Avqustun 31-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının işindən şikayətə baxılıb. Novator.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb.
Şikayət Əfqan Muxtarlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması xahişini rədd edən Nəsimi Rayon Məhkəməsinin qərarından verilmişdi.
Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirini mayın 31-də Səbail Rayon Məhkəməsi seçib. Avqustun 17-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun təqdimatı əsasında həbs müddətini daha 2 ay uzadıb.
Vəkil Elçin Sadıqov avqustun 30-da Bakı İstintaq Təcridxanasında jurnalistlə görüşəndən sonra məlumat yayıb ki, Əfqan Muxtarlının səhhətindəki problemlər ağırlaşıb: “Deyir ki, ürəyindəki ağrılarla bağlı heç bir müayinə aparılmır. Halbuki müayinə aparılması üçün dəfələrlə müraciət etmişik. Səhhəti get-gedə pisləşir. Şəkəri, qan təzyiqi ilə bağlı problemləri kəskinləşir”.
Avqustun 31-də jurnalistin digər vəkili Zibeydə Zəkəriyyəyeva da bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində problemlər var və bu səbəbdən Əfqan Muxtarlı özü də ev dustaqlığına buraxılmasını vacib sayır.
Vəkilin sözlərinə görə, apellyasiya baxışı zamanı Əfqan Muxtarlı hakim Mirpaşa Hüseynova deyib ki, onun ölkədən getmək niyyəti yoxdur, işin ədalətlə araşdırılmasında maraqlıdır və günahkarların cəzalandırılmasını istəyir.
Əfqan Muxtarlı, müdafiəçilərinin dediyinə görə, mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları isə bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlını Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. Jurnalist 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.