“Üç ölkə göstərdi və sübut etdi ki…”
- 30 Oktyabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
AZƏRTAC prezident İlham Əliyevin oktyabrın 30-u Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında etdiyi çıxışın mətnini yayıb. Dövlət başçısı deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir: “Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq.
Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanıb, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilib və nəhayət, bu gün biz Azərbaycanda, burada, Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir.
Ondan əvvəlki dövrdə biz böyük tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını bərabər qeyd etmişdik. Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə eyni zamanda Xəzərin şərq hissəsindən də neft nəql edilir. Yəni bizim ölkələrimiz eyni zamanda başqa ölkələr üçün də tranzit imkanları təqdim ediblər.
Bakı-Tbilisi-Ərzurum kəməri yenə də Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı əməkdaşlıq hesabına inşa edilib. O layihə də həm Azərbaycanın, həm Gürcüstanın, həm Türkiyənin enerji təhlükəsizliyini təmin edir və 10 ildir ki, uğurla fəaliyyət göstərir. Üç ölkə eyni zamanda öz elektrik xətlərini birləşdirib və bu gün bu sahədə də əməkdaşlıq uğurla inkişaf edir.
Dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihəsindən biri olan Cənub Qaz Dəhlizi də məhz Azərbaycan, Gürcüstan, Türkiyənin və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Bu layihənin icrası uğurla gedir. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizinin 4 hissəsi var. “Şahdəniz-2” layihəsi 98 faiz icra edilib. Cənubi Qafqaz kəməri Azərbaycanı Gürcüstanla birləşdirən qaz xəttidir, orada icra səviyyəsi 99 faizdir. Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən TANAP layihəsinin də icrası 84 faiz səviyyəsindədir. TAP layihəsinin icrası isə təqribən 60 faizə yaxındır. Yəni Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb. Təbii ki, əgər biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyük miqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilərdik.
Onu da qeyd etməliyəm ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr – Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir.
Bu dəmir yolu layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan böyük maraq göstərir. Həmin ölkələrdən gəlmiş nümayəndə heyətlərinin, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və bizim ölkələrimizin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək. Avropa üçün bu yolun böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışıqlar aparıb. Avropa ölkələri də bu yolun tikintisinə çox böyük maraq göstərirlər.
Onu da qeyd etməliyəm ki, Azərbaycan, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb, yəni bütün infrastruktur hazırdır. Eyni zamanda Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcək. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək.
Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir.
Bütövlükdə deyə bilərəm ki, Azərbaycan nəqliyyat sektoruna çox böyük önəm verir. Azərbaycanda bu sahəyə çox böyük sərmayə qoyulur. 2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycanda 20-yə yaxın iri yük təyyarəsi fəaliyyət göstərir. Azərbaycanın Xəzər dənizində ən böyük dəniz donanması var – 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Azərbaycanda bir neçə il bundan əvvəl böyük gəmiqayırma zavodu tikilib. Bu zavod bütün növ gəmiləri istehsal edir. Gələcəkdə Xəzərdə yükdaşımaların gözlənilən artımı ilə bağlı bu zavod daha böyük həcmlə işləyəcək. Əlbəttə ki, nəqliyyat infrastrukturumuzun önəmli hissəsi bax, bu gün burada toplaşdığımız Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Ancaq limanın birinci fazasının istismara verilməsi gələn ilin ortalarında nəzərdə tutulur. Ondan sonra ildə 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələsinin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olacaq. Yəni son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb. Bu infrastruktur həm ölkəmiz, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir.
Bir daha qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbəttə, bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olub. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk”.