“Ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaq. Heç bir məhdudiyyət olmayacaq”. Noyabrın 14-də sədri olduğu Yeni Azərbaycan Partiyasının 25 illik yubiley mərasimində çıxış edən prezident İlham Əliyev belə deyib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı qeyd edib ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir.
Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir.
Bu il bunu təsdiqləyən növbəti hadisə baş verdi. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum dünya ictimaiyyətində qəbul edilmədi. Həm qonşu ölkələr, həm Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl səylər bundan sonra da davam etdiriləcək. Partiyamızın 20 illik yubileyində mən qeyd etmişdim ki, artıq üç ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. İndi bu ölkələrin sayı 10-dan çoxdur – cəmi beş il ərzində. Bu istiqamətdə də ardıcıl siyasət aparılacaqdır.
Bununla paralel olaraq biz hərbi gücümüzü də artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik. Beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaq. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərdi.
Ermənistan yenə də çalışır ki, aprel döyüşləri haqqında təhrif olunmuş versiyasını dünya ictimaiyyətinə təqdim etsin, ancaq bu, çox gülünc cəhdlərdir. Sadəcə onu demək kifayətdir ki, bu gün biz onların işğal edilmiş torpaqlarda vaxtilə qazdıqları səngərlərdə oturmuşuq və o səngərlərdən böyük bir əraziyə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək”.