İfadə azadlığının hüquqi məhdudiyyətləri və məsuliyyətlər
Ələsgər MƏMMƏDLİ
1. Jurnalistlər peşəkar fəaliyyətlərində nəyə diqqət etməlidir?
Jurnalistlər ictimai əhəmiyyət daşıyan hadisələri və şəxsləri hər zaman izləyir, habelə cəmiyyət üçün əhəmiyyətli gördükləri informasiyaları ictimaiyyətlə paylaşırlar.
Bu prosesdə bəzən jurnalistlər istəməsələr də müxtəlif pozuntulara yol verir, qanunla qorunan mənafelərin sərhədini poza bilirlər. Belə pozuntular çox vaxt mübahisələrə səbəb olur. Hüququnun pozulduğunu iddia edən tərəf jurnalistin onun hüququnu qanunsuz olaraq pozduğunu iddia edir. Jurnalist isə hər zaman ictimai mənafenin tələblərinə sadiq qaldığını, ictimai əhəmiyyətli hadisələri və şəxsləri işıqlandırdığını, beləliklə də qanunla qorunan sərhədləri keçmədiyini söyləyir.
Bu hüquqların sərhəddi harada başlayır, jurnalistlər nə qədər bu sərhədləri gərə bilər, bu sərhədlərin toxunulmazlığı harada başlayır və hansı şərtlərdə bu dəyişə bilər? Jurnalistləri ciddi şəkildə düşündürən belə çoxsaylı suallara cavab tapmaq bəzən uzun illərini bu fəaliyyətə verən və geniş təcrübəsi olan jurnalistlər üçün də asan olmur.
Odur ki, bu məqalədə məqsəd jurnalistlərin informasiyaları əldə etmək, yaymaq, ifadə etmək hüququnun hansı hallarda məhdudlaşdırıldığı və bu məhdudiyyətlərin necə tətbiq edildiyini qismən göstərməyə çalışmaqdır.
Əlbətdə, bir çox məqam var ki, onu çıplaqlığı ilə ortaya qoymaq üçün irihəcmli kitablar yazmaq gərəkdir. Lakin bizim məqsədimiz bu istiqamətdə ümumi bilgiləri toplamaq və onları sadə bir şəkildə jurnalistlərlə paylaşmaqdır.
2. Beynəlxalq sənədlərdə ifadə azadlığının tanınması və onun məhdudiyyətlərinin əsasları
Azərbaycanın üzvü olduğu Avropa Şurasının təməl sənədlərindən biri olan və 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilən “Avropa İnsan Haqları Konvensiyası”nın 10-cu maddəsində göstərilib ki: “Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur”.
10-cu maddənin 2-ci hissəsi isə bu hüququn məhdudlaşdırılacağı halları və hansı əsaslarla məhdudlaşdırıla biləcəyini göstərir.
Bu azadlıqların həyata keçirilməsi:
- milli təhlükəsizlik;
- ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə;
- iğtişaşın və ya cinayətin qarşısını almaq üçün;
- sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün;
- digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün;
- gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün;
- ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün;
– qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
Konvensiyada ifadə azadlığının məhdudlaşdırılması üçün sayılan bu əsasların aşağıdakı şərtlərə də uyğun olması zəruridir:
1. Mülki və siyasi hüquqlara gətirilən məhdudiyyətlər qanunlarda olmalı və dəqiq ifadə edilməlidir;
2. Məhdudiyyət Avropa İnsan Haqları Konvensiyasında göstərilən hüquqların birinə hökmən əsaslanmalıdır;
3. Məhdudiyyət “demokratik cəmiyyətdə zərurilik” testindən keçirilməlidir;
4. Hüquqların tətbiqində heç bir halda ayrı–seçkiliyə yol verilməməlidir.
Azərbaycan Respublikasının ratifikasiya etdiyi sənədlərdən biri də BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Paktıdır. Bu Paktın 19-cu maddəsi hər kəsin ifadə azadlığı və informasiya əldə etmək hüququnu təminat altına alıb:
1. Hər bir insan şəxsi fikri olmaq hüququna malikdir.
2. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var. Bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığı daxildir.
Həmin maddənin 3-cü bəndində isə məhdudiyyətləri doğuran əsaslar və şərtlər sadalanmışdır:
3. Bu maddənin 2-ci bəndində göstərilən hüquqlardan istifadə olunması xüsusi vəzifələr qoyur və məsuliyyət tələb edir. Belə ki, bu, bir sıra məhdudiyyətlərlə bağlı ola bilər. Lakin onlar qanunla müəyyənləşməli və aşağıdakıların təmin edilməsi üçün zəruri olmalıdır:
- a) başqalarının hüquqlarına və adına hörmət edilməsi üçün;
- b) dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlıq, yaxud mənəviyyatının qorunması üçün;
BMT-nin “Mülki və Siyasi Hüquqlar Haqqında Paktı”nda müəyyən edilən haqların məhdudulaşdırılmasının əsasları və şərtlərini belə sıralıya bilərik:
- Mülki və siyasi haqlara gətirilən məhdudiyyətlər hökmən qanunlarla olmalı və dəqiq göstərilməlidir;
- başqalarının hüquqlarına və adına hörmət edilməsi məqsədi ilə olmalıdır (şəxsin özəl həyatına müdaxilə önlənməlidir);
- dövlət təhlükəsizliyinin qorunması məqsədi daşımalıdır;
- ictimai asayişin mənafelərini qorumalıdır;
- əhalinin sağlamlığının qorunmasını hədəf seçməlidir;
- mənəviyyatın qorunması üçün nəzərdə tutulmalıdır.
3. Azərbaycanın milli qanunvericilik sistemindəki sərhədlər
Azərbaycan Respublikası Konstitusiyasında ifadə azadlığı və məlumat azadlığı ayrı- ayrı qoruma altına alınıb. 47-ci maddədə “Hər kəsin fikir və söz azadlığı”nın olduğu vurğulanır və “Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz” – deyilir.
50-ci maddədə isə “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı” olduğu qeyd edilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasının qadağan olduğu, kütləvi informasiyanın azadlığına təminat verildiyi bildirilir.
Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları olsa da Konstitusiyanın 24-cü maddəsinə əsasən, “Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir”.
Azadlıqlar və hüquqlarla paralel olaraq, elə həmin maddələrdə müəyyən məhdudiyyətlərin də olduğu göstərilir.
İfadə azadlığının məhdudiyyəti 47-ci maddədə aşağıdakı kimi sıralanır:
- irqi ədavət və düşmənçilik oyadan;
- milli ədavət və düşmənçilik oyadan;
- dini ədavət və düşmənçilik oyadan;
- sosial ədavət və düşmənçilik oyadan
təşviqata və təbliğata yol verilmir.
Məlumat azadlığına tətbiq edilən məhdudiyyətlər isə Konstitusiyanın 50-ci maddəsində birbaşa göstərilməmiş, sadəcə “hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququnun” təminat altında olduğu bildirilmişdir. Qeyd edilməlidir ki, bu müddəa 2009-cu il avqust referendumundan sonra 50-ci maddəyə daxil edilmişdir.
Konstitusiyanın öz mətnində birbaşa göstərilməsə də, Milli Məclis tərəfindən qəbul edilən və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına uyğunlaşdırmaq məqsədi daşıyan Konstitusiya Qanunu ifadə azadlığının və məlumat azadlığının məhdudlaşdırılmasına əsas təşkil edən digər halları saymışdır. Bunlar aşağıdakılardır:
- dövlət təhlükəsizliyi mənafeləri;
- sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması;
- cinayətin qarşısının alınması;
- iğtişaşların qarşısının alınması;
- ictimai təhlükəsizliyin qorunması;
- dövlətin ərazi bütövlüyünün mənafelərinin təmin edilməsi;
- digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi;
- məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması;
- məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi.
Konstitusiya Qanununda gəstərilən əsaslardan biri olan “digər şəxslərin nüfuzu və hüquqlarının qorunması” məqsədi, əslində, Konstitusiyanın özündə bir neçə maddə ilə ifadə edilmişdir.
Konstutisuyanın 32-ci maddəsi şəxsin “şəxsi toxunulmazlıq hüququ”nu təminat altına alıb. Konstitusiyanın 46-cı maddəsində təsbit edilən şərəf və ləyaqətin müdafiəsi hüququ da konstitusion hüquqlardandır. Bu hüquqlar ifadə azadlığı, məlumat azadlığı və media azadlığının məhdudlaşdırılmasının qırmızı xətlərini təşkil edir.
Jurnalistlər bilməlidir ki, “hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”.
Konstitusiyada insan hüquq və azadlıqları bir bütün olaraq ələ alınmışdır. İfadə azadlığı, məlumat azadlığı və media azadlığını birbaşa tənzimləyən müddəalardan əlavə, bu hüquqların insan hüquq və azadlıqları çərçivəsində də yeri nəzərə alınıb. Bu hüquqların təminatı, habelə məhdudlaşdırılmasına əsas olan faktorlar 71-ci maddədə bir daha vurğulanmışdır. Maddəyə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Əsasən sərhədsiz hüquq və azadlıq olmur. Bu nəzərə alınmış və 71-ci maddədə göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır”. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Jurnalistlər bilməlidir ki, onların digər hüquq və azadlıqları ilə yanaşı İfadə azadlığının və məlumat azadlığının da həyata keçirilməsi müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən Azərbaycan Respublikasının beynəlxalq öhdəliləri nəzərə almaqla qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Lakin bu hüquqların həyata keçirilməsinə qoyulacaq məhdudiyyətlərdə əhaliyə qabaqcadan məlumat verilməlidir.
Hüquq və azadlıqların Konstitusiyada müəyyən edilmiş əsaslarla məhdudlaşdırılması faktorlarının yanında, qanunlarda müəyyən edilmiş əsasları da vardır. Bu əsaslar əslində mənbəyini Konstitusiyanın və Konstitusiya Qanununun özündə göstərilən mənafelərdən alır. Belə qanunlardan biri, “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanunudur. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyini göstərən KİV haqqında qanunun 10-cu maddəsində deyilir ki:
“… vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, …çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir”.
Bu Qanunun 60-cı maddəsində kütləvi informasiya azadlığından sui-istifadəyə görə yaranan məsuliyyət öz əksini tapıb. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar:
- açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda;
- baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materialların KİV haqqında Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etmədikdə;
- KİV haqqında Qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda;
- vətəndaşların şəxsi həyatına qəsd etdikdə;
- pornoqrafik materialları dərc etdikdə və ya verdikdə.
“İnformasiya əldə etmək haqqında” Qanunda da müəyyən sərhədlər göstərilib. Qanuna əsasən açıq informasiyaların yanında, alınması məhdudlaşdırılan informasiyalar (konfidensial və gizli informasiyalar) var. Bu informasiyaların alınması məhdudlaşdırılır.
- Dövlət sirri;
- Kommersiya sirləri;
- İstintaq sirri;
- Peşə sirləri (həkim, vəkil, notarius sirləri);
- Xidməti istifadə üçün nəzərdə tutulan informasiyalar;
- Şəxsi həyat sirləri;
- Fərdi məlumatlar.
Dövlət sirri “Dövlət sirri haqqında” Qanunla, kommersiya sirri “Kommersiya fəaliyyəti haqqında” Qanunla, istintaq sirri müvafiq olaraq əlaqəli qanunlarla, peşə sirləri bu fəaliyyətləri əhatə edən sahə qanunları ilə tənzimlənir.
4. Jurnalistlərin mülki məsuliyyəti
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə kütləvi informasiya vasitəsinin redaksiyası, məsul redakoru və jurnalistlər, müəlliflər aşağıdakı hallarda mülki məsuliyyət daşıyırlar və bu, Mülki Məcəllənin 23-cü maddəsi ilə tənzimlənir:
- Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
- Faktik məlumatlar natamam dərc edildikdə, eyni qaydada şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa tətbiq edilir.
- Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
- Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, yaxud da şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
- Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.
- Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin, həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
- Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.
- Mülki Məcəllənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
5. Jurnalistlərin inzibati məsuliyyəti
İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinə əsasən, kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Bunlar aşağıdakılardır:
- açıqlanması qanunla qadağan edilən məlumatları açmaq;
- mətbu nəşrdə çap olunan materialların qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına nəzarət etməmək;
- qanunvericiliklə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymaq;
- istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etmək və yaymaq, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərmək.
İnzibati məsuliyyətin miqdarına gəldikdə, fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
6. Jurnalistlərin cinayət məsuliyyəti
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtana görə məsuliyyət müəyyən edilmişdir. Belə ki, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağı nəzərdə tutur. Buna görə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Şəxsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma isə ağırlaşdırıcı hal olaraq görülür və iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqirə görə də məsuliyyət nəzərdə tutulub. Belə ki, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
2016-cı ilin noyabr ayında Cinayət Məcəlləsi sərtləşdirilərək yeni maddə əlavə edilib. Bu maddə “148-1. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə” adlanır. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət əməli hesab edilir. Min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddənin qeyd hissəsində bildirilir ki, “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Bu maddənin tətbiqi 147 və 148-ci maddələrdə nəzərdə tutulan hüququ pozulan şəxs tərəfindən xüsusi ittiham qaydasında iddia qaldırmaq tələbi yoxdur və birbaşa prokurorluq tərəfindən cinayət işi başladıla bilər.
Cinayət məsuliyyəti yaradan bir digər hal, Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma halıdır. Cinayət Məcəlləsinin 323-cü maddəsinə əsasən bu halda beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddəyə 2016-cı il noyabr ayında 323.1-1 saylı yeni bənd əlavə edildi. Həmin bənddə göstərilir ki, bu Məcəllənin 323.1-ci maddəsində nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İfadə azadlığının məhdudlaşdırılmasının əsas səbəblərindən biri olan milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, habelə, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə də Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən cinayət məsuliyyəti yaranır. Buna yol verən şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, mütəşəkkil dəstə tərəfindən törədildikdə bu məsuliyyətin miqdarı artır və üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Müəllifin başqa yazısı: KİV: qanunların mənbəyi və daxili qanunvericilik