Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenə diqqət mərkəzindədir. Sentyabrın 10-da o, bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədində sərhədçilərin və polis əməkdaşlarının qurduğu sipəri yararaq Lvov şəhərinə keçib.
Ukraynada buna görə cinayət işi qaldırılıb. Olay dövlət sərhədini qanunsuz keçmə ittihamı üzrə araşdırılır.
Mixail Saakaşvili Ukraynanın müxtəlif şəhərlərinə səfər etmək niyyətindədir. O, əhalinin problemlərini öyrənib bu məlumatlarla paytaxt Kiyevə yollanmaq, ölkədə hakimiyyət dəyişikliyi üçün mexanizm yaratmaq anonsu verib.
Yeni Qüvvələr Hərəkatı adlı müxalif partiya yaradan Mixail Saakaşvili Ukraynada növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir.
Novator.az saytı Mixail Saakaşvili haqda qısa arayış hazırlayıb.
Mixail Saakaşvili 1967-ci il dekabrın 21-də Gürcüstanın paytaxtı Tbilisidə anadan olub. Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib (1992). 1989-1990-cı illərdə Sərhəd Qoşunlarında xidmət edib.
1992-ci ildən Gürcüstanda hüquqşünaslığa başlayıb, sonrakı illərdə Fransanın Strasburq şəhərindəki Beynəlxalq İnsan Hüquqları İnstitutunda, ABŞ-ın Kolumbiya və Corc Vaşinqton universitetlərində təhsil alıb. Osloda Norveç İnsan Hüquqları İnstitutunda, Nyu-Yorkda hüquq firmasında çalışıb.
1995-ci ildə Mixail Saakaşvili Gürcüstana qayıdıb, iki dəfə parlamentin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri təyin olunub.
2001-ci ildə prezident Eduard Şevardnadzeni korrupsiyada günahlandıraraq nazir vəzifəsindən istefa verib. 2002-ci ildən Tbilisi meri postunu tutub.
2003-cü ildə Eduard Şevardnadze hakimiyyətinə qarşı xalq hərəkatına başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın dövlət başçısı postunu tutub.
2013-cü ildə Mixail Saakaşvili ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb və sabiq prezident beynəlxalq axtarışa verilib. Saakaşvili 2007-ci ilin noyabr ayında müxalifətin mitinqinin dağıdılması zamanı səlahiyyət həddini aşmaqda, müxtəlif illərdə büdcə vəsaitini mənimsəməkdə təqsirli bilinir.
Mixail Saakaşvilinin yaratdığı müxalif Vahid Milli Hərəkat Partiyası Gürcüstan parlamentində təmsil olunur.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, 30 may 2015-ci ildən Odessa vilayətinin qubernatoru olub.
Həmin il dekabrın 4-də Gürcüstan prezidenti Georgi Margvelaşvili Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi haqda sərəncam imzalayıb. Buna əsas kimi Mixail Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.
2016-cı il noyabrın 7-də Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.
2017-ci il iyulun 25-də Pyotr Poroşenko Mixail Saakaşvilini vətəndaşlıqdan məhrum edib. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib. Qeyd olunub ki, Mixail Saakaşvili Ukrayna vətəndaşlığını alarkən sənədlərdə istintaq altında olmadığını qeyd edib, halbuki həmin dövrdə Gürcüstanda sabiq prezidentin həbsinə qərar verilibmiş.
Hazırda Mixail Saakaşvilinin vətəndaşlığı yoxdur. O, Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmır.
Mixail Saakaşvilinin həyat yoldaşı Niderland vətəndaşıdır – Sandra Rulofs. Onların Eduard (1995) və Nikoloz (2005) adlı oğlanları var.
Mixail Saakaşvili ingilis, fransız, ispan, rus, Ukrayna dillərini bilir.
Səidə Hüseynova