Emin HÜSEYNZADƏ
İnternetdə azərbaycanca xəbər oxuyan hansı istifadəçidən soruşsan, yazılan mövzulardan narazılıq edəcək. Əsas məsələ də xəbərlərin və digər yazıların sanki “paralel Azərbaycanda” ərsəyə gəlməsi ilə bağlıdır. Şikayətçilər sarı xəbərlərdən yorulduqlarını deyirlər, “…müğənninin 1 yaşlı oğlu olduğu ortaya çıxdı” tipli başlıqların onları cəlb etmədiyini bildirirlər.
Bəs jurnalistlər istifadəçilərin bu səsini eşidirmi? Media mənsubları ilə keçirdiyim təlimlərdə bu sualı verirəm. Cavabları isə təxminən belə olur: “oxucular məhz bu cür xəbər istəyir”, “ciddi xəbəri oxuyan ya yoxdur, ya da çox azdır”, “Röya haqda xəbər Rəsulzadə haqda yazıdan daha çox oxucu cəlb edir” və s.
Əlbəttə, jurnalistləri dinləmək və nəticə çıxarmaq olardı, əgər onların dedikləri ciddi mənbələrə əsaslansa idi…
Məsələ bundadır ki, jurnalistlərin mənbəyi, dediklərinə görə, saytlarda materialların “oxunma sayı” kimi görünən proqram kodudur. Məsələn: Bu koda baxan jurnalist müğənnilərin bir-birini təhqir etməsi xəbərinin istifadəçidən ötrü istehlak mallarının bahalaşmasından daha vacib olduğunu görür. Özünü aparıcı KİV hesab edən bəzi xəbər saytlarında bu, doğrudan da belədir. Çünki bir toxunuşu (“klik”) on sayan, bir istifadəçi səhifədə qaldıqca onu bir neçə dəfə hesaba vuran müxtəlif pullu-pulsuz proqramlardan istifadə edənlər var. Jurnalistlər də bu “dəqiq statistikanın” qurbanı olur.
Amma necə olur ki, jurnalistlər məsələdən bixəbər qalırlar? Cavabı redaktor və jurnalistlərlə danışıb almaq olur. Azərbaycanda çoxsaylı reportyoru olan xəbər saytlarının baş redaktorları əsl statistikanı hətta öz işçilərindən də gizlədirlər. Bəzən statistikanı baş redaktordan başqa bir-iki texniki işçi bilir. Bunun nəticəsində gerçəklikdən məlumatı olmayan jurnalist özünü, həmkarlarını və oxucularını lazımi məlumatlarla “doydura” bilmir. Yazının məsuliyyəti jurnalistin üzərində olduğu halda ona həqiqi statistikanın verilməməsi qəribə haldır.
Ənənəvi mediada gündəlik xəbərlərin vacibliyi, mövzu seçimi və planlama baş redaktorun hazırladığı siyahı üzrə, jurnalistlərlə müzakirə əsasında və gündəm xəbərlərinin təsiri ilə müəyyən olunurdu. Zaman və texnologiya dəyişdi. Ancaq Azərbaycan mediası bu dəyişiklikləri qismən mənimsədi. Məkan dəyişdirən jurnalistlər planlamanı tələb olunanla deyil, qəzetçilikdən gələn ənənə ilə davam etdirirlər. Halbuki oxucuların xəbəri kompüterdən, son 3 ildə isə daha çox mobil telefondan oxuması xəbərlərin ortaya çıxması prosesinə daha bir fiqurun daxil olduğunu müəyyən edib. Əslində ən vacib olan da odur – İSTİFADƏÇİ.
Məhz onun maraqlarını təmin edəndə, istədiyi xəbərləri hazırlayanda, görüntüləri göstərəndə o, səhifədə qalır, sayta bağlanır və daimi oxucuya çevrilir. Amma media nə edir? İstifadəçinin tələblərini yalançı botlarla, baş redaktorun “seçmələri” və jurnalistlərin özünüsenzuradan keçirdikdən sonra müəyyən etdiyi gündəm mövzuları ilə əvəz edir.
Ölkədə demək olar ki, bütün saytlar geniş auditoriyadan gizlədilən və yalnız “müqəddəs redaktorların” görə biləcəyi Google Analytics-ə qoşulub. Bu alət gün ərzində ən çox oxunan yazıları nəinki oxucu sayına görə müəyyən edir, həmçinin istifadəçilərin sayta hansı ölkədən və nə qədər müddətə gəldiyini, sonra hansı xəbərə keçdiyini göstərir. Hətta hər saniyədə neçə adamın hansı xəbərləri oxuduğunu canlı görmək mümkündür. Nümunəvi media sahibi öz işçilərinə bu alətə giriş verməli və nəticələri onlarla müzakirə etməyi bacarmalıdır.
Yalnız bu halda əslində ciddi xəbərlərin, qiymət artımı, siyasi proseslər, şəhərin ekologiyası, uşaq hüquqları haqda yazıların “kriminal yaradıcılıqdan” daha oxunaqlı olduğu görünəcək. Belə olduqda ölkə mediası “həftəbecərə” bənzəməkdənsə ixtisaslaşacaq və öz üslubunu müəyyən edəcək.
Sarı xəbər yazmaq istəyənlər də olacaq, bu da normal qarşılanmalıdır. Dünyanın bütün ölkələrində belə xəbərləri oxumaq istəyənlər var. Amma onlar da xəbərləri axtarmaq istəmirlər, gözləyirlər ki, xəbərlər özləri onları tapsın və bunu bir sayt vasitəsilə etmək daha asandır. Beləliklə, xəbərin daha bir yaradıcısı – istifadəçi özünün maraqlarının mediada işıqlandırıldığını görəcək. Media isə istifadəçinin qarşısında doğrudan da “əlahəzrət məzmunla” dursa, burada tələb və təklifin mütənasibliyi yarana bilər. Bu həm oxucu baxımından, həm də dürüstlük baxımından media üçün qazanc sayıla bilər. Hələliksə belə saytlar çox azdır, istifadəçinin görməyəcəyi qədər az.