Prezident KİV-də dil problemlərini həll etməyi tapşırıb
- 06 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetXəbər
Prezident İlham Əliyev dövlət dilinin KİV-də istifadəsi sahəsində problemlərin müzakirə edilib çıxış yolları axtarılması və problemlərin həlli istiqamətində təkliflərin hazırlanması barədə tapşırıq verib. Bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov oktyabrın 6-da “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransda deyib. O qeyd edib ki, sözügedən konfrans məhz prezidentin tapşırığına əsasən təşkil olunub.
Konfransda dövlət və hökumət rəsmiləri, dilçi alimlər, deputatlar, KİV rəhbərləri iştirak ediblər.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov konfransdakı çıxışında xatırladıb ki, 1995-ci ildə qəbul edilən konstitusiyada Azərbaycan dili milli dövlətçiliyin əsas institutlarından biri olaraq təsbit edilib. 2001-ci ilin iyununda prezident Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Həmin il avqustun 1-dən ölkədə latın qrafikalı Azərbaycan əlifbasına keçilib. Avqustun 9-da dövlət başçısının imzaladığı digər fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qüvvəyə minib.
Əli Həsənov onu da xatırladıb ki, 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində prezident İlham Əliyev dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd edib, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib.
Əli Həsənov müasir dövrdə qloballaşma prosesinin dövlət dilinin istifadə sahəsindən də yan keçmədiyini, maneəsiz informasiya mübadiləsi imkanlarının artmasının dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyduğunu vurğulayıb: “Bu hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalayıb. Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad sözlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər halda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və digər məsələlər sərəncamda xüsusi qeyd olunur.
Təəssüf ki, hələ 2012-ci ildə imzalanmış prezident sərəncamında sadalanan nöqsanlar bu gün də aradan tam qaldırılmayıb. Ona görə də cənab prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü konfransın keçirilməsi barədə tapşırıq verib”.
İctimai fikrə təsir imkanları baxımından televiziya və radionun digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayandığını qeyd edən prezidentin köməkçisi deyib ki, televiziya və radio hər evə, ailəyə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib: “Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik”.
Konfrans iştirakçılarını media məkanında dövlət dilindən istifadənin vəziyyəti barədə müzakirələr aparmağa, mövcud problemlərə dair açıq fikir bildirməyə çağıran Əli Həsənov ümid etdiyini vurğulayıb ki, bu müzakirələr yol verilmiş nöqsanların səbəblərinin aydınlaşdırılmasına və aradan qaldırılmasına kömək edəcək.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov çıxışında bildirib ki, şura yarandığı ilk gündən ana dilimizin qorunmasını xüsusilə diqqət mərkəzində saxlayıb: “Şura 2003-cü ildə teleradio məkanında yayımlanan veriliş və proqramların monitorinqini apardı. Monitorinq nəticəsində həmin vaxt televiziya verilişlərinin yarısının Azərbaycan dilində aparıldığı müəyyən edildiyindən şura bu sahədə daha ciddi tədbirlər görməyə başladı. Həmin il Azərbaycan ərazisində teleradio yayımı sahəsində “Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı xüsusi qaydalar” qəbul edildi. 2008-ci ilin yanvarında Milli Televiziya və Radio Şurası tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən bütün teleradio yayımçılarının proqramlarının bəzi verilişləri istisna olmaqla, əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramlarının (30 dəqiqədən çox olmamaq şərti ilə), intellektual verilişlərin və bəzi xüsusi buraxılışların Azərbaycan dilində yayımlanmasının təmin olunması barədə qərar qəbul edildi”.
Nuşirəvan Məhərrəmov qeyd edib ki, Azərbaycan dilinin ədəbi normalarının qorunmasını diqqət mərkəzində saxlayan Milli Televiziya və Radio Şurası 2011-ci ildən dilçi alimlərin iştirakı ilə teleradio kanallarında yayımlanan proqramların monitorinqinin aparılmasına başlayıb: “KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə Elektron Mediaya Yardım Fondunun “Azərbaycan media məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində həyata keçirilən bu monitorinqlərin nəticələri olduqca narahatedici məqamları üzə çıxarıb. Bundan sonra bu monitorinqlərin hər il mütəmadi qaydada keçirilməsinə başlanıb. Əsas narahatlıq doğuran məsələ adi məişət dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsi idi. Özəl televiziya məkanında ədəbi dil normalarının pozulması hallarına daha çox rast gəlinir.
Narahatlıq doğuran digər məsələlərdən biri də Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsidir. Elmi-texniki tərəqqi nəticəsində yeni terminlərin ədəbi dilimizə daxil olması təbii proses olsa da, cəmiyyətimizdə məişət dilində yayılan əcnəbi sözlərin ədəbi dilə gətirilməsi halları müşahidə edilir”.
Qloballaşma dövründə böyük güclərin ədəbiyyat, elm, dil, təhsil sistemi vasitəsilə “yumşaq güc” amilindən istifadə etməyə çalışdıqlarını vurğulayan Milli Televiziya və Radio Şurasının sədri bu məsələyə də xüsusi diqqət yetirilməsinin önəmini qeyd edib. Bildirib ki, digər narahatedici məqamlardan biri də televiziya və radio məkanında aparıcıların vurğu məsələsinə diqqətsiz yanaşmalarıdır. Monitorinqin nəticələrinə görə, daha çox fonetik normalar pozulur. Bu məsələdə xəbər və informasiya proqramlarının aparıcılarının və diktorlarının üzərinə daha böyük məsuliyyət düşür. Bəzi aparıcılar və ya müxbirlər yeni dəblə ayaqlaşmaq üçün sürətli danışığa üstünlük verirlər ki, bu da ədəbi dilin pozulması halları ilə nəticələnir.
Televiziya və radio məkanında dil normalarının pozulması hallarına reklam mətnlərində də rast gəlindiyini vurğulayan Nuşirəvan Məhərrəmov deyib ki, bu, tamaşaçı və dinləyicidə yanlış fikir formalaşdırır: “Bəzən tamaşaçı və dinləyici efirdə gördüyünü və eşitdiyini bir norma, ədəbi fakt kimi qəbul edir. Efirdə dil norma və qaydalarının yanlışlığı tamaşaçı və ya dinləyici auditoriyasına da sirayət edir. Ona görə də dillə bağlı televiziya və radioların üzərinə düşən vacib məsələlərdən biri də ondan ibarətdir ki, reklamların dil özəlliklərinə, reklam dilindən irəli gələn qüsurlara xüsusi diqqət yetirilməli, bu cür reklamların efirə getməsinə yol verilməməlidir”.
Nuşirəvan Məhərrəmov qeyd edib ki, Azərbaycan ərazisində təsis edilən və fəaliyyət göstərən bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, gündəlik həyatımızda dil normalarının, yalnız linqvistik qaydaların yox, “Dövlət dili haqqında” qanunun müxtəlif maddələrinin pozulması halları ilə tez-tez üzləşirik: “Mətbuatda dillə bağlı yol verilən pozuntu halları diqqəti daha tez cəlb edir. Çünki media özü mahiyyətcə, eyni zamanda, dil hadisəsidir və burada dilin daha yüksək peşəkarlıqla işlədilməsi tələb olunur. Buna görə də Azərbaycan Mətbuat Şurası fəaliyyətə başladığı ilk gündən mediada ana dilimizin qorunması məsələsini diqqət mərkəzində saxlayıb”.
Mətbuat Şurasının nəzdində daimi fəaliyyət göstərən monitorinq qrupunun qəzet və jurnallarda yol verilən dil pozuntularını qeydə almaq və təhlil etməklə məşğul olduğunu diqqətə çatdıran Əflatun Amaşov deyib ki, bu hallar müzakirə olunaraq ümumiləşdirilir və ictimaiyyətin diqqətinə çatdırılır: “Son illər elektron media da bu sıraya qoşulub. Layihə çərçivəsində aparılan monitorinqlərdə şuranın “KİV-lərdə ədəbi dil qaydalarının pozulmasının müəyyənləşdirilməsinə dair təlimat”ına uyğun olaraq dil pozuntularının qeydə alınması üçün materiallar beş istiqamət üzrə – leksik, morfoloji, sintaktik, üslubi və texnoloji (qəzetçilik texnologiyası) baxımından təhlil olunur”.
Ənənəvi mediada dil pozuntularının elektron mediadan xeyli az olduğunu vurğulayan Mətbuat Şurasının sədri qeyd edib ki, hazırkı dövrdə ictimai rəyin formalaşmasında və zəruri informasiyaların cəmiyyətə çatdırılmasında elektron medianın rolunun üstün olduğu nəzərə alınaraq, dil normalarının qorunmasına daha çox diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir: “İnformasiyanın çatdırılma texnologiyalarındakı prinsipial fərqlərə baxmayaraq, yazılı mətbuat kimi elektron media da mahiyyətcə dil hadisəsidir. Digər tərəfdən, qəzetlər və jurnallar öz materiallarını hazırlayarkən elektron informasiya vasitələrinin yayımladığı informasiyalardan geniş istifadə edirlər və təcrübə göstərir ki, istinad vasitələrində yol verilmiş dil pozuntuları islah olunmadan mətbuat səhifələrinə çıxarılır və beləcə, səhvlər təkrarlanır”.
Əflatun Amaşov diqqətə çatdırıb ki, monitorinqin nəticələri mediamızda ədəbi dilin bütün sahələrinə aid çoxlu miqdarda pozuntu hallarının olduğunu göstərir: “Son onilliklərdə cəmiyyətimizdə baş verən ciddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bununla belə, öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq.
Təhlillərimiz göstərir ki, müasir dünyanın reallıqlarına uyğun olaraq, dilimizə təzə keçən alınma sözlərin çoxu ingilis mənşəlidir. Bu baxımdan bir sıra sözlərin yazılmasında problemlər müşahidə olunur. Leksik pozuntular dildə tez-tez baş verən, eyni zamanda nisbətən asanlıqla aradan qaldırıla bilən hadisədir. Dilin varlığı üçün daha ciddi təhlükə törədən və düzəldilməsi çox çətin olan fəsadlar isə qrammatik, ilk növbədə morfoloji pozuntularla bağlıdır. Bunlar dilin daxili sisteminə çətinliklə, tədricən nüfuz edir, ancaq dilə onun mahiyyətini sarsıdan zədələr vura bilir. Bu da təsadüfi deyil, çünki dilin mahiyyətini onun leksik tərkibi deyil, qrammatik sistemi müəyyən edir”.
Mətbuatdakı dil qüsurlarının əsas səbəblərindən birinin də jurnalistlərin müraciət elədikləri mövzunu, bəhs etdikləri predmeti yaxşı bilməmələri ilə bağlı olduğunu bildirən Mətbuat Şurasının sədri deyib: “Ümumən predmeti bilməmək çağdaş jurnalistikamızda daha çox yayılıb. Bu baxımdan, medianın ixtisaslaşmasına da ciddi ehtiyac duyulmaqdadır. Dil qüsurlarının aradan qaldırılması üçün media təmsilçilərinin peşə hazırlığının yüksəldilməsi, təhsildə təkmilləşdirmə, ictimai şüurda dilin qorunması, qanunçuluğun gücləndirilməsi vacib məsələlərdir”.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov deyib ki, dilin normaları ilk növbədə bədii üsluba uyğun olmalıdır: “Bu gün müasir Azərbaycan dilinin normalarını, onun inkişaf səviyyəsini, üslubi imkanlarını publisistika müəyyənləşdirir. Bu gün Azərbaycan ədəbi dili nə yazı, nə də elmi dilin hesabına inkişaf edir”.
Azərbaycanda daha çox publisistik üslub səhvlərinin müşahidə edildiyini diqqətə çatdıran akademik bunların arasında fonetik səhvlərin daha çox olduğunu vurğulayıb: “Azərbaycanda şifahi ədəbi dilin normaları olduqca dəqiqdir”.
Azərbaycanda savadlılıq səviyyəsinin yüksək olduğunu bildirən alim ölkəmizdə şifahi dilin ədəbi dilə güclü təsir etdiyini vurğulayıb. Yol verilən nöqsanların əsasən sözlərin düzgün yazılışı ilə bağlı olduğunu deyən Nizami Cəfərov bildirib ki, yazılı mətbuatın səviyyəsi kifayət qədər yüksəkdir. Mətbuat kütləvi hadisə olduğundan işçilərin hamısının peşəkarlığı çox çətin məsələdir. Alim bu baxımdan AZƏRTAC-ın informasiyalarında yüksək peşəkarlığın müşahidə olunduğunu xüsusi vurğulayıb.
Azərbaycanda ədəbi dilin qorunmasına ciddi ictimai nəzarətin olduğunu deyən Nizami Cəfərov teleradio məkanında ədəbi dil normalarının əsasən aparıcılar və diktorlar tərəfindən pozulduğunu qeyd edib. O, bunun əsas səbəbi kimi bəzi teleradio proqramlarının aparıcılarının əsasən incəsənət xadimləri olmasını göstərib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov Azərbaycan dilinin kifayət qədər zəngin olduğunu vurğulayaraq bildirib ki, ədəbi dilin pozulmasının əsas səbəblərindən biri də aidiyyəti qurumların bu işə ciddi yanaşmamasıdır. Teleradio məkanında aparıcıların tez-tez dialektlərdən istifadə etdiklərini də bildirən Muxtar İmanov bunun yolverilməz olduğunu qeyd edib. Dövlət başçısının ədəbi dilimizdə yersiz ifadələrin işlədilməsinin qarşısının alınması məsələsini qaldırdığını diqqətə çatdıran alim kütləvi informasiya vasitələrində ciddi dil qüsurlarına yol verildiyini deyərək bu halların qarşısının alınmasının vacibliyini bildirib. Muxtar İmanov vurğulayıb ki, belə halların aradan qaldırılması üçün redaksiyalarda istedadlı jurnalistlərin bilik və bacarıqlarından səmərəli istifadə olunmalı, onların irəli çəkilməsi təmin edilməlidir.
Dövlət başçısının fərman və sərəncamlarında küçələrdə reklam və lövhələrdə Azərbaycan ədəbi dilinin qaydalarının pozulması hallarına yol verildiyini qeyd edən Muxtar İmanov deyib ki, qanuna əsasən reklam lövhələrində yazılar əvvəlcə Azərbaycan dilində, sonra əcnəbi dildə əks olunmalıdır.
Alim ədəbi-publisistik üslubun normalarının qorunmasında jurnalistlərin fəaliyyətinə geniş yer verilməsinin önəmini diqqətə çatdırıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu bildirib ki, Azərbaycan ədəbi dilinin qorunması baxımından qarşıda duran məqsəd və vəzifələrin həlli daha çox Dilçilik İnstitutunun öhdəsinə düşür.
O qeyd edib ki, Dilçilik İnstitutunda bir neçə yeni şöbə – qədim dillər və mədəniyyətlər, sosiolinqvistika və dil siyasəti, kompüter dilçiliyi, monitorinq şöbələri yaradılıb: “İnstitutda dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması sahəsində də məqsədyönlü işlər yerinə yetirilir. İnstitutun əməkdaşları bu məqsədlə vaxtaşırı yoxlamalar aparır, monitorinqlər keçirir və ən başlıcası, sözügedən sahədəki nöqsanların aradan qaldırılması üçün maarifləndirici tədbirlər görür, aidiyyəti təşkilatlara tövsiyələr verir, onlarla müqavilələr bağlayır. Televiziya və radio kanallarında, mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarına tez-tez rast gəlmək olur. Bu sahədə pozuntuların qarşısının alınmasında ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsi məqsədilə Dilçilik İnstitutunda artıq iki ildir ki, “qaynar xətt” fəaliyyət göstərir”.
Ədəbi dilin qorunmasında doğma dili sevməyin, məsuliyyətli olmağın əhəmiyyətindən danışan alim jurnalistlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, onların ana dilini necə bilmələrinin səviyyəsinin öyrənilməsi məqsədilə müsabiqələrin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Dilçilik İnstitutunda bu istiqamətdə mühüm layihələr həyata keçirdiyini vurğulayan akademik yeni orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlandığını diqqətə çatdırıb.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla prezident İlham Əliyevin ədəbi dil məsələsinə daim xüsusi diqqət yetirdiyini, bu istiqamətdə fərman və sərəncamlar imzaladığını bildirib.
Rektor deyib ki, dilimizə başqa dillərdən sözlərin gəlməsinin qarşısını almaq lazım deyil: “Çünki hər bir dil bu prosesi özü tənzimləyir. Mətbuatda, efirdə səslənən hər bir söz həmin ifadəni səsləndirən şəxsin intellektual səviyyəsini müəyyənləşdirir. Buna görə də bu baxımdan KİV-ə, efir məkanına intellektual səviyyəsi yüksək olan şəxslər cəlb edilməlidir”.
Akademik bildirib ki, bu gün prezident İlham Əliyevin həyata keçirdiyi cəsarətli və qətiyyətli siyasət nəticəsində Azərbaycan multikulturalizmin təntənəsini yaşayır: “Multikultural cəmiyyətdə dil mühüm rol oynayır. Bu baxımdan ədəbi dilin qorunması vacib əhəmiyyət kəsb edir”.
Kamal Abdulla bu problemin həllində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təlim və seminarların təşkilinin önəmini diqqətə çatdırıb.
Məruzələrdən sonra aparılan müzakirələrdə çıxış edən Azərbaycan Dil Qurumunun sədri, şair Sabir Rüstəmxanlı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Azər Həsrət Azərbaycan dilinin qorunmasında ictimai qınağın və inzibati tədbirlərin gücləndirilməsinin vacibliyini bildiriblər.
AZƏRTAC xəbər verir ki, konfransa yekun vuran prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə faydalı fikirlərin səsləndiyini qeyd edib. O, dövlət başçısının qaldırdığı bu həssas məsələnin müzakirəsində aidiyyəti qurumların, KİV-lərin, təhsil və elm qurumlarının rəhbərlərinin, dilçi alimlərin fəal iştirakının yaxşı nəticələr verəcəyini bildirib.