Bu yaxınlarda ürəyindən əməliyyat olunmuş Pressday.az saytının baş redaktoru Azər Hüseynbala sentyabrın 27-də Novator.az-a açıqlama verib.
Azər Hüseynbala sentyabrın 19-u gecə ürəyindəki problemə görə Bakıdakı Kardiologiya Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Orada jurnalistə infarkt diaqnozu qoyulub və o, Mərkəzi Klinik Xəstəxanaya köçürülüb.
Sentyabrın 21-də Azər Hüseynbala Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunub, bundan iki gün sonra evə buraxılıb.
Sentyabrın 27-də Novator.az-a danışan Azər Hüseynbala deyib ki, vəziyyəti normaldır, həkim məsləhəti ilə müəyyən olunmuş dərmanları qəbul edir: “Sentyabrın 29-u yenidən müayinəyə gedəcəm”.
Əməliyyat xərcinin ödənməsi məsələsindən danışarkən jurnalist bu baxımdan ciddi problemlə qarşılaşmadığını bildirib.
Baş redaktor iş fəaliyyətini nə zaman bərpa edəcəyi ilə bağlı suala cavabında deyib: “Onsuz da ev şəraitində işləyirdim. Pressday.az saytının ofisi yoxdur. Ancaq indi həkimim müvəqqəti olaraq oturaq işdən uzaq durmağı, kompüter qarşısında oturmamağı məsələhət görüb”.
1962-ci ildə Şəkidə anadan olan Azər Hüseynbala Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin bir çox aparıcı qəzetində müxtəlif vəzifələrdə çalışıb, bir neçə qəzetin redaktoru olub. Pressday.az saytının baş redaktoru postunu 2016-cı ildən tutur.
Məleykə