Azərbaycanda birpalatalı parlament fəaliyyət göstərir. 125 nəfərlik parlament majoritar üsulla (dairələr üzrə) seçilir.
Novator.az keçmiş SSRİ məkanının başqa ölkələrinin parlamentlərinin necə formalaşmasına da nəzər yetirib.
Estoniyada 101 deputatdan ibarət birpalatalı parlament proporsional sistemlə (partiya siyahıları üzrə) seçilir.
Latviyada 100 deputatdan ibarət birpalatalı parlament proporsional sistemlə formalaşır.
Litvada 141 yerlik birpalatalı parlamentin 70 deputatı proporsional, 71-i majoritar sistemlə seçilir.
Moldovada birpalatalı, 101 deputatlıq parlament proporsional üsulla formalaşır.
Ukraynada birpalatalı parlament 450 deputatdan ibarətdir. 225 deputat majoritar, 225 deputat proporsional üsulla seçilir.
Belarusda ikipalatalı parlamentin aşağı palatasının 110 üzvü var, majoritar sistemlə formalaşır. Yuxarı palata 64 nəfərdən ibarətdir. 56 nəfəri yerli məclislər seçir, 8 nəfəri prezident təyin edir.
Rusiyada ikipalatalı parlamentin aşağı palatası 450 nəfərlikdir. 225 deputat majoritar, 225 deputat proporsional üsulla seçilir. Yuxarı palata 170 nəfərdən ibarətdir, bölgələrdən təyin olunur.
Gürcüstanda 150 yerlik birpalatalı parlamentin 77 deputatı proporsional, 73 deputatı majoritar üsulla seçilir.
Ermənistanda azı 105 nəfərdən ibarət birpalatalı parlament ölkə və bölgələr üzrə partiya siyahıları olmaqla proporsional üsulla formalaşır.
Qazaxıstan parlamentinin aşağı palatası 107 deputatdan ibarətdir. 98 deputat proporsional üsulla seçilir, 9 deputatı Qazaxıstan Xalqları Assambleyası müəyyənləşdirir. Yuxarı palata 47 nəfərdən ibarətdir. 32 nəfər yerli orqanlardan seçilir, 15 nəfəri prezident təyin edir.
Özbəkistanda ikipalatalı parlamentin qanunverici palatası 150 deputatdan ibarətdir. 135 deputat majoritar üsulla seçilir, 15 deputatı Ekoloji Hərəkat müəyyənləşdirir. Yuxarı palata 100 nəfərdən ibarətdir, seçki və təyinat üsulları ilə formalaşır.
Qırğızıstanda 120 yerlik birpalatalı parlament proporsional üsulla seçilir.
Türkmənistanda 125 deputatdan ibarət birpalatalı parlament majoritar sistemlə formalaşır.
Tacikistanda ikipalatalı parlament var. Aşağı palata 63 nəfərlikdir. 22 nəfər proporsional, 41 nəfər majoritar üsulla seçilir. Yuxarı palatanın 33 üzvündən 25-i yerlərdə seçilir, 8 üzvünü ölkə prezidenti təyin edir.
Səidə Hüseynova