2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə 50 milyard 67,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 9 ayda iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,5 faiz artıb, neft sektorunda 6,5 faiz azalıb. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,6 faiz təşkil edib.
Əlavə dəyərin 40,2 faizi sənayedə, 10,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi tikinti, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə, 16,3 faizi isə digər sahələrdə istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,4 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5149,4 manata bərabər olub.
Hesabata əsasən, 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,8 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3 faiz, bitkiçilik məhsullarının istehsalı 2,6 faiz artıb.
Nəqliyyat sektoruna gəlincə, əvvəlki ilin 9 ayı ilə müqayisədə yük daşınmasında 1,8 faiz, sərnişin daşınmasında 2,2 faiz artım qeydə alınıb.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yanvar-sentyabr aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 6,2 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 8 faiz artaraq 36 milyard 247 milyon manata çatıb.
9 ayda dövlət büdcəsinə 12 milyard 45,1 milyon manat vəsait daxil olub, büdcədən 12 milyard 783,7 milyon manat vəsait xərclənib, büdcənin icrasında 738,6 milyon manatlıq kəsir yaranıb.
Sentyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 376,6 milyon manat təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,7 faizinə bərabər olub.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il sentyabr ayının 1-nə 6 milyard 895,5 milyon manat göstərilib.