Oktyabrın 19-da Maliyyə Nazirliyi 9 aylıq büdcə hesabatı açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2017-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin mədaxili 12 milyard 45,1 milyon manat, xərcləri 12 milyard 783,7 milyon manat olub, 783,6 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Mədaxil proqnoza qarşı 0,2 faiz çox icra olunub.
Vergilər Nazirliyi dövlət büdcəsinə 5 milyard 224,8 milyon manat vəsait təmin edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.
Dövlət Gömrük Komitəsindən büdcəyə 1 milyard 950,4 milyon manat vəsait gəlib. Bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz çox olduğu bildirilir.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 300 milyon manat vəsait daxil olub, bu da proqnoza nisbətən 6 faiz azdır.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 246,7 milyon manat (2016-cı ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz çox) göstərilir.
Sair daxilolmalar üzrə büdcəyə 323,2 milyon manat köçürülüb.
Hesabata əsasən, doqquz ayda dövlət büdcəsi xərclərinin 4 milyard 865,1 milyon manatı sosial xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz çoxdur.
Elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 milyon manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 1 milyard 666,1 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 64,9 milyon manat vəsait yönəldilib.