Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar Alyansı kiçik sahibkarlarla işə ehtiyacı olan qızların söhbətini təşkil edib. “Həyata təzə atılan qızların işlə təmin olunması” mövzulu görüşdə sahibkarlar Nigar Köçərli, Marina Səfərova, Şahbaz Xuduoğlu biznesə necə başlamalarından danışıblar, sualları cavablandırıblar. Dialoqun məqsədi gənc qızlara örnək göstərmək, ümidsizliyə qapılmadan öz gələcəklərini qurmalarına dəstək vermək olub.
Alyans sədri professor Niyazi Mehdi görüşdə ABŞ-ın qurucu atalarından Franklinin gənclərə sözünü xatırladıb: “Siz 10 dolları boşuna xərcləyəndə təkcə onu yox, həm də 10 dolların gətirəcəyi 20, 50, 100 dolları xərcləyirsiniz. Franklinin sözünü siz qızların həyatına tətbiq edib deyə bilərik ki, bir günü boş keçirəndə həm də bir gündə, iki gündə, on gündə qazanacağınız pulları havaya sovurursunuz. Sizə qazanc gətirən peşəni, sənəti öyrənin ki, vaxtınız boş keçməsin və gələcəyinizi qurasınız”.