Qazaxıstan parlamentinə 25 hərfdən ibarət latın qrafikası əsasında yeni əlifba təqdim olunub. Novator.az-ın məlumatına görə, Dilçilik İnstitutunun direktoru Erden Kajıbek sentyabrın 11-də belə açıqlama verib.
Qazaxıstan hazırda 42 hərflik kiril əlifbasından istifadə edir. Bu ilin aprelində prezident Nursultan Nazarbayev 2017-ci ilin sonunadək latın qrafikası əsasında əlifba hazırlanmasını təklif edib. O bildirib ki, latın qrafikasına keçidi müasir texnologiya, mühit və kommunikasiya, həmçinin 21-ci əsrin təhsil və elmindəki proseslərin özəllikləri diktə edir: “Uşaqlarımız məktəb yaşlarından ingilis dili keçir və latın hərflərini öyrənir. Ona görə də gənc nəsil üçün heç bir çətinlik və maneə yaranmamalıdır. 2017-cı ilin sonunadək əlifbanın yeni qrafik standartını qəbul etmək lazımdır”.
Erden Kajıbek jurnalistlərə bugünkü açıqlamasında yeni əlifbanın müasir texnologiyalar baxımından çox əlverişli olduğunu qeyd edib. O bildirib ki, əlifba qazax və əcnəbi ziyalıların iştirakı ilə hazırlanıb. İnstitut direktoru işçi qrupun təklif etdiyi yeni əlifbanın ictimai müzakirələrdən keçəcəyini vurğulayıb.
Səidə Hüseynova