Avqustun 31-də Yasamal Rayon Məhkəməsi “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbs qərarından öncə tutulmasının qanunsuz sayılması barədə müraciətə baxıb.
Vəkilinin müraciətində bildirilib ki, Mehman Əliyev heç bir əsas olmadan özbaşına tutulub və saxlanma ciddi prosessual pozuntularla keçib. Qeyd olunub ki, avqustun 24-də Mehman Əliyev “Turan”a qarşı cinayət işi çərçivəsində şahid qismində Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. Mehman Əliyev vəkili ilə departamentə gedib. Departamentdə jurnalistə statusunun şahiddən şübhəli şəxsə dəyişdirildiyini bildirib vəkilin dindirmədə iştirakına icazə verməyiblər.
Avqustun 31-də məhkəmə bu müraciətə baxıb, amma onu təmin etməyib.
Novator.az xatırladır ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın 2010-2017-ci illərə aid maliyyə fəaliyyəti üzrə cinayət təhqiqatı aparır. Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həmin departamentə dəvət olunaraq şübhəli şəxs qismində tutulub və bir gecə Yasamal Rayon Polis İdarəsində saxlanıb.
Yasamal Rayon Məhkəməsi avqustun 25-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı əsasında jurnalisti 3 aylıq həbs edib. Bakı İstintaq Təcridxanasında saxlanan Mehman Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Mehman Əliyev 1957-ci il oktyabrında 26-da Bakının Buzovna kəndində anadan olub. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin (indiki AZƏRTAC) müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.
“Turan” üçün prezidentə və birinci vitse-prezidentə müraciət edildi
Mehman Əliyevin işi iki maddə üzrə aparılır
“Turan” agentliyi fəaliyyətini dayandıracağını bəyan etdi
Mətbuat Şurası Mehman Əliyevlə bağlı prezidentə müraciət etdi
Mehman Əliyev: həbs, ittihamlar, bioqrafiya
Vergilər Nazirliyi “Turan”da aparılan yoxlama ilə bağlı məlumat yaydı
Mehman Əliyevə Azadlıq Komitəsinin ilkin tərkibi
Mehman Əliyevin zaminə buraxılması üçün daha bir müraciət ünvanlanıb
Mehman Əliyevlə bağlı qərar dəyişmədi