Azərbaycan müxalifətinin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 23-ü Bakıda mitinq keçirib. Saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilən aksiyanın əsas tələbləri korrupsiyaya, insan hüquqlarının tapdanmasına son qoyulması, siyasi məhbusların azadlığa buraxılması olub.
Azadliq.org-un məlumatına görə, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimlinin apardığı aksiyada çıxış edən AXCP sədri Əli Kərimli deyib ki, mitinq ərəfəsində polis partiyanın 53 fəalını saxlayıb, onlardan bəzilərinə inzibati həbs verilib: “Bu mitinqin aparıcısı İlham Hüseyn olmalı di. Ona, mitinqdə çıxış etməli olan gənc siyasətçi Emil Səlimova 15 sutka həbs cəzası kəsilib”.
AXCP sədri hökumətin meydana çıxmış insanlardan qorxduğunu deyib: “Korrupsioner hakimiyyət sizlərdən qorxur. Mitinqlərin qarşısını almaq istəyirlər. Əvvəlcə Məmməd İbrahimi, Asif Yusiflini, Seymur Həzini, digərlərini həbs etdilər. Elə bildilər ki, etirazların qarşısını bu yolla ala biləcəklər. Mitinq komitəsinin əsas üzvlərini də həbs ediblər. Məqsəd birdir – istəyirlər mitinqlər davamlı olmasın, etiraz olmasın. Ancaq hamımızı həbs edə bilməzlər, həbsxanalar çatmaz”.
Əli Kərimli etiraz aksiyasına çıxanların millətin şərəfini qoruduğunu vurğulayıb, basqılara rəğmən xalqın hakimiyyətə əyilməyəcəyini deyib: “24 il əsarətdə saxlanmış, ən layiqli övladları repressiyalara məruz qalmış ölkədə sizlər sübut edirsiniz ki, Azərbaycan xalqının müqavimətini qırmaq mümkün deyil. Bu millət meydana ona görə toplaşıb ki, oğrulara sözü var. Bu meydanda 100-dən çox siyasi məhbusun şəkli dalğalanır. İnsanlar bura həm də ona görə toplaşıb ki, həbsdəki Gözəl Bayramlıya, Mehman Hüseynova, İlkin Rüstəmzadəyə, Fuad Əhmədliyə azadlıq tələb etsin. Ona görə bura toplaşıb ki, bir günün içində hökumətin gül bayramını qul bayramına çevirmiş Qiyas və Bayram üçün azadlıq tələb etsin. Korrupsiyaya bulaşmış hökumət Qarabağı işğaldan azad edə bilməz. Ona görə də millət “Qarabağa azadlıq” deməlidir”.
Əli Kərimli millətin hökumətdən tələbinin, gözləntilərinin böyük olmadığını deyib: “Xalq deyir ki, ay oğrular, bu millətin milyardlarını talamısız. İndi heç olmasa işləyənlərin maaşını, pensiyaları, müavinətləri artırın, iş yerləri yaradın, pullu təhsili ləğv edin, bu millət də bir qədər gün görsün. Bəsdir bu ölkənin milyardlarını taladınız”.
Aksiyada Milli Şuranın sədri Cəmil Həsənli, qurumun üzvləri Gültəkin Hacıbəyli, Rövşən Əhmədli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli də çıxış ediblər.