Parisdə, Royal Pavilyonda Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçirəcəyi ümumdünya sərgisinə namizədliyi ilə bağlı qəbul təşkil edilib. Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 14-də keçirilən tədbirə qatılaraq çıxış edib.
Mehriban Əliyeva qeyd edib ki, gələn il ölkə müsəlman dünyasında ilk parlamentar və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcək: “Cəmi 23 ay mövcud olmasına baxmayaraq bu respublika irqindən, etnik mənsubiyyətindən, dinindən, cinsindən və sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarının hüquqlarının bərabərliyinə hörmət prinsipinə əsaslanan müasir Azərbaycan dövlətçiliyinin demokratik ənənəsinin təməlini qoyub. Hələ 1918-ci ildə Azərbaycan dünyada kişilərlə bərabər qadınlara siyasi hüquqlar verən, o cümlədən səsvermə hüququ verən ilk ölkələrdən biri olub.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra biz dərhal müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik. Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunub və işğal hələ də davam edir. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.
Birinci vitse-prezident deyib ki, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkənin iddiası 2025-ci ildə ümumdünya sərgisinə ev sahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır.
İctimai-siyasi xadimlərin, diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan haqqında video nümayiş olunub, nəşrlər paylanıb.
AZƏRTAC -ın arayışına görə, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Expo 2015” ümumdünya sərgisində iştirak edib, Türkiyədə təşkil olunan “Antalya Expo 2016” beynəlxalq botanika sərgisinə və Astanada keçirilən “Expo 2017” beynəlxalq sərgisinə də qatılıb.
“Expo 2025 Bakı” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifi irəli sürülüb. Sərginin mövzusu “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.
Bakı ilə yanaşı Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də “Expo 2025” ümumdünya sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.