Son materiallar
Xəbərlər yüklənir ...
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək istəyinə mənfi cavab verilib.
Müsavat piketi noyabrın 3-nə təyin edib. Bununla bağlı partiya oktyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib.
Meriyanın cavab məktubunda deyilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piketin keçirilməsi məqsədəuyğun deyil. İcra hakimiyyəti əsas kimi Nazirlər Kabinetinin 27 sentyabr 2008-ci il tarixli 234 nömrəli sərəncamını göstərib. Həmin sərəncama görə, “Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsi məhdudlaşdırılır”.
Bastainfo.com xəbər verir ki, paytaxt rəhbərliyi 200 metrlik məsafədə də piket keçirmək üçün hər hansı ünvan göstərməyib.
Məsələ oktyabrın 31-də Müsavat Divanında müzakirə olunub və Bakı Şəhər İcra Hakimiyyətinin cavabı qanunsuz sayılıb, piket üçün meriyaya yenidən müraciət göndərilib.
Müraciətdə deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti piketlə digər kütləvi etiraz aksiyalarını səhv salır: “Diqqətinizə çatdırırıq ki, Nazirlər Kabinetinin qeyd olunan qərarı “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” adlanır. Bizim 26 oktyabr tarixli müraciətimiz isə mitinq, yürüş, nümayiş keçirilməsini yox, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirilməsini nəzərdə tutur”.
Müraciətdə vurğulanır ki, ölkə qanunvericiliyinə görə, piketlər inzibati binaların 10 metrliyində keçirilə bilər. Partiya əsas kimi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun yığıncaqların, toplantıların keçirilməsinin məhddudlaşdırılmasına dair 9-cu maddəsinin V bəndini göstərir. Həmin bənddə deyilir: “Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər”.
Müraciət bu sözlərlə bitir: “Müsavat Partiyasının noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirəcəyi 50 nəfərlik piketi Nazirlər Kabinetin 234 saylı qərarına əsasən razılaşdırmaqdan imtina etməyiniz tamamilə qanunsuzdur. Nəzərinizə çatdırırıq ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında saat 16-dan 16:30-dək piket keçirməklə bağlı 26 oktyabr tarixli müraciətini qüvvədə sayır və sizi piketin keçirilməsi ilə bağlı üzərinizə düşən vəzifəni qanuna müvafiq şəkildə icra etməyə çağırır”.
Müsavatın piket keçirməkdə məqsədi Bakı Şəhər İcra Hakimiyyətinin bu partiyaya oktyabr 21-də yürüş keçirməyə razılıq verməməsinə etiraz bildirməkdir.
Müsavat Partiyası oktyabrın 21-də “Azadlıq prospekti” stansiyasının çıxışından “Dərnəgül” stansiyasının qarşısındakı meydanadək və ya 20 saylı məktəbin yaxınlığındakı meydandan Hüseyn Cavid bağındakı meydanadək olan marşrutların birində yürüş keçirmək istəyirdi. Aksiyanın “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Xalqdan oğurlanan milyardlar geri qaytarılsın!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!” və digər şüarlarla keçirilməsi nəzərdə tutulurdu. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti yürüşə razılıq verməyib və Müsavata oktyabrın 21-də Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirməyi təklif edib.
İcra hakimiyyəti yürüşə razılıq verməməsini aksiyanın nəqliyyat və piyadaların hərəkətinə mane olacağı ehtimalı ilə izah edib. Müsavat isə bunu bəhanə və yürüşlərin faktiki qadağan olunması, qanunların, konstitusiya müddəalarının pozulması kimi qiymətləndirib və etiraz əlaməti olaraq piket keçirməyi qərara alıb.