Oktyabrın 17-də bir qrup müxalifətçi Ukrayna paytaxtı Kiyevdə, Ali Radanın önündə etiraz aksiyası keçirir. Novator.az-ın məlumatına görə, aksiyada Odessa vilayətinin sabiq qubernatoru, Yeni Qüvvələr Hərəkatının lideri Mixail Saakaşvili də iştirak edib.
Aksiyada deputat toxunulmazlığının ləğvi, seçki qanunvericiliyinə dəyişiklik, antikorrupsiya məhkəməsinin yaradılması tələbləri qoyulub.
Mitinqçilər qarşısında çıxış edən Saakaşvili deyib ki, hökumət xalqın tələblərini qəbul etməsə, növbəti addımlar haqda düşünmək lazım gələcək.
Saakaşvili aksiyaçıları prezident Pyotr Poroşenkonun istefasını tələb etməyə çağırıb: “Nə qədər ki Poroşenko Ukrayna prezidenti postunu tutur, ölkədə inkişaf, korrupsiya ilə mübarizə olmayacaq, yoxsulluq, təhqir olacaq, ukraynalılar, əsasən də gənclər ölkədən köçəcək. Poroşenko durduqca Ukrayna nüfuzdan düşəcək, müharibəyə ayrılan pulların alveri gedəcək, yeni ölümlər, yeni bədbəxtliklər baş verəcək”.
Saakaşvili Gürcüstanın sabiq prezidentidir. Bir müddət əvvəl o, Ukraynadan siyasi sığınacaq istəyib.
49 yaşlı Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.
2015-ci il dekabrın 4-də Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.
2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.
2017-ci il iyulun 25-də Pyotr Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmır. O, Ukraynada hakimiyyətin dəyişikliyi üçün mexanizm yaratmaq anonsu verib, növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir.
Səidə Hüseynova