Sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci sammiti işə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edib.
Sammit Qazaxıstan prezidenti Nursultan Nazarbayevin irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub. Tədbirə İƏT-ə üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti qatılıb.
Açılış sessiyasında çıxış edən Nursultan Nazarbayev son zamanlar islam ümmətinin çətin sınaqlarla üzləşdiyini, müsəlman ölkələrində ekstremist və terrorçu təşkilatların yayıldığını qeyd edərək bildirib ki, bundan daha çox islam ölkələri əziyyət çəkir, eyni zamanda, bu, Qərb ölkələrində islamofobiya meyllərinin, müsəlmanlara qarşı zorakılığın artmasına səbəb olur. Myanmada müsəlmanlara qarşı yaşanan kütləvi zorakılıq hallarının islam ölkələrində dərin narahatlıq doğurduğunu ifadə edən Qazaxıstan prezidenti bu problemin dialoq yolu ilə BMT-nin əsas prinsipləri əsasında həll edilməsinin vacibliyinə diqqət çəkib.
Nursultan Nazarbayev islam ölkələrində elmin və texnologiyanın inkişaf etdirilməsi üçün beynəlxalq platformanın yaradılmasının və bu sahədə Qərb ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib və bu baxımdan belə sammitlərin əhəmiyyətini vurğulayıb, sammitin islam dünyasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Sonra Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, Pakistan prezidenti Məmnun Hüseyn və digər dövlət başçıları çıxış ediblər.
Astana sammiti İƏT ölkələri arasında elm, texnologiya, innovasiya və modernləşmə sahələrində əməkdaşlığı inkişaf etdirmək, islam dünyasının potensialını genişləndirmək məqsədi daşıyır.
Sammitdə zəngin təbii resurslara malik müsəlman ölkələrində yoxsulluq, aclıq, işsizlik problemlərinə, eləcə də elm, təhsil, texnologiya sahələrində inkişaf məsələlərinə dair müzakirələr aparılacaq. Müsəlman ölkələrində gənclərin üzləşdikləri problemlər, onların elm və təhsil sahələrinə daha geniş cəlb edilməsi, habelə zorakı ekstremizm, terrorizmlə mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev həmin gün İran prezidenti Həsən Ruhani və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviçlə görüşüb.
Sentyabrın 9-da isə İlham Əliyev Astanada keçirilən “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub. Sərgiyə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat qatılıb. Ümumi sahəsi 174 hektar olan sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş etdirilir.