İmdad ƏLİZADƏ
Vədə yerində görüşüb hal-əhval tutandan sonra soruşur ki, harada oturaq?
– Siz haranı uyğun bilirsiniz, orada.
Yaxınlıqdakı məkanlardan birinə adlayırıq. Rafiq Hüseynovu hörmət-izzətlə qarşılayırlar, səhhətini soruşurlar, əyləşmək üçün yer göstərirlər.
– Bura evin yanıdır, darıxanda, qonaq olanda bura gəlirəm. Ona görə məni tanıyırlar.
– Sizi hər yerdə tanıyırlar.
Gülür:
– Yox, o qədər də deyil.
Əyləşəndən sonra məndən soruşur ki, nə içəcəksən?
– Çay.
– Bəlkə pivə içəsən…
– Yox, çox sağ olun, mən çay içəcəm.
Üzünü iş yoldaşıma – Töhfə Əzimovaya tutur.
– Mən də çay.
Biz Mediaforum.az saytından xalq artisti, telejurnalist, uzun illər Azərbaycan Televiziyasının diktoru olmuş Rafiq Hüseynovla müsahibəyə gəlmişik. 2014-cü ilin iyun ayıdır.
Rafiq müəllim yenidən mənə sərinləşdirici içkilərdən nəsə içməyi təklif edir. Razılaşmıram. Təkcə ona görə yox ki, mən içki içmirəm, həm də böyük diktora, onun səhhətinə görə bunu istəmirəm. Deyirəm bəlkə o da çay içə. Amma…
– Onda icazə verin mən pivə içim.
Ofisiantı çağırır. Bizim üçün çay, özünə pivə sifariş edir.
– Qulaq as, bakalı soyuducudan götür, pivə də buz kimi soyuq olsun.
Ofisiant “baş üstə” deyib gedir.
Təəccübümü gizlədə bilmirəm. Axı bu necə olur? Təəccübü özü də duyur.
Onda Rafiq Hüseynov Türkiyədən müalicədən yenicə qayıtmışdı. Orada ağır cərrahiyyə əməliyyatı keçirmişdi. Xərçəng xəstəsi olduğunu, xərçəng şişinin ağciyərdə baş qaldırdığını, içkinin, həm də soyuq içkinin ona pis təsir edə biləcəyini özü də gözəl bilirdi.
– Rafiq müəllim, məgər həkim sizə içki, özü də belə soyuq içməyə icazə verib? Bu sizə ziyan olar.
Mənim təəccüb və narahatlıq dolu sualım onun tövrünü pozmur. Soyuqqanlılıqla deyir:
– Onsuz da həkimlər heç nəyə razılıq vermirlər. Əgər yayın bu qızmar günündə sərin pivə içib onun ləzzətini dadmayacamsa, daha bu nə yaşamaqdır?
Az sonra ofisiant sifarişləri gətirir. Pivə bakalı buz bağlayıb. Müsahibə gedə-gedə sifarişin sayı dörd bakala çatır.
Məni təəccübləndirən təkcə Rafiq müəllimin ləzzətlə içdiyi soyuq pivə deyil. Söhbətə başlayandan bir qədər sonra cibindən siqaret çıxarır, yandırıb dərindən qullab vurur:
– Siqaret çəkdiyimə görə yoldaşım mənimlə dalaşır. Ona görə qutu ilə deyil, çox vaxt dənə-dənə alıram.
***
Müsahibə vaxtı foto çəkmək istəyirəm, razılaşmır.
– Kimya terapiyalarından sonra saçım tökülüb, görkəmim dəyişib. İstəmirəm insanlar məni belə vəziyyətdə görsünlər. Qoy tamaşaçıların yaddaşında həmişəki Rafiq Hüseynov kimi qalım.
Etiraz etmirik.
Söhbət uzun çəkir. Ayağa qalxanda deyir ki, siz məndə sirr qoymadınız.
Mən də zarafatla cavab verirəm ki, sizin bizə danışdıqlarınız yəqin olan-bitənlərin 5-10 faizi olar.
Rafiq müəllimin üzündəki təbəssüm sanki bunun təsdiqi olur.
Çöldə özümüz üçün foto çəkdirməyi təklif edirəm. Bu dəfə etiraz etmir. Amma indiyə kimi həmin fotoları nə mən yaymışam, nə də Töhfə. Rafiq müəllimə söz vermişik. Sözümüz sözdür.
***
İstər müsahibə zamanı, istərsə də diktofondan kənar söhbətləşəndə o vaxt cəmi 13 yaşı olan qızına görə necə narahatlıq keçirdiyi aydın sezilirdi.
– Əməliyyata da hamıya əl eləyə-eləyə, gülə-gülə girdim. Bir tərəfdən düşünürsən ki, yaşın çoxdur, ölümdən artıq qorxmursan… Ümumiyyətlə, bu hiss məndə tamamilə yox olub. Allahdan yeganə ona görə ömür istəyirəm ki, yaşlı dövrümdə bu uşağa həyat vermişəm, onun gələcəyini qura bilim. İndi məndə borcumu yerinə yetirmək hissi bütün hissləri üstələyir. Allah ömür versin, qızımı yerbəyer eləyim…
Soruşuram ki, bu yalnız narahatlıqdır, yoxsa yaşlı dövrdə övlad sahibi olmağın peşmanlığı da var?
– Yox, son illərdə qızıma görə yaşamışam.
***
Ən çox sevindiyi isə səsinin yenidən açılması idi.
– Şükür Allaha, səsim açılıb. Amma əməliyyatdan sonrakı altı ayda tamam batmışdı. Güclə danışırdım, nəfəsim çatmırdı. Türk cərrah demişdi ki, səsin açılacaq. Sözün düzü, həkimə inanmamağa başlamışdım, altı ay idi səsim açılmırdı. Bir gün səhər yuxudan oyandım, gördüm səsim yerindədir.
***
Vidalaşanda deyir ki, müsahibə hazır olanda göndər, baxım. Elə də edirəm.
– İmdad, müsahibədən yalnız bir cümlə çıxardım. Həmin cümlənin getməsini də yoldaşım istəmədi, yoxsa mənim üçün fərqi yoxdur, özüm danışmışdım. Həmin cümlənin çıxması problem olmaz ki?
– Yox, olmaz. Ancaq təsirli cümlə idi.
– Elədir, qalsın növbəti müsahibəyə…