Yaddaşımın küncündə bu anlar da yaşayır… (5)
Şakir YAQUBOV
Pensər məktəbində uzaq kəndlərdən gələn şagirdlər üçün təxminən 20-30 nəfərlik internat təşkil olunmuşdu. Bir gün tənəffüs vaxtı suyuşirin bir qızın oğrun-oğrun baxıb keçdiyini gördüm. Sabah da, o biri gün də…
Qızlarla münasibət məsələlərində xüsusi fəhmi və təcrübəsi olan sinif yoldaşım, kakaloslu Hidayət Fəttayevə qızı nişan verdim, kimdir, nəçidir, – deyə soruşdum. Cavabı ləngitmədi: “c” (se) sinfindəndir, internatda qalır, gərək ki, dağlıq Sərək kəndindəndir…
Bir-iki dəfə də uzaqdan-uzağa göz-qaş eləyəndən sonra internata tez-tez gəlib-gedən, paralel sinifdə oxuyan oğlandan xahiş elədim ki, bir məktub var, onu filan qıza vermək lazımdır – ancaq heç kim bilməsin.
Oğlan qətiyyətlə söz verdi ki, xahişimi yerinə yetirəcək.
Mən oturub qıza çox absurd mətnli, hətta tanınmamaq üçün çap hərfləri ilə bir məktub yazdım. Bütün mətni xatırlamıram, ancaq bir cümlə-bənzətmə yadımdadır: yazmışdım ki, hər səni görəndə İsmayıl Şıxlının “Ayrılan yollar” romanındakı Zeynəbi xatırlayıram, arzulayıram ki, sənin də taleyin Zeynəbin taleyi kimi xoşbəxt və işıqlı olsun…
Bazar ertəsi həmin oğlan mənə yaxınlaşıb xahişimi yerinə yetirə bilmədiyini və məktubu verərkən hansısa növbətçi müəllim tərəfindən yaxalandığını xəbər verdi.
Qanım bərk qaraldı, ancaq ürəyimdə yeganə ümidi ona bağladım ki, məktub direktora çatmasın, qalan müəllimlərdən hər hansı biriylə danışıb özümü təmizə çıxara bilərdim…
Bir gün dərslər qurtaranda direktor sinfimizin qapısını açıb mənə işarə ilə “Yanıma gəl” – dedi. Bunun nə demək olduğunu dərhal başa düşdüm, amma özümü sındırmadım. Nəsrulla müəllimin sakitliyi sanki mənə keçdi və əsas korpusun qurtaracağındakı kabinetinə çox sakit gəldim.
Üzündə hiyləgər bir gülüş olsa da dərhal məqsədini büruzə vermədi. Ordan-burdan müxtəlif suallar verdi, atamın hal-əhvalını, jurnalistika fakültəsinə sənəd vermək niyyətimin qəti olub-olmadığını soruşdu. Mən də heç nə olmayıbmış kimi suallarını cavablandırdım. Elə bu əsnada stolun üstündə, mənimlə danışa-danışa hansısa yazılı bir vərəqi tumarladığına gözüm sataşdı: mənim başabəla məktubum idi.
Növbəti dəfədə mətləbə keçdi:
– İndi bütün bunların müqabilində belə bir məktub yazmağına dəyərdimi? Özün deyirsən ki, oxumağa gedəcəksən… sən şəhərlər görəcəksən, qızlar, qadınlar görəcəksən. Zəmanət verirsənmi ki, indikindən daha gözəlinə rast gəlməyəcək, bu qızı unutmayacaqsan?!.
Bu mövzuda daha bir neçə kəlmə dedi və əlinin altında tumarladığı vərəqi mənə uzatdı:
– Al, özün öz əlinlə cır və zibil qutusuna at, – dedi. – Bir azdan buraxılış imtahanları başlanır, onlara, qəbul imtahanlarına hazırlaşmaq lazım gələcək. Onda özün görəcəksən ki, belə-belə işlərə nəinki vaxt, heç həvəs də qalmayacaq…
Ayağa durdum, məktubu alıb gözünün qabağında bir neçə tikə eləyib içində lüzumsuz kağızların qalaqlandığı tor zibil qabına atdım. Əlavə nəsə bir sözünün olub-olmadığını soruşub tər dabanımdan axa-axa direktorun otağını tərk etdim.
Ulunun sözünə baxmayan ulaya-ulaya qalar. Sanki o qız heç doğulmayıbmış!..
Amma öz aramızdır: həmin qızın sol gözünün altındakı dırnaq boyda çapıq indiyədək yaddaşımdan silinmir ki, silinmir…
***
Nəsrulla müəllim əbəs yerə buraxılış imtahanlarını xatırlatmırdı. Artıq neçə illər sonra Pensər kənd məktəbinin məzunlarından kimsə və ya kimlərsə medala layiq görülə bilərdi. Doqquzuncu sinfin ikinci yarısından sonra məktəb rəhbərliyinə məlum olmuşdu ki, bu kimsə və ya kimlərsə Balaca Şahağacdan gələn Şakir Yaqubov ola bilər, çünki o, yeganə şagird idi ki, birinci sinifdən üzü bəri “beş”lə oxuyurdu və güman ki, son ilyarımda da qiymətləri dəyişməz olaraq qalacaqdı – bu şərtlə ki, bu yeganəliyi özü də dərk eləyə və dərslərə hazırlaşmağı ikinci-üçüncü dərəcəli işə çevirməyə. “Bir azdan buraxılış imtahanları başlanır” – xəbərdarlığı buna işarə idi.
Düzünü deyim ki, məktəbin yekununda medal qazanmaq perspektivi məni əsla düşündürmürdü və mən adi qaydada dərslərə davam edir, ictimai işlərdə çalışır və ara-sıra “Sovet Astarası” rayon qəzetində müxtəlif mövzulu yazılarla çıxış edirdim. 67-ci ilin yanvarından sonra Akif müəllimin təşkil elədiyi riyaziyyat üzrə dərsdənkənar dərnəyə də yazılmışdım.
Riyaziyyat həvəsliləri üçün göydəndüşmə olan bu dərnəkdə dərslikdən bir addım irəlidəki məsələ və misalların həlli yolları, riyazi məntiq məsələləri öyrədilirdi. Məktəbdə hamının gələcəkdə jurnalist olmağa hazırlaşmağımdan xəbəri olduğuna görə riyaziyyat dərnəyinə getməyimdən və dərnəyin fəal üzvlərindən biri olmağımdan əsla baş aça bilmirdilər. Mən isə sinif nümayəndəmiz, yeganə yerli (pensərli) şagird olan Şamil Əliyevdən sanki geri qalmamaq və onunla dostluğumuzun xətrinə bu addımı atmışdım. Vaxt sarıdan da problemim yox idi: dərsdən çıxıb evə gələnəcən təxminən saat 3 olurdu və nahardan sonrakı vaxtı da bütünlüklə özümə sərf edirdim – ata-anam və daha kiçik bacı-qardaşlarım ev qayğılarından məni tamamilə azad etmişdilər…
(Onu da deyim ki, məhz Şamilgildə növbəti imtahanlara hazırlaşdığımız günlərin birində ilk dəfə siqaretin dadına baxdıq – “Neftçi” komandasının SSRİ çempionatında bürünc medal qazanması şərəfinə Bakı tütün fabrikinin istehsal eləməyə başladığı filtrli “Neftçi” və “Nərgiz” siqaretlərinin dadına.
Yadımdadır: bu, 67-ci il iyunun 16-da olmuşdu… Ondan sonra mən düz 39 il siqaret çəkdim – həm də ağına-bozuna baxmadan; yalnız 2006-cı il iyunun 6-da siqaretin fəsadları ilə əlaqədar birinci dəfə cərrahiyyə əməliyyatına məruz qaldığım vaxt bu mənfur vərdişə birdəfəlik “yox!” – dedim…)
***
Şamillə sıx dostluğumuzun olduğunu nişan verdim; deməliyəm ki, həyatımın müxtəlif dövrlərində dəyişən (və dəyişməyən) dostlarım az olmayıb, lakin onlardan tək yeganəsi var ki, mən hətta ölümümü ona vəsiyyət eləmişəm, hərçənd onun özü deyir ki, sən bizim hamımızı o dünyalıq eləməyincə bu dünyadan köçəsi deyilsən… Bu adam tələbəlik illərində adı-soyadı jurnalda birinci olan, indi isə Bakı Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, sosiologiya üzrə elmlər doktoru, professor Hüseyn Qaraşovdur…
Bu yerdə xəyalən Ramiz Cabbarovun dodaqlarının büzüldüyünü, özüylə uzun müddət çəkən dostluğumuzu unutduğumu güman elədiyini duyuram. Tələbəlik illərində son dərəcə yaxın olduğum bu bərdəli balasıyla şəxsi münasibətlərimiz axır dövrlərəcən hamıya gözdağı idi – ən azı ona görə ki, geyimimiz də hətta eyni olardı.
Ancaq mən Qaraşovla Ramizdən xeyli əvvəl – 68-ci il sentyabrın 2-də tanış olmuşam və əgər zənnim məni aldatmırsa, bu günəcən – yəni düz 49 ildir ki, bu tanışlığa sədaqətliyəm, ölümlü günlərimdə də məhz Qaraşova müraciət olunur…
Həmin 2 sentyabr söhbətini isə Ramiz də bilməmiş olmaz: gələcək peşəmizlə əyani tanışlıq üçün bizi – indiki Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin birinci kurs tələbələrini M.F.Axundov adına respublika kitabxanasına aparmışdılar. Təxminən 20 nəfər idik. Səbəbi də oydu ki, qəbulun yekunlarına görə qrup tam komplektləşməmişdi və bu natamamlıq eləcə bütün təhsilin sonunacan davam elədi – ən azı “qatar”dan yarı yolda düşənlər olduğu üçün…
Kitabxana ilə tanışlıq bitdi və biz küçəyə çıxıb iki-bir, üç-bir birləşəndə mən Qaraşovla bir oldum.
Ayaqlarımızı sürüyə-sürüyə ovaxtkı AzərTA (indiki AzərTAc) ilə “Kommunist” qəzetinin yerləşdiyi binaya bitişik “Sərin” kafesinə gəlib çıxdıq. Adama bir pay sosis sifariş verdik, ləzzətlə yeyib aclığımızı öldürəndən sonra hesablaşmaq məqamı çatdı. Elə bu anda dəsmalımı çıxarmaq məqsədilə əlimi şalvar cibimə uzadanda Qaraşov pul çıxaracağımı güman edərək cəld əlimdən yapışdı. Mən bunu vaxtsız hərəkət kimi qiymətləndirdiyim üçün “Hərif olma, dəsmal çıxarıram” – dedim…
Hesabı kimin çəkməyinin elə də əhəmiyyəti olmadığı üçün bu əhvalat indiyədək unudulmur, bir yerdə olarkən adətən Qaraşov tərəfindən ləzzətlə xatırlanır…
Nə səbəbdənsə üçüncü kursun axırlarında Qaraşovla aramız dəydi və hətta mən Ramizi “bişirib” yataqxananı tərk edərək kirayənişin həyatı yaşamağa başladıq.
Ramizlə münasibətlərimiz mənim sovet ordusunda xidmət elədiyim dövrdə və ondan sonra – qonorar hesabına dolandığım təxminən dörd illik dövrdə daha da möhkəmləndi. Bu illərdə Ramiz Bərdədə çıxan “Kommunizm yolu” qəzetində şöbə müdiri işləyirdi (indi Masallıda rayon icra hakimiyyətinin başçısı olan Rafil Hüseynov şöbənin ədəbi işçisi idi), hər Bakıya gələndə cibimə pul qoymamış geri dönməzdi…
Ancaq hər şeyin başlanğıcı olduğu kimi, bir sonu da olur: tanışlığımızdan təxminən 20 il keçəndən sonra bizim də qardaşlığımıza son qoyuldu. Halbuki bunun üçün elə bir ciddi əsas da yox idi: axı mən şəhər uşağı, ailənin yeganə qız övladı olan Fatma xanımı Bakının Əmircan qəsəbəsindən Bərdənin Məmmədli kəndinə – yayın cırhacırında gəlin aparanlar sırasında olmuşdum və həm də bu, mənim üçün tamamilə yeni bir şey idi: o vaxtacan mən müxtəlif kurslarda oxuyan tələbə yoldaşlarım Mirzə Şeydayevin indiki Qəbələnin Sileyli kəndindəki, Mirsahib Kazımovun Lənkəranın Şürük kəndindəki və Tofiq Ağayevin Lerikin Qosmalyan kəndindəki toylarında iştirak eləmişdim. Bir növ toya dəvətli kimi. İndi isə tam fərqli idi – ən azı Bakıdan eks-tələbə yoldaşımız Rübabə ilə Bərdəyə getmişdim və onu geriyə qaytarıb sağ-salamat ailəsinə təhvil verməliydim…
(Bakıya necə qayıtdığımızı dəqiqləşdirmək üçün bu günlərdə Rübabə xanıma zəng vurdum. Onun dediklərindən belə məlum oldu ki, biz ümumiyyətlə Bərdədə toyda olmamışıq, onunla birlikdə Əmircan kəndinə, Fatma müəllimin qız toyuna getmişik…
Ramizin özü də bunları təsdiqləyəndə anladım ki, yaddaşım əməlli-başlı xarab olub…)
(Ardı var)