Dörd jurnalist prezident İlham Əliyevə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılması xahişi ilə müraciət göndərib.
Mehman Əliyev avqustun 24-də tutulub. Avqustun 25-də Yasamal Rayon Məhkəməsi onu 3 aylıq həbs edib. Qərar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı əsasında çıxarılıb. Mehman Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Azadliq.org-un məlumatına görə, jurnalistlər Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və İbrahim Nəbioğlu prezidentə müraciətdə məhkəməyədək azadlığa buraxılması üçün Mehman Əliyevə zamin durduqlarını ifadə edirlər.
Müraciətdə Mehman Əliyevin Azərbaycan mediasının özünüidarəçilik mexanizminin formalaşmasında böyük xidmətlərinin olduğu vurğulanır: “’Mehman Əliyev 26 il ölkənin ilk müstəqil informasiya agentliyinə rəhbərlik edib. Ondan əvvəl də yalnız mediamızda yüksək peşəkarlıq nümunələri sayılan KİV-lərdə çalışıb.
Digər tərəfdən vergi orqanlarının “Turan” agentliyinə qarşı irəli sürülmüş ittihamlar üzrə istintaq hərəkətlərinin Mehman Əliyev azadlıqda qalmaqla aparılmasına heç nə mane olmur. Agentliyin direktoru istintaqa təsir göstərməyə cəhd etməyib və həmkarımızı uzun müddət tanıyan şəxslər kimi əminik ki, etməyəcək. Bunun təsdiqi üçün biz Mehman Əliyevə zamin durmağa hazırıq.
Mehman Əliyevə irəli sürülən ittihamlar iqtisadi xarakterlidir. Ancaq bu həbs ictimai rəydə jurnalistin peşə fəaliyyətinə görə təqib olunduğu görüntüsü yaradır. Mehman Əliyevin həqiqətən hakimiyyətin fəaliyyəti ilə bağlı ardıcıl tənqidi çıxışları olub. Lakin həmin çıxışlar etik qaydalar və qarşı tərəfə hörmətli münasibət çərçivəsini aşmayıb”.
Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və İbrahim Nəbioğlu qeyd edirlər ki, Azərbaycanın ən yaxın tarixində media və jurnalistlərlə bağlı böhranlı anlarda dövlət başçılarının işə qarışaraq gərginliyi aradan qaldırması halları az olmayıb: “Çox ümid edirik ki, cəmiyyətdə bu ənənənin davamı kimi qiymətləndiriləcək addım atacaqsınız”.
Müraciətdə dövlət başçısından istintaq dövründə Mehman Əliyevin azadlığa buraxılmasına göstəriş verməsi xahiş edilir.
Mehman Əliyev 1957-ci il oktyabrında 26-da Bakının Buzovna kəndində anadan olub. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin (indiki AZƏRTAC) müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.
Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində Mehman Əliyevin həbs qərarından şikayətə baxılacaq. Vəkil Fariz Namazlı avqustun 29-da Bakı İstintaq Təcridxanasında Mehman Əliyevlə bu haqda müzakirə aparıb. Azadliq.org-a danışan vəkil deyib ki, Mehman Əliyevin saxlanma şəraitindən narazılığı yoxdur: “Əhval-ruhiyyəsi yaxşıdır, mübarizdir. Dostlara salam göndərdi”.
Başqa bir vəkil Fuad Ağayev isə bəyan edib ki, Mehman Əliyevin həbs qərarından öncə tutulmasının qanunsuz sayılması üçün Yasamal Rayon Məhkəməsinə müraciət olunub. Bu müraciətə avqustun 31-də baxılacaq.
“Turan” üçün prezidentə və birinci vitse-prezidentə müraciət edildi
Mehman Əliyevin işi iki maddə üzrə aparılır
“Turan” agentliyi fəaliyyətini dayandıracağını bəyan etdi
Mətbuat Şurası Mehman Əliyevlə bağlı prezidentə müraciət etdi
Mehman Əliyev: həbs, ittihamlar, bioqrafiya
Vergilər Nazirliyi “Turan”da aparılan yoxlama ilə bağlı məlumat yaydı