Oktyabrın 30-u Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimə prezident İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, Qazaxıstanın, Gürcüstanın, Özbəkistanın baş nazirləri, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri qatılıb.
Prezident İlham Əliyev açılış mərasimində nitq söyləyib.
Mərasimdə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan çıxış ediblər.
Çıxışlardan sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurublar və yoldəyişən qurğunu işə salıblar. Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola düşüb.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə imzalanıb. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.