UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” komandası ilk xalını üçüncü turda qazandı. Oktyabrın 18-i Bakıda İspaniyanın “Atletiko” komandasını qəbul edən “Qarabağ” xalları böldü – 0:0.
“Qarabağ” əvvəlki oyunlarda İngiltərənin “Çelsi” klubuna 0:6, İtaliyanın “Roma” komandasına 1:2 hesabı ilə uduzmuşdu.
İndi C qrupunda “Çelsi” 7 xalla liderdir. “Roma” 5 xalla ikinci, “Atletiko” 2 xalla üçüncü, “Qarabağ” 1 xalla sonuncu pillədə dayanır.
Qrup mərhələsindən növbəti raunda adlamaq üçün ən azı ikinci yeri tutmaq gərəkdir. Üçüncü yeri tutan Avropa Liqasına transfer olunur.
“Qarabağ” oktyabrın 31-i Madriddə “Atletiko” ilə, noyabrın 22-si Bakıda “Çelsi” ilə, dekabrın 5-i İtaliya paytaxtında “Roma” ilə üz-üzə gələcək.
Novator.az futbol icmalçılarının “Qarabağ”ın şansları ilə bağlı fikirlərini öyrənib.
Mahir Rüstəmli:
– Əsas məqam budur ki, “Qarabağ” oyundan-oyuna artırır və turnirlər üçün vacib məqam sayılan təcrübəsizliyi get-gedə unutdurur.
Konkret son oyuna gəlincə, heç-heçəyə ağdamlılar yox, madridlilər sevinməlidir. Hər halda “Qarabağ” Çempionlar Liqasında debüt ilində ilk xalını qazanmaqla 6 oyuna 6 məğlubiyyət təhlükəsindən, artıq bəzi komandaların yaşadığı acı sindromdan da qurtuldu.
Bəs davamı necə olacaq? Şəxsən mən “Atletiko” və “Roma” ilə səfər oyunlarında xal gözləmirəm. Amma hadisələrin uğurlu axarı halında, yəni “Çelsi” Bakıya gələnə qədər qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gələrsə, hətta londonlulardan da xal almaq olar.
Belə görürəm ki, ölkədə “Qarabağ”dan gözləntilər böyükdür. Amma ağdamlıların dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında debüt etdiyini əsla unutmamalıyıq.
Rasim Mövsümzadə:
– İlk turdan sonra “Qarabağ”ın şansının heç olmadığını düşünürdüksə, çempionumuzun növbəti iki qarşılaşmada göstərdiyi oyun və mübarizə əzminə görə bir faktı xatırlamaq yerinə düşər: 2013-cü ildə “Zenit”, 2015-ci ildə isə “Roma” 6 xalla qrupdan növbəti mərhələyə çıxa bilib. Düzdür, “Qarabağ”ı səfərdə iki oyun və Bakıda qrupun indiki lideri ilə matç gözləyir, həmçinin komandamız hazırda ikinci yerdən 4 xal geri qalır. Amma yarışın ümumi fakt və rəqəmləri gələcəyə nikbin baxmağa əsas verir. Məsələn, “Qarabağ” ilk üç turda künc zərbələrinin sayına görə hətta PSJ-dən də üstündür: 8-6.
Azərbaycan çempionu 85 faizlik dəqiq ötürmə ilə “Tottenhem”, “Portu”, “Beşiktaş” kimi komandalardan, 47 faizlə topa sahib olmada isə SSKA, “Spartak”, “Tottenhem” və başqalarından irəlidədir.
Təbii ki, növbəti tur bu baxımdan həlledici olacaq. “Qarabağ” Madriddə də “Atletiko”ya məğlub olmasa, komandanın qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasında davam etdirməsi tam mümkündür.
Başqa yazılar: