“O məzarları ziyarət etmək istəyirəm”
- 31 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetTribuna
Novator.az mərhum telejurnalist Rafiq Hüseynovun 2014-cü ilin iyun ayında Mediaforum.az saytında getmiş müsahibəsini ixtisarla təqdim edir:
– Təxminin on beş gün əvvəl Türkiyədə dərin və hərtərəfli müayinədən keçdim, həkimlər analizlər götürdülər. Xərçəng elə xəstəlikdir ki, bir müddət sonra metastaz verir. Həkimlər məndə də metastaz yaranacağından narahat idilər. Şükürlər olsun ki, müayinə və analizin nəticələri müsbət oldu.
Şükür Allaha, səsim açılıb. Amma əməliyyatdan sonrakı altı ay ərzində tamam batmışdı. Güclə danışırdım, danışanda nəfəsim çatmırdı. Türk cərrah demişdi ki, səsin açılacaq. Sözün düzü, artıq həkimin dediklərinə inanmamağa başlamışdım, altı aydır səsim açılmırdı. Bir gün səhər yuxudan oyandım, gördüm səsim yerindədir.
– Səsinizə görə yaşadıqlarınızı bir ilahi sınaq kimi qiymətləndirmək olarmı?
– Mən dindar deyiləm, amma ömür boyu bir qüvvəyə inanmışam. O da məni həmişə qoruyub. İnanmışam ki, nə olsa da, vəziyyətdən çıxacağam. Çünki 13 yaşımdan heç kimin köməyi olmadan özüm pul qazanıb dolanmışam. Tənha bir oğlan idim, özüm özümə yol seçdim, o yolla da getdim. İndi də o ilahi qüvvəyə inanıram, bu neməti mənə veribsə, bu tezlikdə ala bilməz axı.
– Deməli, ilahi sınaqdan çıxa bildiniz…
– Hətta ölümdən qurtardım. Allah neçə il ömür verib bilmirəm, xəstəliyim bir ildən sonra da fəsad verə bilər, on ildən sonra da, fakt odur ki, indi yaxşıyam. Ümidlə yaşamaq lazımdır. Gözümün qabağında 13 yaşlı qızım var. İstərdim onu yerbəyer eləyim, sonra köçüm bu dünyadan.
– Ovqatınız səsinizin durumundan, yoxsa səsiniz ovqatınızdan asılıdır?
– Bəzən səhər oyanırsan, səsin o qədər gözəl olur ki, dərhal veriliş, film versələr, onu məmnuniyyətlə oxuyarsan. Bəzən isə səs daxildən yox, boğazdan yuxarı gəlir. Bunun müəyyən səbəbləri var: baxır gecəni necə keçirmisən, yeyib-içib dostlarla olmusan, yoxsa evdə tək-tənha çay içmisən.
Dostum Müslüm Maqomayev deyirdi qəribə işdir, gecə səhərə qədər dostlarla yeyib-içirəm, yuxudan duranda da səsim gur çıxır. Elə gün olur evdən çölə çıxmırsan, amma səhər duranda səsin nasaz olur…
– Rafiq müəllim, siz ağır xərçəng xəstəliyinə qalib gəlmisiniz. Əməliyyat otağına daxil olanda, əməliyyatdan sonra nələr keçdi gözünüz önündən?
– Həmin anda insan qəribə hisslər yaşayır. Bir dəfə Soçidə dənizdə batırdım. Elə vəziyyətə düşmüşdüm ki, üzüb çıxmaq mümkün deyildi. Dərinə getdikcə bütün həyatım lent yazısı kimi gözümün qarşısından keçirdi.
Əməliyyata gedəndə də sağ qalacağıma heç bir zəmanət yox idi. Hər əməliyyatda istər-istəməz risk var. Heç bir cərrah deyə bilməz ki, hər şey yüz faiz yaxşı olacaq, alınacaq. Özüm də başa düşürəm ki, ağ ciyəri kəsmək, yarısını götürmək zarafat iş deyil. Ona görə cərrahlara həmişə minnətdar olmaq lazımdır, onlar böyük iş görürlər.
Bu, mənim ikinci əməliyyatım idi. On beş il əvvəl Moskvada öd kisəmi götürtmüşəm. Hamı deyir məndə həyəcan, qorxu hiss olunmayıb. Əməliyyata da hamıya əl eləyə-eləyə, gülə-gülə girdim. Bir tərəfdən düşünürsən ki, yaşın çoxdur, ölümdən artıq qorxmursan, ümumiyyətlə bu hiss məndə tamamilə yox olub. Allahdan yeganə ona görə ömür istəyirəm ki, yaşlı dövrümdə bu uşağı dünyaya gətirmişəm, onun gələcəyini qura bilim. İndi məndə borcumu yerinə yetirmək hissi bütün hissləri üstələyir. Allah ömür versin, qızımı yerbəyer eləyim.
– Ömrünüz lent kimi gözünüzün önündən keçəndə “kaş bunu eləməyəydim”, “niyə belə elədim”, “gərək bunu da eləyəydim” dediyiniz məqamlar çoxmu olub?
– Həyatda heç nəyə təəssüflənməmişəm. Bu, mənim həyatımdır, səhvləri də mənimdir, nailiyyətləri də. Sözsüz ki, məni sevməyənlər, düşmənçilik eləyənlər də olub. Biri paxıllıqdan, o biri xəstəlikdən eləyib. Mənim səsimi qəbul edə bilməyən ruhi xəstələr vardı. Biri televiziyaya gəlmişdi, məni öldürmək istəyirdi. Deyirdi sənin səsin məni hər yerdə izləyir…
Amma mənə pislik edənlərin də xeyri dəyib, zərbələr yedikcə kişiləşmişəm. Həyat hamar olmamalıdır. Elə vaxt olur fikirləşirsən daha quyunun dibindəyəm, çıxmaq çətindir. Amma çıxmağa çalışırsansa, deməli, mətinləşirsən, güclənirsən, həyata başqa gözlə baxmağa başlayırsan. Heç heyfsilənmirəm, mənə elə gəlir layiqli bir ömür yolu keçmişəm. Bu gün gəlib mənimlə söhbət edirsinizsə, deməli, bu ölkədə az iş görməmişəm.
– Ölümlə yaşam arasındakı məsafə uzundur?
– Onu heç kəs bilmir. Kimin ağlına gələr ki, 20 yaşında ölə bilər. Mən 17 yaşlı oğlumu itirdim. Universitetin tarix fakültəsinə daxil olmuşdu, heç iki-üç ay oxuya bilmədi. Ölümlə həyat arasında nə qədər məsafə olduğunu bir Allah bilir.
– Televiziya aparıcıları ilə bağlı çoxlu şikayət eşidirik. Belə yerdə peşəkar sözünə ehtiyac yaranır. Televiziya aparıcıları sizi qane edirmi?
– Sözsüz ki, məni incidən, narahat edən problemlər var. Aparıcıların nitqindəki qüsurları görürəm. Düzdür, bütün kanalları izləyə bilmirəm. Hər halda eləsi var tamaşaçı ilə təmas qura, birbaşa efirdə müəyyən söhbət apara bilir. Bunun hamısı yaxşıdır, amma Azərbaycan dilini çox pis vəziyyətə salırlar, ələlxüsus da əcnəbi sözlər işlətməklə. Hətta yumor ustalarımız da düşünürlər ki, rus dilində nə qədər ifadə işlətsələr, bir o qədər gülməli alınar. Sovet dövründə bunlar keçmirdi, “uje” desəydi, artıq efirdən çıxırdı. İndi kim nə istəyir danışır, hesab edirlər belə də olmalıdır. Seriallarda da vəziyyət belədir.
– Sovet dövründə ölkə rəhbərliyi, vəzifəli şəxslər televiziya işçilərinə çoxmu təzyiq edirdi, işinizlə bağlı iradlar çoxmu olurdu? Cəza almaq asan idi, yoxsa mükafat?
– O dövrdə kimin nə zaman mükafat alacağını, əməkdar artist, xalq artisti olacağını əvvəlcədən heç kim bilmirdi. Biz bundan ancaq qərar rəsmən elan olunanda xəbər tuturduq. İndi adlar, mükafatlar üstündə dava-qırğındır. Əlbəttə, səhvlərimizə görə töhmət də verilib. Məsələn, Heydər Əliyevin bir saatlıq çıxışlarını birbaşa efirdə rus və Azərbaycan dillərində oxuyurdum. Çətin iş idi, özü baxıb qeydlərini deyirdi.
– Sizcə, azad jurnalistikanın qızıl təməli nədir?
– Azadlıq deməzdim, sərbəstlik gərək olsun. Jurnalistin daxilində bir senzura olmalıdır. Kənardan ona deyilməməlidir, özü başa düşməlidir ki, bunu yazsam, nəyə gətirib çıxaracaq.
– Rafiq müəllim, o vaxt televiziyada sizin səsinizi qısqanmaq zəminində intriqalar çoxmu olurdu? Deyilənə görə, o vaxt dərman verib kiminsə səsini batırmaq faktları da olub müğənnilər arasında…
– Deməzdim ki, bizdə belə hallar olub. Əvvəla, bizim çox kiçik diktor kollektivimiz vardı. O dövrdə televiziya diktoru nadir peşə idi, bununla respublikada beş-altı adam məşğul olurdu. Özü də böyük məsuliyyəti vardı, bir kanal idi, birinci katibdən tutmuş fəhləyə qədər hamı ona baxırdı. Hamının da sənə qiymət verməyə ixtiyarı var idi.
Bəlkə daxildə bir paxıllıq olardı – o getdi qabağa, mən qaldım. Bu da sənətlə bağlıdır, kim özünü necə göstəribsə, elə də qiymətini alıb. Umu-küsü də olub. Baş diktor olanda qadınlar arasında belə şeylər hiss edirdim. Deyirdim bilirsiniz nə var, beş-altı nəfərik, efirə yaxşı əhval-ruhiyyə ilə çıxın. Evdəki, işdəki, ailədəki problemləri, mübahisələri ekranda büruzə verməməlisən, ora xoşbəxt bir insan kimi çıxmalısan. Həm da sovet dövründə göstərməli idin ki, biz xoşbəxt bir ölkədə yaşayırıq, bundan yaxşısı yoxdur.
Çətin dövr idi, o zaman indiki kimi mobil telefon yox idi. Axtarırdılar, evdə yoxam, kinodayam, gəlib kinoteatrdan çıxarırdılar ki, get mətni oxu. Bunlar hamısı yaşadıqlarımızdır, unuda bilmərik.
– Rafiq müəllim, sizin sevgi hekayətləriniz barədə müxtəlif əfsanələr danışılır. Gənc yaşlarınızda televiziyada diktor olanda çoxmu sevgi məktubları alırdınız?
– Bunu mənim deməyim təvazökarlıqdan uzaq olar axı. Necə deyim ki, məktublar, zənglər dəhşətli dərəcədə çox idi. Onu da deyim ki, mən bir dəfə də zənglə, məktubla görüşə çıxmamışam. İstər-istəməz ekranda çıxış edirsənsə, xanımlar, qızlar sənə aşiq olurdu, filmdə olduğu kimi. Axı biz gündə efirə çıxırdıq, çağırılmamış qonaq idik. Hətta bir qızı bizim milis postundan ruhi xəstəxanaya göndərmişdilər. Gəlib televiziyanın önündə gecələyirdi, məni gözləyirdi. Mən o biri qapıdan çıxıb gedirdim, çünki qız həqiqətən havalanmışdı. Heç üz-üzə gəlmədik.
– Bəs axı deyirlər sevgiyə cavab vermək lazımdır?
– Hamıya cavab versəm halım necə olardı? O məktublara necə cavab verəsən?! Yazırdılar ki, mütləq mənim olacaqsan, səni qoymayacağam kiminləsə yaşayasan…
– Daha nələr yazırdılar?
– Yox, mənə əsasən sosial problemlərdən yazırdılar. Çünki o dövrdə hesab edirdilər ki, televiziyaya çıxan adam hər şeyə qadirdir. Bir kişi oğlunu rayondan gətirmişdi ki, xəstədir, deyirlər müalicəsi ancaq İspaniyada mümkündür, bir zəng elə İspaniyaya, səni bütün dünya tanıyır. Deyirəm, ay kişi, dünya deyil, Azərbaycan, uzaq başı Sovet İttifaqı tanıyar, ondan o tərəfə mən çıxmıram.
– Söhbətin axarını dəyişməyək, söhbət sevgi məktublarından gedirdi…
– Hə, məhəbbət məktublarını mən maraqla oxuyurdum, çünki istər-istəməz xoşum gəlirdi də, mənə aşiq olurlar, nəyi pisdir ki…
– İstedadlı yazanlar vardımı?
– Bir müddət məktublardan seçmələri, mənə təsir edənlərin bir qismini arxivimdə saxlamışdım. Amma bu axırlarda məhv etdim.
Bir dəfə qızım və yoldaşımla “Makdonalds”a getdik. Balaca uşaqlı, yaşlı bir qadın gəldi. Mən tanımırdım, o isə bilirdi ki, yanımdakı qızımdır. Soruşdum nəvənizdir, dedi yox, qızımdır. Bəs niyə bu qədər gec ailə həyatı qurmusunuz? Dedi səni gözləyirdim. Çox təsirli oldu, təsadüfi qarşılaşdıq, bir masada oturduq və həyat yoldaşımın yanında keçdi “sən” deyə müraciət etməyə.
– Yoldaşınızın reaksiyası necə oldu?
– Normal, mənim yoldaşımdırsa, bilməlidir ki, populyar adamların həyatında nə istəsən ola bilər.
– Məktubların hamısını oxuyurdunuz?
– Mütləq oxuyurdum. Hətta sevgi məktubları istisna olmaqla bəzilərinə cavab da yazırdım.
– O məktubları nə zaman oxumağı xoşlayırdınız?
– Ancaq işdə. Bu, işimin bir qolu idi. Məktublar vardı, ruhlandırırdı, düşünməyə vadar edirdi, insana necə kömək edim. Bir dəfə biri əlində iki qalın dəftər otağıma gəldi, bir buna baxın, şeirlər yazmışam. Düşündüm ki, efirə çıxıb şeirlərini oxumaq istəyir. Soruşdum sizə nə etməliyəm? Dedi evi qarət etmək üstündə 15 il həbsxanada yatıb çıxmışam. İndi həyatımı dəyişmək, pul qazanmaq, evlənmək istəyirəm, mənə kömək edin, hara gedirəm, deyirlər həbsdə yatmısan, elə iş verirlər, özümə sığışdırmıram.
Çox müraciət etdim dostlarıma, tanışlara, heç olmasa, fəhlə kimi götürün, bəziləri ilə küsdüm, iradlarımı bildirdim ki, insan taleyinə belə yanaşmaq olmaz. Bir gün yaşadığım yerdə, səkkizinci kilometr deyilən ərazidə mənzil istismar idarəsinə gəldim, müdiri yaxın adamım idi. Söhbət düşdü, dedi mənə bir adam lazımdır, evlərdə qapı qıfılları düzəltsin. Dedim məndə bir nəfər var, həbsdə olub, götürərsən onu? Dedi qoy gəlsin. Evləri qarət edən adam evlərə qıfıl saldı. Mənə təşəkkürü bilirsiniz nə idi, bütün səkkizinci kilometrdə su gəlməyəndə qapıma iki-üç vedrə su gətirib qoyurdu. Sonra evləndi, uşaqları oldu, mənzildən köçəndən sonra əlaqəmiz kəsildi. Belə hallar çox olub.
– Aldığınız sevgi məktubları həyatınıza hansısa formada təsir edirdimi?
– Məni sevən kimi mən də sevirdim. Qadınlar məni sevirdi, mən də onları. Heç gizlətmirəm, dörd dəfə evlənmişəm. Sözsüz ki, mən o həyatdan yan keçə bilməzdim. Bilirəm, nəyə çəkib aparırsınız, hamısını açıqlaya bilmərəm. Sevmişəm, bəyəndiyim insanlar olub, onlarla görüşməsəydim cinayət sayılardı, sonra ömrü boyu özümü bağışlamazdım. Allah deyər sənə gül kimi qız yetirdim, niyə rədd elədin getdi.
– O sevgilərmi ailə həyatını davam etməyə imkan vermirdi?
– Deməzdim, əgər ailədə sevgi, ehtiras tükənibsə, yalandan yaşamağın, kənar fikirləri nəzərə almağın mənası yoxdur. Bəlkə həyat yoldaşına da şans verirsən, səndən yaxşısı ilə rastlaşsın, layiqli həyat qursun. Sevgiyə qalanda, bunu ailəli də etmək olar. Amma populyar adam üçün gizli görüşlər keçirmək çox çətin idi. Min cür işdən çıxırdım ki, heç kəs bilməsin, görməsin.
– Dörd dəfə ailə qurmusunuz, bəs qeyri-rəsmilərin sayını bilirsinizmi?
– Təxmini rəqəm var, o da mənim daxilimdədir.
– Xanımdan ehtiyat edirsiniz say deməyə?
– Yox, xanım bilir ki, həyatım elə keçib.
– Axtardığınız sevgini sonda tapa bildinizmi?
– Əvvəla onu deyim ki, mən əvvəlki xanımlarla çox mədəni formada ayrılmışam. Heç bir ədavət, qırğın olmayıb. Roza Tağıyeva ilə ayrılandan sonra 25 il bir yerdə işləmişik, indi də görüşürük. İndi rahatam, görünür, yaş da o yaş deyil. Yoldaşım cavandır, məndən 30 yaş kiçikdir.
– Əvvəlki həyat yoldaşlarınız baş çəkdimi sizə xəstəlikdən sonra?
– İkisi zəng edirdi, ürək-dirək verirdilər. Yoldaşım da hörmətlə yanaşır. Hesab edirəm münasibətlər belə olmalıdır.
– Heç bir yerə yığmaq fikriniz olubmu həyat yoldaşlarınızı nə vaxtsa?
– Onları bir yerə yığmaq fikrim yoxdur. Bəlkə mən öləndə yasıma gələrlər…
– Siz əslən şuşalısınız…
– Atam şuşalı, anam maştağalıdır. Ailəmiz İçərişəhərdə yaşayırdı. Atam gənc yaşlarında Şuşadan Bakıya gəlib, burada Xalq Təsərrüfatı İnstitutuna daxil olub, oranı bitirib. Biz İçərişəhərdə yaşasaq da mən Şuşada anadan olmuşam. Avqustun 4-də Şuşada doğulmuşam, qırx gün orada saxlayıblar məni, sonra Bakıya gətiriblər.
Ata hər yay bizi Şuşaya istirahətə aparırdı. Mənim Şuşa ilə bağlılığım çox dərindir. Ora mənim vətənimdir. Hər yay Şuşaya gedəndə sevincimizin həddi-hüdudu olmurdu. Çünki Şuşa çox gözəl məkandır, dilbər guşədir. Həmin illərdə Azərbaycanın ən görkəmli şəxsiyyətləri Şuşada istirahət edirdilər. Onlarla təmasda olmaq, söhbət etmək insana zövq verirdi.
Şuşa bizim imicimiz, dəyərimiz idi. Mən şuşalı olduğumu həmişə fəxrlə demişəm. Qohum-əqrəbamla da tez-tez təmasda oluram. “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevlə həm qohum, həm də dostuq. Vasif Quliyev Şuşa və İçərişəhər qalalarını nəzərdə tutaraq mənə “iki qalanın oğlu” adını verib. Axı Şuşada anadan olmuşam, İçərişəhərdə yaşamışam.
Şuşa üçün çox darıxıram. Mənim atamın, əmimin, nənəmin, qohum-əqrəbamın məzarları oradadır. O məzarları ziyarət etmək istəyirəm.
– Deyirsiniz həyat elə nahamar olmalıdır, bu vəziyyətdən nəsə öyrənmək, bərkimək lazımdır. Deyirsiniz uşaqlıqdan problemləriniz əskik olmayıb…
– İçərişəhərdə yaşayırdıq. Atam rəhmətə gedəndə düşünürdüm ki, artıq nəsə etmək lazımdır. O vaxt şərqşünaslıq fakültəsinə girmək istəyirdim. Həmin il rus şöbəsinə qəbul olmadı, mən də rus dilində təhsil almışam. Fikirləşdim işləmək lazımdır. Evdə oturub televiziyaya baxırdıq. Dedim, ana, gedirəm televiziyada işləməyə. Dedi, ay bala, səni oraya buraxan kimdir.
Öz ayağımla kadrlar şöbəsinin müdirinin yanına getdim, iş istədim. Demək bir az təvazökarlıqdan uzaq olur, yaraşıqlı, geyimli bir şəhər uşağı idim. Çəkdi qırağa, soruşdu atan, anan kimdir, dedim dəxli yoxdur, nə versəniz işləyəcəyəm. İşıqçı götürdülər. O vaxt adi işçini də sədr bəyənirdi, götürürdü. Məndən Teymur Əliyev soruşdu ki, niyə gəlmisən bura? Dedim televiziyaya həvəsim var, məcbur olub yalan danışdım. Əslində bir il işləyib, yenidən universitetə girmək istəyirdim. O yalan məni gətirib bu dövrə çatdırıb.
İşləyəndən sonra gördüm ki, televiziyadan ayrıla bilmərəm. İncəsənət İnstitutunun qiyabi şöbəsinə daxil oldum. Oranı da 13 ilə bitirdim. Məni institutdan qovmuşdular. Bir müəllimimiz vardı, soruşdu dərsə niyə gəlmirsən? Dedim işimlə əlaqədar başqa respublikalara gedirəm, çıxışlarım olur. Bu sözlər müəllimin xoşuna gəlmədi. Dedi sən özündən çox razısan. Bu sözdən həmişə zəhləm gedib, indi də zəhləm gedir. Heç vaxt özümdən razı olmamışam, həmişə sadə olmağa çalışmışam, bunu dostlarım da bilir. Ona görə bir balaca söydüm. Getdi rektora dedi ya o tələbə burada oxuyacaq, ya da mən işləyəcəyəm. O zaman rektor Rahib Hüseynov məni çağırdı, müsibət kişi idi, dedi get gəz.
Mən də getdim hardasa bir beş il gəzdim, doğrudan vecimə deyildi, mənə diplom lazım deyildi, artıq Rafiq Hüseynov idim. Bir dəfə yas məclisində görüşdük, dostumun atası rəhmətə getmişdi. Necə oldusa üzbəüz gəldik. Nə edirsən? Demisiz gəz, gəzirəm. Dedi gəl oxu. Getdim, məni birbaşa üçüncü kursa götürdülər. Beləliklə, institutu bitirdim.
– Populyarlığınız çox köməyinizə çatıb?
– Əlbəttə, müəyyən problemləri çox asanlıqla həll edirdim. Məsələn, əldən maşın alanda çox baha çıxırdı. Gedirdim, öz qiymətinə verirdilər. O zaman mebel almaq böyük problemlərdən biri idi. Gərək nazirin yanına gedəydin. Məni o saat qəbul edirdilər. Bir dəfə gülməli əhvalat oldu, Svetlana Qasımova adlı qadın ticarət naziri idi. Dublyonka, bir də norka papaq dəbə düşmüşdü. Əldən 2 min manata almaq olurdu, öz qiyməti 240 manat idi. Onu da gərək Setlana Qasımova qol çəkəydi, alaydın. Dedilər getmə qəbuluna, qəddar qadındır, sənə heç nə verməyəcək. Amma getdim, qəbul elədi, xeyir ola, dedim dublyonka istəyirəm. Dedi nə problemdir, sabah gələrsiniz. Çıxanda dedi hamı məndən papaq da istəyir axı. Dedim o daha ağ olar, Svetlana Çingizovna, kişi gəlib qadından papaq istəsin. Almadım papağı.
Baxmayaraq maaşdan əlavə qonorarım yüksək olurdu, kinostudiyadan qazanırdım, filmlər oxuyurdum, verilişlərimin sayı çox idi, əldən belə şey almağa maddi gücümüz çatmırdı.
– Bu qədər məşhurluğunuz ola-ola niyə sizə vəzifə vermədilər?
– Mən vəzifə istəmirdim ki. Gül kimi tanınmış adam idim. Bir dəfə televiziyadan gedəndə dəvət etdilər ki, sədr qoyaq. Dedim, bilirsiniz, mən hələ o səviyyəyə çatmamışam sədrlik edim, müavin kimi işləyə bilərəm. Elə də oldu, sonradan televiziyada müavin oldum.