Azərbaycanın Milli qəhrəmanlarına aid qana bulaşmış əşyalar isə divardan asılıb.
Bu muzeydə yalnız şəhidlərin, qazilərin, Milli qəhrəmanların əşyaları deyil, həm də onlara aid çoxlu sayda sənədlər var. Muzeydə əşyası sərgilənən hər bir döyüşçü üçün kiçik guşə yaradan, şəxsi qovluq düzəldən Elnarə Tağıyeva şəhidin valideynlərinə və ailə üzvlərinə, bəzən də yaralı əsgərlərin özlərinə tərcümeyi-hallarını, onların keçdiyi döyüş yollarını və xatirələrini yazdırıb, muzeyin sənədlər saxlanılan hissəsinə daxil edib.
Muzeyi ziyarət edənlər arasında şəhidlərin əzizlərinin, yaxın qohumlarının, qazilərin və Milli qəhrəmanların olduğunu deyən həmsöhbətimiz bizə daha bir eksponatın tarixçəsini danışır: “Baxın, bu şəkillər ən xoş günün xatirəsi kimi toyda çəkilib. Bu ağ qızılgül də həmin toydakı güldür. Atanın-ananın tək övladı olan bu yaraşıqlı oğlan, toyundan 3 gün sonra qəhrəmancasına…”.
Qəhər hər ikimizi boğur. O, daha heç nə danışa bilmir və biz səssizcə otaqdan çıxırıq. Yenə əvvəlki kimi lal bir sükut bu otaqlara hakim kəsilir…