Yaddaşımın küncündə bu anlar da yaşayır… (10)
Silsilənin əvvəli: 1 2 3 4 5 6 7 8 9
Şakir YAQUBOV
68-ci ilin yayında, yaşıdım olan texnikum yoldaşlarım artıq ali məktəblərin qiyabi və axşam şöbələrinin tələbəsi adını qazananda Səmidəlinin köməyi ilə sənədlərimi birtəhər ADU-nun kitabxanaçılıq fakültəsinin əyani şöbəsinə verdim.
Sənədləri indi haqq dünyasında olan Sahib Rzayev qəbul edirdi. Təbii olaraq bir il qabaq orta məktəbi bitirmiş şəxsin haralarda, nə ilə məşğul olduğuna dair sənəd istədi. Cantaraq Səmidəli yanındakı arıq-arğaz gəncin elə bütün ilboyu xəstə olduğunu söylədi və Sahib müəllim daha ucunu tutub ucuzluğa getmədi…
Sonrası daha maraqlı, məzəli və həm də ağlamalı oldu. ADU ilə texnikumun arasını ölçə-ölçə, heç bir dərd-qəm çəkmədən imtahanların dördünü də verdim. Yadımdadır ki, “Neftçi” Alma-Ata “Kayrat”ına qarşı səfərdə oynadığı vaxt ədəbiyyatdan yazılı imtahan verirdik. Günortadan sonra idi, inşanı birtəhər bitirib müəllimə təhvil verərkən tələsdiyimi hiss elədi: “Hara qaçırsan belə?” – dilxoşluqla soruşdu. “Neftçi” oynayır” – dediyimi eşidəndə sanki var ikən yox oldu…
İmtahanların yekun nəticəsini öyrənmək, universitetə qəbul olunub-olunmadığımı bilmək üçün avqustun 24-25-də bir günlüyə Bakıya gəldiyimdə də belə olmuşdu – onda “Neftçi” Eduard Streltsovlu Moskva “Torpedo”suyla SSRİ kubokunun yarımfinal matçını keçirirdi. Bakıya bu dəfəki gəlişim də məzəliydi. Universitetə imtahan verdiyimi evdə heç kimə deməmişdim; təxminən avqustun 20-də kəndə dönməyimə də qəbulla bağlı texnikumda saxlanılmağımla izahat vermişdim.
Bu dəfə də futbola baxmaq üçün Bakıya getmək istədiyimi güman eləyərək atam mənə pul vermədi. Babamgilə gəldim və xahiş-minnətlə 9 manat ala bildim – o vaxt üçün bu, həqiqətən böyük məbləğ idi, Bakıya gedib-qayıtmaq üçün isə 4 manat da bəs edərdi.
Uzun sözün qısası, qəbul olunan abituriyentlərin siyahısında adımı görəndə sevincimin həddi-hüdudu yox idi. Tələbə biletini aldım və oradan birbaşa respublika stadionuna yollandım…
“Neftçi” uduzdu və ömründə birinci kərə SSRİ kubokuna sahib olmaq şansını əldən verdi – finalda rəqibi Daşkənd “Paxtakor”u olacaqdı, o vaxtlar isə Bakı komandası “pambıqçı”lardan xeyli güclü idi.
…Cibimdə tələbə bileti olduğu halda Qamışovkada Bakı-Astara qatarından düşüb sallana-sallana evə gedirdim; təxminən saat 10-un yarısı olardı. Kiçik bibimgilin evlərinə yaxınlaşanda bir qoşqulu “Belarus” traktoru qabağıma çıxdı – sükan arxasında oturan atam idi. Aramızda təxminən 6-7 metr qalanda o, traktoru saxladı və açıq kabinədən yerə tullandı. Əlində maşını işə salmaq üçün lazım olan təxminən yarımmetrlik açarı görəndə məni xoş dəqiqələrin gözləmədiyini anladım və gəldiyim yolla geri götürüldüm. Bu “estafet yarışı”mız təxminən 50 metr çəkdi və mən birdən atamın niyyətini anlayıb dayandım, şalvarımın arxa çibindən tələbə biletini çıxarıb ona göstərə-göstərə qışqırdım: “Əşi, bir dayan görüm… Mən futbola getməmişdim ey”.
Atam göy qabıqlı bileti alıb vərəqləyəndə və bunun Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universiteti tərəfindən Yaqubov Şakir Hənifə oğluna verilmiş tələbə bileti olduğunu biləndə əlindəki açarı hara tolazladığı heç özünə də bəlli olmadı…
***
Dünyanın işinə bax: 68-ci ilin 1 sentyabrı bazar günüydü. Və mən sentyabrın 2-də təxminən saat 12-də indi Fəvvarələr meydanındakı “Araz” kafesinin yaxınlığında, o vaxt üzbəüzdə yerləşən “Araz” kinoteatrının qabağındakı dayanacaqda “PAZ” markalı 204 nömrəli marşrutla işləyən avtobusa minib indiki BDU-nun nəhəng giriş qapısının önündə, Firudin Ağayev (indi Bəxtiyar Vahabzadə) və Zahid Xəlilov (o vaxt Patris Lumumba) küçələrinin tinindəki dayanacaqda düşdüm.
Universitetə qəbul olunduğumu texnikumda Səmidəliyə demişdim və “hazır-qaib” vaxtı nəsə bir bəhanə tapmağı ondan xahiş eləmişdim; universitetdə isə eyni vaxtda texnikum tələbəsi olduğumu adı jurnalda birinci olan Hüseyn Qaraşov bildi.
Dəqiq yadımda deyil ki, bu fikri birinci kim bildirmişdi, hər halda ümumi fikir bundan ibarət idi ki, eyni vaxtda iki təhsil müəssisəsində, həm də əyani şöbədə oxumaq olmaz, bu fakt aşkara çıxarıldıqda Əli aşından da, Vəli aşından da olursan – hər iki məktəbdən səni elə qovurlar ki, xəlbirin göydə fırıldayır…
Texnikum uşaqlarını ənənəvi olaraq sentyabrın əvvəlində pambıq yığımına apardılar, oktyabrın axırında uşaqlar Bakıya qayıdanda isə məni uzun müddət dərsə gəlmədiyimə görə, necə deyərlər, qanuni şəkildə texnikumdan xaric etdilər və mən ADU-da qorxusuz-ürküsüz oxumaqda davam elədim…
Dörd ildə universitetdə çox macəralar oldu, çox üzlər gördüm, başlıcası isə neçə illik fasilədən sonra kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirən yeganə məzun oldum. Amma bu, universiteti bitirən il leytenant hərbi rütbəsiylə sovet ordusu sıralarına yola salınmağıma mane olmadı – həm də indi hətta xəritələrdə adı olmayan Almaniya Demokratik Respublikasına. ADU-nun hərbi kafedrası rəisinin müavini polkovnik Loginov 72-ci ilin 1 may paradı günü məni belə sevindirdi. Halbuki elə o vaxt məlum idi ki, mən fakültəni fərqlənmə diplomu ilə bitirirəm və “əgər etiraz etmərəmsə”, dekanlıq mənim universitetdə saxlanılmağım barədə rektorluq qarşısında vəsatət qaldırar…
***
Yazı-pozuya həvəsim tələbəlik illərində məni universitetin “Lenin tərbiyəsi uğrunda” qəzetinin redaksiyasına gətirib çıxardı və… 71-ci il sentyabrın 1-dən o vaxt tarix fakültəsini bitirən Fəzail Ağamalıyevin, indi isə tarix elmləri doktoru, professor, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin üzvü Fəzail Ağamalının yerinə redaksiyanın ayda düz 60 manat maaş alan ştatlı işçisinə çevrildim.
Respublika qəzetlərindən (“Kommunist”, “Bakinski raboçi”, “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Bakı”, “Baku”, “Ədəbiyyat və incəsənət”) hər ay elə əlaçı tələbə təqaüdü qədər (40-43 manat) qonorar aldığım da oldu. (Bir dəfə hətta Sabir Süleymanovun “Dan qaranlığında” povesti barədə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuş resenziyaya görə Yazıçılar İttifaqının kassasından düz 63 manat qonorar aldım və bu qonorarı mənə… 1965-ci ilin aprelində “Milisin gənc dostları” dəstələrinin respublika toplanışında iştirak eləmiş astaralı məktəblilər qrupunun başçısı kassir Südabə xanım verdi. Yeri gəlmişkən, bu, son 52 ildə Südabə xanımla birinci və sonuncu görüşüm olub).
Ancaq bunun müqabilində gərək ki, bir dəfə – 71-ci ilin 1-3 mayında yataqxanada Ramiz Cabbarovla sözün əsil mənasında yeməyə hətta quru çörək tapmadığımız, ac qaldığımız günlər də oldu…
Belə günlərim, ümumiyyətlə, az olmamışdı. İkisi heç unudulmur.
Birinci dəfə çörəksizliyi… 12 yaşımda hiss eləmişdim. Buna bəlkə də hiss eləmək demək olmazdı, bu, əsil mənada çörəksizliyi yaşamaq, aclıq dövrü idi. Mən 1963-cü ilin qışını nəzərdə tuturam.
Anam Lənkəranda, “Böyük bazar”da orta tibb işçisi olan bir qadınla tanış olmuşdu. Ailələrində uşaq olmayan bu ailə elə yaxınlıqdakı məktəbin həyətinə bitişik evdə yaşayırdı. O illərdə “Böyük bazar” Lənkəranın bir növ inzibati-iqtisadi mərkəzi rolunu oynayırdı: bütün cənub bölgəsinin camaatı alış-verişini buradakı bazarda edər, görüşlərini buraya salar, yaxın-uzaq kəndlərə, rayonlara yollarını yaxınlıqdakı avtovağzaldan başlayardılar. İtini azan burada tapardı. Anam da dediyim qadınla – Rəxşəndə xanımla burada tanış olmuşdu. Söz sözü gətirmiş və məlum olmuşdu ki, biz – ailə olaraq – çörək tapmaq sarıdan çətinlik çəkirik, Rəxşəndə xanımgilin isə bu mənada korluğu yoxdur və hələ bir desən, hər gün bizimçün də bir neçə kilo çörək almaq imkanına malikdir. Lap göydən düşmə bir variant idi və bu variantdan istifadə eləməmək, sadəcə, ağılsızlıq olardı…
Təxminən üç ay – hər bazar günü avtobusla Lənkərana, Rəxşəndə xanımgilə getməyim, səhər-səhər onun evində bir stəkan şirin çaya qonaq edilməyim və sonra da yəqin ki, içində on kiloyadək çörək olan kisəni belimə alaraq yaxınlıqdakı avtovağzala gəlməyim yadıma düşür. Bu, lap “Şərikli çörək” filmindəki çörək növbəsini xatırladan növbədə saatlarla dayanıb titrəməkdən yüz qat sərfəli idi…
Bir də çörəksizliyi təxminən 30 il sonra – 1993-cü ilin payızında balalarım mənə hiss elətdirdilər: axşam təxminən saat 8-də məlum oldu ki, qızlardan biri digərinin də çörək payını yeyib… Evdə heç nədən mərəkə qopdu: ayrı vaxt güclə yedirtdiyimiz qız indi birdən-birə özünü bütün günü dilinə çörək dəyməyən birisi kimi aparırdı.
Onda çörək həm baha, həm də aztapılan matah idi. Bəzən çörək mağazalarının qabağında saatlarla növbədə dayanmaq lazım gəlirdi.
Həmin payız axşamı bir tikə çörək tapıb evə gətirmək üçün taksiylə şəhərin az qala yarısını gəzib dolaşmalı oldum. Mən ev qayıdanda çörək üçün ağlayan qız çoxdan yuxuya getmişdi…
Çörək məsələsinə oxşayan bir əhvalat da yadıma düşür.
1989-cu ilin yayında SSRİ xalq deputatlarının birinci qurultayı işə başladı. Sonralar məlum olduğu kimi, təkcə ayrı-ayrı deputatların deyil, həm də SSR İttifaqını təşkil edən müttəfiq respublikaların kimliyini lakmus kağızı kimi üzə çıxaran bu geniş, əhatəli, bitib-tükənməyən toplantının müzakirə elədiyi məsələlərdən biri də uzun illər ərzində partiya-sovet nomenklaturasına xidmət edən XÜSUSİ tipli iaşə, ticarət, səhiyyə və müalicə-istirahət müəssisələrinin ləğv edilməsiydi.
Bu müəssisələr, sözün həqiqi mənasında, dövlət içində ayrıca bir dövlət təsəvvürü yaradırdı və çox zaman da yüz milyonlarla geniş xalq kütləsini nomenklatura adlandırılan bir qrup məmur və məmurcuqlardan ayırmaq məqsədinə xidmət edirdi.
Bu müəssisələrə “düşmək” üçün müvafiq nomenklaturaya aidliyin olmalıydı və mən “Kommunist” qəzetində işə başlayanda bu aidliyə nail olmuşdum. Əslində, redaksiya heyətinin 21 iyul 1987-ci il qərarı ilə “Sovet quruculuğu” şöbəsinin müdiri təyin edildiyim gündən bu statusu əldə etmişdim, lakin belə məsələlərdə, adətən, tələskənlik göstərmədiyimə görə təxminən iki aydan sonra baş redaktorun birinci müavini rəhmətlik Rəfail Nağıyevin təkidi ilə sənədlərimi hazırlayıb Səhiyyə Nazirliyinin 4-cü tibb idarəsinin (müalicə-istirahət məsələləri bu idarənin səlahiyyətində idi) 1-ci poliklinikasına təqdim elədim.
Partiya Mərkəzi Komitəsinin nomenklaturasına daxil olan istirahət ocaqlarına, məsələn, Zuğulbadakı bağ evlərinə yollayışı da bu poliklinika verirdi. Orada isə elə birinci il hər şeyin tanışlıqla, üzgörənliklə həyata keçirildiyinə əmin oldum: 88-ci ildə nəinki özüm, 8-10 yaşlı balalarım da təxminən 40 dərəcəlik istini Bakının beton evlərinin divarları arasında keçirməli oldular.
Sonrakı il yollayış üçün ərizə verəndə məlum oldu ki, yayın bütün “xodovoy” üç ayı “tutulub”: redaksiyada bunu Rəfail müəllimə söyləyəndə o, mənim yanımdaca kiməsə zəng vurub özünün gərək ki, iyul ayına 15 günlük yollayışını mənim adıma yazmağı xahiş elədi. Həmin il az-çox istirahət balalarıma qismət oldu, mən isə Əbdürrəhman Vəzirovun bilavasitə nəzarətində olan hansısa bir yazını hazırlayıb dərc etdirmək üçün neçə gün Zuğulba ilə redaksiyanın arasını ölçməli oldum…
“Spesmağaza”ya isə lap gec – 91-ci ildə, artıq “Həyat” qəzetində baş redaktorun birinci müavini işləyərkən qoşuldum: çox hörmətli həmkarımız Əhməd İsayev növbəti dəfə Gəncədən Bakıya gələrkən bizim redaksiyaya – baş redaktor Ə.Əfqana dəyməyi özünə borc bilmişdi. Söhbət zamanı xeyli məsələyə toxunuldu. O cümlədən “spes”lərdən istifadə məsələsinə. Əfqan mənim hələ də mağazaya üzv olmamağımı söyləyəndə məlum oldu ki, bu, sadəcə olaraq, mənim başısoyuqluğumun nəticəsidir. Əhməd müəllim bundan əvvəl təxminən bir il “Respublika” qəzetinin baş redaktoru olmuşdu, bu qəzet isə o vaxt Nazirlər Kabinetinin orqanı idi.
Əhməd müəllim kiməsə zəng elədi və məni “spesmağaza”ya yazmağı xahiş elədi, müvafiq sənədləri isə çatdıracağıma da bəri başdan söz verdi.
Səhv eləmirəmsə, bu mağazanın avtobusları ayda iki dəfə ünvanlara gedirdilər: sifariş olunmuş ərzaqları verir və yeni sifarişlər qəbul edirdilər.
Bizim qapımıza avtobus sifarişsiz gəlmiş və o vaxtlar qıt olan standart ərzaqlar: qənd, çay, yumurta, qarabaşaq və s. gətirmişdi. Təxminən on-on beş gün üçün bir ailəyə yetən miqdarda. Həyat yoldaşım bunları götürüb haqqını ödəmiş, növbəti dəfə üçün sifariş vermiş və bu dəfə götürdüyü ərzaqları qonşulara paylamışdı…
“Növbəti dəfə” isə olmadı: sentyabrın ortalarında Azərbaycanda da KP “öldü” və onunla birgə “spes”lər də “dəfn olundu”…
***
Bax belə! Uşaqlıq, yeniyetməlik və gənclik illərimlə bağlı bu qədər. Hər halda demək istədiklərim bu qədər…
2016-cı ilin yayı – 2017-ci ilin payızı