Mehman Əliyevin zaminə buraxılması üçün daha bir müraciət ünvanlanıb
- 30 Avqust 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Bir qrup hüquq müdafiəçisi “Turan” informasiya agentliyinin həbsdə olan direktoru Mehman Əliyevin zaminə buraxılması üçün prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Zəlihə Tahirova və Eldar Zeynalov imzalayıb.
Bu, Mehman Əliyevin zaminə buraxılması üçün dövlət başçısına ünvanlanmış ikinci müraciətdir. Qabaqkı müraciəti jurnalistlər Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və İbrahim Nəbioğlu imzalayıblar.
Mehman Əliyev avqustun 24-də tutulub. Avqustun 25-də Yasamal Rayon Məhkəməsi onu 3 aylıq həbs edib. Qərar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı əsasında çıxarılıb. “Turan”ın direktoru qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Novator.az-ın məlumatına görə, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Zəlihə Tahirova və Eldar Zeynalovun prezidentə müraciətində Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçilməsi “tələsik verilmiş qərar” kimi qiymətləndirilir.
Müraciətdə xatırladılır ki, bu ilin fevralında dövlət başçısı penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Hüquq müdafiəçiləri vurğulayırlar ki, onlar bu sərəncamın əsas götürüləcəyinə, istintaq müddətində Mehman Əliyevin həbs olunmayacağına ümid ediblər: “Lakin Melman Əliyevə qarşı istintaqın davam etdirilməsi üçün materialların kifayət qədər olmadığı şəraitdə belə o, tələsik həbs edildi və bu, Azərbaycana qarşı tənqidlərin artmasına səbəb oldu”.
Hüquq müdafiəçiləri hesab edirlər ki, Mehman Əliyevin həbsi jurnalistlərin mənzil və sosial şəraitinin yaxşılaşdırılması üçün prezident İlham Əliyevin atdığı addımlara beynəlxalq təşkilatlarda kölgə salınmasına əsas verir.
Müraciət bu sözlərlə bitir: “Biz, hüquq müdafiəçiləri olaraq Mehman Əliyevin istintaqının davam etdiyi və ona qarşı ittihamların araşdırıldığı müddətdə zaminə buraxılmasına dəstək olmanızı Sizdən rica edirik. Ümid edirik ki, qısa zamanda Siz öz humanistliyinizi göstərərək onun zaminə buraxılmasında bizim xahişimizi nəzərə alacaqsınız”.
Mehman Əliyevin həbsindən bir neçə gün qabaq – avqustun 21-də hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva və Əvəz Həsənov prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək ölkə rəhbərliyinin Vergilər Nazirliyinin “Turan” agentliyində apardığı yoxlama prosesini nəzarətə götürməsini xahiş etmişdilər.
Mehman Əliyev 1957-ci il oktyabrında 26-da Bakının Buzovna kəndində anadan olub. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin (indiki AZƏRTAC) müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.