Azərbaycanın milli futbol komandası dünya çempionatının final raunduna keçmək şansını itirib. Seçmə mərhələdə Avropanın C qrupunda yarışan milli komanda sentyabrın 4-ü Bakıda San Marinonu 5:1 hesabı ilə udsa da, digər iki oyunun nəticələrinə görə ələnib. Almaniya Norveçi udaraq (6:0) liderliyini möhkəmləndirib, Çexiyanı yenən (2:0) Şimali İrlandiya isə qrupda ən azı ikinci yeri təmin edib.
Novator.az bildirir ki, sona 2 tur qalmış Almaniyanın 24, Şimali İrlandiyanın 19 xalı var. Digər komandalar onlara çatmaq imkanında deyil.
2018-ci ildə Rusiyada keçiriləcək final mərhələsinə qrup qalibi birbaşa vəsiqə alır, ikinci yeri tutan komanda isə bunun üçün əlavə oyunlar şansı qazanır.
Oktyabrın 5-də Şimali İrlandiya Almaniyanı qəbul edəcək. Liderlərin son görüşləri isə oktyabrın 8-nə təyin olunub. Həmin gün Almaniya öz meydanında Azərbaycanla, Şimali İrlandiya səfərdə Norveçlə üz-üzə gələcək.
İndiyəcən dünya çempionatına Cənubi Amerikadan Braziliya, Asiyadan İran və Yaponiya, Şimali və Mərkəzi Amerikadan Meksika, Avropadan Belçika vəsiqə alıb.